22 iyul 2022 02:51
742

Avropa Parlamenti niyə real faktları görmək istəmir?

Azərbaycan xalqına qarşı 30 il davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olub. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıq olub.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələrimiz dağıdılaraq yerlə-yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi. Hətta ermənilərin bu cür vandal, barbar əməllərinə tarixi Azərbaycan ərazisi olan İrəvanda yerləşən dini abidələrimiz də məruz qalıb. Beləliklə, İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurub, Göy məscidin isə memarlıq xüsusiyyətləri dəyişdirilərək İran abidəsi kimi təqdim edilib.

Azərbaycan bu prosesə dünyanın diqqətinin yönəldilməsi istiqamətində genişmiqyaslı fəaliyyət göstərib. Lakin bütün bunlara baxmayaraq erməni vandalizmi heç də həmişə layiqli qiymətini almayıb. Bunun ümdə səbəblərindən biri də dünyada hələ də davam edən ikili standartların mövcudluğudur.  Azərbaycanın yeni müstəqillik tarixində ölkəmizin üzləşdiyi əsas problemlərdən biri elə ikili standartlarla bağlı olub. Təəssüf ki, bu hal işğal vaxtı ermənilərin nəzarətində olan ərazilərdə mədəniyyət abidələrinə münasibətdə də özünü göstərib. Erməni vəhşiliyinə son verilməsi üçün ölkəmizin dünyaya etdiyi çağırışlara bir sıra beynəlxalq qurumlar adekvat reaksiya verməyib. Buna konkret nümunə qismində Avropa Parlamentini də göstərmək olar. Bu məsələ bu günlərdə Prezident İlham Əliyevin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də diqqət mərkəzində olub. Dövlətimizin başçısı Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinə toxunaraq qeyd edib ki, belə sənədlərin sayı 10-u keçir: “Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir. Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır.

Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər. Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır”. 

Təbii ki, belə yanaşma ilə Avropa Parlamenti Azərbaycana qarşı ikili standartlar mövqeyindən əl çəkmədiyini, qərəzli yanaşma sərgilədiyini, erməni diaspor və lobbi qüvvələrinin təsiri altında olduğunu təsdiqləyir. Azərbaycana və digər bir sıra ölkələrə qarşı daim ədalətsiz, beynəlxalq hüquqa zidd müstəvidən çıxış etməklə Avropa Parlamenti Avropa xalqlarının iradəsini ifadə edən bir qurum olmadığını tam isbata yetirib. Bu ali orqan qəbul etdiyi və adi kağız parçasından başqa bir şey olmayan qətnamələrlə Avropa dəyərlərinə də xəyanət etdiyini, müxtəlif siyasi dairələrin, qrupların maraq və mənafeləri naminə fəaliyyət göstərdiyini nümayiş etdirir.

Mənsumə Babayeva, “İki sahil”