27 iyul 2022 16:31
1966

Kamran Bayramov: Vətəndaş məmnunluğunun təminatı məmurların qarşısında ən mühüm  vəzifə kimi qoyulub

"Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında kadr islahatlarının rolu böyükdür. Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə  açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.  Xalqımız öz sevimli lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyir.  Dövlət başçımız cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı nitqində bildirib ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Gördüyümüz kimi, vətəndaş məmnunluğunu təmin etmək kimi məsələləri Prezident məmurların qarşısında ən ali vəzifə kimi qoyur.

K.Bayramov diqqətə çatdırıb ki, bu gün aparılan uğurlu dövlət siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyub. Dövlət başçımız xüsusi olaraq qeyd edib ki, məmurlar, ilk növbədə, şəhid ailələri və qazilərimizə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi Qələbəmizin əldə olunması məhz onların xidmətidir: «Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.»

Deputat sonda əlavə edib ki, uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bölgələrlə paytaxt arasında fərq minimuma endirilib. Dövlət başçısının bölgələrimizə mütamadi səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır.

Şəmsiyyə Əliqızı, “İki sahil”