20 iyul 2022 15:36
673

Qarabağ və Şərqi Zəngəzur bütün dünyada nümunəvi bölgə olacaq

“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”. Bu sözləri ölkə başçısı cari ilin altı ayı­nın yekunlarına həsr olunan müşavirədə söylədi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda Vətən müharibəsindən ötən müddətdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Ölkə başçısı tez-tez işğaldan azad olunan ərazilərə səfər edir, müvafiq tapşırıqlar verir. Eyni zamanda, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları reallaşdırılır. Birinci "ağıllı kənd" layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdı və  artıq ilk sakinlərin köçürülmə prosesi aparılır. Bu gün Azərbaycan Prezidentinin həmin torpaqlarda olması, orada infrastruktur layihələri həyata keçirməsi, oradan xalqımıza və bütün dünyaya səslənməsi əlbəttə ki, bütün dünyaya mesajdır. Heç bir şübhəsiz, Qarabağ və Şərqi Zəngəzuru qısa zaman ərzində dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir. Ölkə başçısı müşavirədə bununla bağlı dedi: “Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq ol­mamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

Dövlət başçısı, həmçinin, müşavirədə Azərbaycan-Ermənistan arasında postmünaqişə dövrünün vəziyyətinə toxunaraq iki ölkə əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığına baxmayaraq, real nəticə əldə edilmədiyini, işğalçı dövlətin hələ də məcburən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğuladı. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşması­nın əsas komponentini ölkəmizin irəli sürdüyü 5 maddədən ibarət təklif təşkil edir. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyünün şərtləndirilməsidir. Ümumiyyətlə, sülh razılaşmasının əsas komponentində iki dövlət arasın­da münasibətlərin normallaşması üçün ölkələrin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması məsələsi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddia­larının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmaya­cağına dair hüquqi öhdəliyin götürülməsi öz aydın ifadəsini tapıb. Bununla bərabər, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinilməsi qarşı­ya önəmli vəzifə kimi qoyulub. Ermənistan Azərbaycanın təklif etdiyi sülh üçün beş prinsipi qəbul edib, ancaq buna baxmayaraq mənfur qonşumuz yenə də qeyri-konstruktiv mövqedən çıxış etməkdən çəkinmir. Ən əsası erməni silahlı birləşmələrinin tör-töküntülərinin hələ də Azərbaycan torpaqlarında olması tarixi 10 noyabr Bəyanatının müddəalarının kobud şəkildə pozulması faktı kimi özünü göstərir. Üstəlik ölkə başçımız müşavirədəki nitqində bildirdi ki, Rusiyanın hərbi rəhbərliyi Azərbaycanda səfərdə olarkən Azərbaycan Müdafiə Nazirliyinə söz verib ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq artıq iyul ayının sonuna çatdığımız bu günlərdə hələ də bu sözlər öz real təsdiqini tapmayıb. Bu qəbuledilməzdir. Eyni şəkildə, Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəliklərdən yayınaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin icrasını ləngitməyə cəhd edir. Halbuki, Azərbaycan Laçın dəhlizindən vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçidini tam təmin etməkdədir. Əlavə olaraq, status və ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələləri. Ermənistanın rəsmi dairələri yenidən status barədə danışmağa başlayıb. Bu əlbəttə ki, sülh prosesinə zərbə vuran məsuliyyətsiz bir addımdır. Statusun harada axtarılmalı olduğu Azərbaycan Prezidenti tərəfindən açıq-aşkar bəyan olunub. Bu məsələni yenidən gündəmə gətirmək nəinki Ermənistana hansısa xeyir gətirə bilər, əksinə bu onlara özlərinin də təxmin etməyəcəyi qədər ziyan gətirə bilər. Ən azından ona görə ki, Azərbaycanın qərbi Zəngəzurla bağlı bənzər iddialar səsləndirməsi də mümkündür. Üstəlik bunun üçün üçün bizim daha çox tarixi əsasımız var. Hər kəs, o cümlədən  dünya ictimaiyyəti də bunu yaxşı bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Ancaq Azərbaycan sülh və sabitlik istəyir, Cənubi Qafqazın çiçəklənən gələcəyini arzulayır. Məhz bu səbəbdən ölkələr arasındakı əlaqələrin qurulması naminə səbr edir və Ermənistanın sülhə çalışmasını gözləyir. Yenə də onu nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın xoşniyyətli davranışı əbədi masa üzərində qala bilməz. Belə olan halda bunun nəticələri barədə Ermənistan tərəfi yaxşı düşünməlidir. Azərbaycanın sülhpərvər mövqeyi kapiltulyant ölkəyə tarixi inkişaf və sülh içində yaşamaq üçün tarixi fürsət imkanı verir, ancaq Bakının Ermənistanla müqayisə olunmaz gücü və nüfuzunu, qüdrətini nəzərə almamaq, görməzdən gəlməyə cəhd etmək Ermənistan üçün olduqca zərərli və qorxulu ssenaridir. Ümid edirik ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsinin nəticələrini özlüyündə düzgün qiymətləndirər və həm özü, həm də region üçün optimal qərarı qəbul edər. Əks təqdirdə olacaqlar, birbaşa Ermənistanın məsuliyyətində olacaqdır.

Rüfət Əhmədov,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri