26 iyul 2022 20:31
856

 Siyasi və mənəvi eybəcərlik rəmzi

Dövlətçiliyimizə, müstəqilliyimizə müxalifətdə olan dağıdıcı müxalifəti, antimilli ünsürləri tarix əbədi məğlubiyyətə və rəzalətə məhkum edib

 Heç kimə sirr deyil ki, dağıdıcı müxalifət düşərgəsi Azərbaycan siyasi arenasında öz mahiyyətini, dəyərini itirib. Buna görə də bu cinahda təmsil olunanların ölkəmizdə hər hansısa bir formada öz “ideyalarını” həyata keçirməsi mümkün deyil. Pozucu, inkarçı fəaliyyət nəticəsində siyasi təşkilatdan marginal qruplara çevrilmiş radikal müxalifət nümayəndələri hələ də köhnə şakərlərindən əl çəkməsə də onların arqumentləri demək olar ki, bitib. Sadəcə olaraq onlar dərk etmirlər ki, artıq dövr də, vəziyyət də tamamilə dəyişib. Mövcud faktları qəsdən təhrif etməklə cəmiyyəti aldatmaq olmaz.  AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublunun, Gültəkin Hacıbəylinin və digərlərinin sosial şəbəkələrdəki “moizələrinə” diqqət etdikcə bir daha əmin oluruq ki, bu marginalların mayası xəyanətkarlıqla yoğrulub. Artıq hamıya məlumdur ki, istər dağıdıcı düşərgədə təmsil olunanlar, istərsə də “siyasi mühacir” adı ilə ayrı-ayrı ölkələrdə sığınacaq tapan satqınlar və radikal dini qrupun üzvləri eyni mərkəzdən təlimat alırlar. Son günlər Ə.Kərimlinin qaragüruhçu dəstəsinin Sevinc Osmanqızının, Qənimət Zahidin, Tural Sadıqlının və digərlərinin internet Tv-lərində fəallaşması bunun əyani təsdiqidir.

Təbii ki, “demokrat” pərdəsinə bürünən bu radikal dəstənin fəallaşması səbəbsiz deyil. Məlum olduğu kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 18-də Bakıya səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəddə tərəflərin razılığı ilə ifadə edilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji münasibətləri və əməkdaşlığı enerji bazarlarının açıqlığına, rəqabətə davamlılığına, diversifikasiyasına və təhlükəsizliyinə töhfə verən əsas amildir. Tərəflər, həmçinin ratifikasiya etdikləri Paris Sazişinin qarşıya qoyduğu hədəfləri xatırladırlar və beləliklə, əlaqədar istixana qazları emissiyalarını azaltmaqla havanın temperaturunun 1,5 dərəcə selsi səviyyəsinə qədər artmasının məhdudlaşdırılması istiqamətində səylərini davam etdirmək niyyətindədirlər. Avropa İttifaqı təbii qazın 2030-cu ilə qədər enerji istehlakı və elektrik enerjisi istehsalı baxımından mühüm rol oynamağa davam edəcəyini qəbul edir. Gələcəkdə təbii qaz 2050-ci ilə qədər iqlim neytrallığı öhdəliyinə uyğun olaraq tədricən dəyişdirilərkən Avropa İttifaqında istifadə olunmağa davam edəcək.

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxışları zamanı ölkəmizin başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur. Avropa Komissiyasının Prezidenti saziş üzərində ölkəmizlə çalışdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu söylədi. Bakıda imzalanan saziş Avropa İttifaqı-Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına böyük töhfə verməklə yanaşı, siyasi müstəvidə də geniş perspektivlərdən xəbər verir.

 Bütün bunlar anti-Azərbaycan qüvvələri narahat etdiyindən onlar ənənəvi üsullarından istifadə edərək “sapı özümüzdən olan baltalar”ı təlimatlandıraraq ortaya salıblar. Məhz məlum antimilli ünsürlər öz ağalarından aldıqları sifarişlər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığa, eləcə də “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” na kölgə salmaq üçün ən çirkin vasitələrə əl atırlar. Ölkə başçısının bildirdiyi kimi, özlərini azərbaycanlı adlandıran, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Anti-Azərbaycan dairələrin maşası olan bu üzdəniraq qüvvələr ölkəmizə qarşı böhtan, şər kampaniyası apararaq onun beynəlxalq nüfuzuna xələl gətirmək istəyirlər. Təbii ki, əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən bu xəyanətkarların son günlər sosial şəbəkələrdə “fəallaşmaları”, haray-həşirləri heç bir nəticə verməyəcək. Bu satqınların və onların ağalarının arzuları yenə də gözlərində qalacaq. Çünki cəmiyyətimiz dövlətçiliyimizə, müstəqilliyimizə müxalifətdə olan bu marginalları əsl xəyanətkar kimi qəbul edib, tarix onları əbədi məğlubiyyətə məhkum edib…

Zahid Rza, “İki sahil”