Tarixi Zəfərimizdən ötən müddətdə Azərbaycan bütün sahələrdə olduğu kimi diplomatiya cəbhəsində də böyük uğurlar qazanır
Azərbaycan regionda mehriban qonşuluq siyasəti yürüdür, dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli əməkdaşlıq edir, beynəlxalq təşkilatlar çərçivəsində fəallığını durmadan artırır. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində indi ölkəmiz dünyanın çox etibarlı və əvəzedilməz tərəfdaşına çevrilib. Dövlət başçısı bu ilin 6 ayının yekunlarına dair keçirdiyi müşavirədə xüsusilə vurğulayıb ki, xarici siyasətimiz çox fəal olub və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb.
Müşavirədə diqqət göstərilən əsas məsələlərdən biri Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizlə bağlı idi. Qoşulmama Hərəkatı çərçivəsində aparılan işlər bu il Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir. 1961-ci ildə yaradılmış və öz sıralarında 120 dövləti birləşdirən bu təşkilatda Bakının sədrlik müddəti bu yaxınlarda təşkilata üzv dövlətlərin yekdil qərarı ilə 2023-cü ilə qədər uzadılıb. Bu fakt dünya birliyində hər hansı hərbi bloklara qoşulmağı arzu etməyən ölkələr arasında Azərbaycan dövlətinin nüfuzuna dəlalət edir. Azərbaycanın sədrlik müddətinin uzadılması üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında ölkəmizə göstərilən etimadın sübutudur. Bu fakt bizə göstərilən etimadla yanaşı, dövlətimizin üzərinə bu qurumun taleyinə görə müəyyən məsuliyyət qoyur. Dövlətimizin başçısı müşavirədəki nitqində qeyd etdi ki, 2022-ci ildə bizim atdığımız önəmli addımlardan biri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və bu şəbəkənin Bakıda keçirilmiş toplantısı idi. Həmin tədbir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Dövlət başçımız xatırlatdı ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Platforması da yaradılır. Bakıda həmin qurumun Gənclər Forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır.
Ölkəmizin ənənəvi dostluq və tərəfdaşlıq etdiyi ünvanlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Ölkəmiz bu qurum çərçivəsində hər zaman fəallıq göstərmişdir və Azərbaycanın təşəbbüsü ilə həm təşkilat çərçivəsində, həm də üzv ölkələr arasında təmaslar genişlənir. Bu il dövlət başçımızın Türkiyə Prezidenti ilə üç görüşü olub. Prezident müşavirədə xatırlatdı ki, bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir: “Eyni zamanda, iyun ayında mənim Özbəkistana və Türkmənistana səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir”.
Eləcə də, qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, bu il Prezident İlham Əliyevin Rusiya, İran, Gürcüstan prezidentləri ilə keçirdiyi görüşlər regional əməkdaşlığın perspektivinin daha da aydın olacağına zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətimizin nəticəsidir ki, biz həm Şərqlə – İslam dünyası ilə, həm də Qərblə – bütün dini konfessiyaların təmsilçiləri ilə sıx və bərabərhüquqlu əməkdaşlıq edirik. Məsələn, bu il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığımız daha fəal müstəviyə qaldırılmışdır. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqının rəhbərliyi, xüsusən də Avropa İttifaqı Şurasının Prezidenti arasında görüşlər və telefon danışıqları baş tutub. Ümumiyyətlə, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu təqdirəlayiqdir. Avropa İttifaqının bu mövqeyi səbəbsiz deyil. Azərbaycanın bu təşkilatla münasibətlərində məqsədyönlü, praqmatik davranışlarının, strateji önəminin, regionun gələcəyi ilə bağlı aydın hədəflərinin qarşılığıdır. Eyni zamanda, Azərbaycanın tutduğu müstəqil mövqeyə, yürütdüyü siyasətə, regionda həqiqətən sülhün, davamlı inkişafın təmin olunması ilə bağlı səmimi istəklərinə verilən dəyərin ifadəsidir. Qeyd edək ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu da əməkdaşlığın gələcəyi üçün yol xəritəsidir. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək həm Avropanın, həm regionun, həm də Azərbaycanın maraqlarına xidmət edərək geniş perspektivlər vəd edir. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Aİ dövlətimizin başçısının regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Azərbaycanın dünyanın supergüc dövlətlərindən biri olan ABŞ-la münasibətləri də uğurla inkişaf edir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, 2022-ci ildə bu istiqamətdə də önəmli addımlar atılmış, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir: “Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir – həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb.”
Artıq 30 illiyi qeyd olunan ABŞ- Azərbaycan diplomatik əlaqələrinin hər iki dövlətin milli maraqlarına uyğun yüksələn xətlə inkişafının nəticəsidir ki, rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi tanıyır.
Yeri gəlmişkən, biz 2020-ci ilin payızına qədər xarici siyasətimizin əsas istiqamətinin düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu deyirdiksə, 44 günlük müharibədən sonra bizim üçün ən mühüm məsələ Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Çünki biz həmin məsələni tam təmin etməsək, Cənubi Qafqaza dayanıqlı sülh gətirilməsi mümkün olmayacaq. Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Amma bütün bunlara baxmayaraq bu prosesdə müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, təkliflərimizin qəbul edilməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur.
Beləliklə, inamla demək olar ki, cari ilin birinci yarımilində xarici siyasətdə böyük uğurlar qazanılıb. Bir sözlə, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır.
Yaqut Ağaşahqızı, “İki sahil”