“Bu gün azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir”.
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Böyük Qayıdışın başlanması - Ağalı kəndinə ilk sakinlərin köçürülməsi ilə bağlı məsələni dəyərləndirərkən deyib.
Deputat bildirib ki, 30 ilə yaxın gözlədiyimiz an gəlib çatdı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə start verilib: “Otuz ilə yaxın müddət ərzində doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərimizin həsrtəi başa çatır. Artıq işğaldan azad olunan ərazilərə Böyük Qayıdış Zəngilan rayonunun Ağalı kəndinə ailələrin köçürülməsi ilə başladı. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Ağalıda məskunlaşacaq sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.”
Sadiq Qurbanov qeyd edib ki, artıq start verilən Böyük Qayıdış prosesi dövlətimizin başçısının birbaşa nəzarəti altında həyata keçirilir: “Böyük Qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı və firavan yaşaması üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə işlər görülür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün artıq biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə isə həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar. Həmçinin kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlər müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Bundan sonra vakansiyaların tələblərinə uyğun namizədlərin işlə təminatı həyata keçiriləcək.”
Sadiq Qurbanov vurğulayıb ki, tarixi Zəfərdən sonra Böyük Qayıdışa start verilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlayıb. Dövlət başçısı İlham Əliyevin birbaşa nəzarəti ilə azad edilmiş torpaqlarda həyata keçirilən geniş bərpa-yenidənqurma işləri nəticəsində doğma yurd-yuvasına köçəcəyi günü səbirsizliklə gözləyən digər soydaşlarımızın da bu sevinci yaşayacağı gün uzaqda deyil.