19 iyul 2022 23:22
852

Dövlət maraqları hər şeydən üstün olmalıdır

Prezident  İlham Əliyevin  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən  səsləndirdiyi tənqidi fikirlər bu qurumda zaman-zaman ayrı-ayrı lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdıqları təxribatlara, qəbul olunmuş qeyri-obyektiv sənədlərə münasibətdir

“Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir.” Dövlət baçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı edir ki,  ən başlıca vəzifə müstəqilliyi, milli maraqları, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir.

Prezident İlham Əliyev daim Azərbaycanın ədalətə və  beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edərək  ən yüksək tribunalardan ölkəmizin siyasətində müstəqil olduğunu, heç bir qüvvənin siyasi iradəmizə təsir etmək imkanında olmadığını bəyan edir. Bunun nə dərəcədə real olduğunu sübut etmək üçün çox da uzaq olmayan tarixi, 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi vaxtları yada salmaq kifayətdir. Müharibənin dayandırılması ilə bağlı ölkəmizə  nə qədər təzyiqlər göstərildi. Həmçinin həmin dövrdə ölkə Prezidentinin 30-a yaxın xarici mətbuata müsahibələrində jurnalistlərin qərəzli, reallıqdan uzaq suallarını necə təmkinlə, milli maraqlarımızın müdafiəsi fonunda cavablandırdığını yada salmaq kifayətdir. 

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərindən bəhs edərkən bu fikir xüsusi qeyd edilir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə beynəlxaq hüquq çərçivəsində, qarşılıqlı maraqlara və hörmətə əsaslanan siyasət həyata keçirilir. 28 il həllini gözləyən və 44 günlük Vətən müharibəsində tarixin arxivinə göndərilən Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar da dövlət maraqlarımızın hər şeydən üstün tutulduğunu nümayiş etdirir. Ermənipərəst mövqeli beynəlxalq qurumların hesabatlarında da Azərbaycanın uğurlarını həzm edə bilməməyin hansı qərəzə, iftiraya yol açdığı özünü təsdiqləyir. Bu kimi faktları xeyli sayda sadalaya bilərik.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni bir mərhələ başlayıb. Azərbaycanla Avropa təsisatları arasında münasibətlər beynəlxalq hüquqa, ədalətə əsaslansa da reallıqları həzm edə bilməmək bəzi təşkilatların yanaşmalarında özünü qabarıq şəkildə büruzə verir. Qeyd etdiyimiz kimi, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində belə yanaşmaların şahidinə çevrildi.

Tarixi Zəfərimiz Azərbaycanın müstəqil siyasətinin uğurlarına bir daha işıq saldı.  Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yüksək səviyyəli münasibətlər və əməkdaşlıq vardır. Bu, Prezident Ilham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişellə münasibətləri, qarşılıqlı səfərlər və yüksək səviyyəli dialoqda, sıx əməkdaşlığın real nəticələrində özünü aydın göstərir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri, imzalanmış Memorandum  da ikitərəfli əlaqəlırin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Milli maraqlarımızın keşiyində duran dövlət başçısı İlham Əliyevin  iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən  səsləndirdiyi tənqidi fikirlər bu qurumda zaman-zaman ayrı-ayrı lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdıqları təxribatlara, qəbul olunmuş qeyri- obyektiv sənədlərə münasibətdir. “Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə, hətta bir az təəccübləndim” söyləyən dövlət başçısı bildirdi ki, ola bilsin, səbəb sizə məlumdur. Əməkdaşlığın inkişafı ilə bağlı geniş şəkildə müzakirə etdiyimiz görüş yadımdadır: “Lakin, əfsuslar olsun ki, bu, baş tutmadı. Səbəb bizimlə yox, Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir.”

Azərbaycan tolerant,  multikultural dəyərlərin inkişafına böyük töhfələr  verən ölkədir.  Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və tolerantlıq  şəraitində yaşayır. Ölkəmizdə məscidlərlə yanaşı, sinaqoqlar, həm katolik, həm də pravoslav kilsələri fəaliyyət göstərir. Onların bərpası, yenidən qurulması görülən işlər sırasındadır. Dövlət başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu məsələyə xüsusi diqqət göstərirlər.  Heydər Əliyev Fondunun Azərbaycanda mədəni və dini irsin bərpasında rolu inkaredilməzdir. Belə ki, Fond tərəfindən bu istiqamətdə görülən işlərin miqyası genişdir. İşğaldan azad edilmiş ərazilərimizdə də dini və tarixi abidələrin bərpasında və yenidən qurulmasında Fond xüsusi fəallığı ilə diqqət çəkir. Hər zaman  diqqəti ermənilərin dini abidələrimizi, məscidlərimizi  dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirir. Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq dağıdılmış məsiddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar.

Dövlət başçısı İlham Əliyev qeyd edilən qəbulda da bu məqamlara xüsusi diqqət yönəltdi: “Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər.”

Ermənilərin  əsl simaları 44 günlük Vətən müharibəsi dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandırmaq niyyətində idilər?  Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər müharibə qurtaran kimi dərhal erməni xalqının abidələrinin qorunması ilə bağlı fikirlər səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayırlar. Hansısa dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərinin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da bunu bilir. Dövlət başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanladı. Ötən il  dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ənənəsi bərpa edilən  və dünyaya səs salan «Xarıbülbül» musiqi festivalının birinci gününün müxtəlif xalqların nümayəndələrinin yaradıcılığına həsr olunması da təsadüfi deyildi. Bu da Azərbaycanın tolerant ölkə olmasını təsdiqləyən addımlar sırasındadır. Cənab İlham Əliyev Azərbaycan mədəniyyətini 28 ildən sonra Şuşaya gətirən «Xarıbülbül» festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışını belə əsaslandırmışdır: «Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.» Şuşadan, qədim torpağımızdan bütün dünyaya mesaj ünvanlandı: Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

Azərbaycan hər zaman bəzi dairələrin  uğurlarımızı həzm edə bilməmərindən yaranan qərəzli yanaşmalarını faktlara əsaslanan təbliğatı, tarixi həqiqətləri ilə cavablandırır. Ölkəmiz daim ikili standartlara əsaslanan siyasətlə üz-üzə qalıb. Lakin bu yanaşma heç zaman ruh düşkunlüyü yaratmayıb, əksinə Azərbaycan daha da güclənərək, qüdrətlənərək, informasiya cəbhəsində üstünlüyü ilə   yalanları, qərəzi alt-üst edir, dünyaya əsl həqiqətləri çatdırır. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu məqamlara işıq saldı.

“Biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik” söyləməklə ölkəmizə qarşı əsassız kampaniyaların heç bir təsir imkanına malik olmadığını təsdiqləyən dövlət başçısı bildirdi ki, əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən  adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var.

Belə qərəzli təbliğatların nəyə hesablandığı məlumdur. Amma Azərbaycanın faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin qarşısında belə yanaşmaların əsassızlığı daha qabarıq şəkildə özünü büruzə verir. Qəbul edilən bu səpkili qətnamələr də Azərbaycan üçün sadəcə bir kağız parçasıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində saralmasına yol açan əksər dünya gücləri rəşadətli ordumuzun Azərbaycan dövlətinin qətiyyəti sayəsində 44 gündə yazdığı şərəfli tarixdən nəyə qadir olduğumuzu dərk etdilər.  Baxmayaraq ki, Avropa   Parlamenti belə məqsədli, qərəzli hesabatları ilə özünə qarşı bir etimadsızlıq mühitinin yaranmasına yol açır, Azərbaycan Avropa Parlamenti ilə də sağlam və qarşılıqlı faydalı əsasda münasibətləri inkişaf etdirməyə hazırdır. Dövlət başçısı İlham Əliyev qeyd edilən görüşdə bu çağırışı etdi ki, amma bu qurum Aİ-Azərbaycan əlaqələrinin inkişafı yolunda problem olmamalıdır, ilk növbədə ümumavropa maraqlarından çıxış etməli, Aİ-nin portnyorları ilə konstruktiv münasibətlər formalaşdırmalı və inkişaf etdirməlidir.

Yeganə Əliyeva, “İki sahil”