Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammitinin işə başlaması böyük əhəmiyyət kəsb edən tarixi hadisədir. Eyni zamanda belə beynəlxalq miqyaslı samitin Azərbaycanda keçirilməsi ölkə başçısı, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər və müdrik xarici siyasətin göstəricisidir. Gənclər Sammitinin keçirilməsi, gənclərin tam potensialının üzə çıxarılmasına, fəallığının daha da artırılmasına, gənclər arasında innovativ və sosial tərəqqiyə təkan verəcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, bu gün dünyada hökm sürən qeyri-sabit proseslər fonunda ölkəmiz dünya dövlətləri ilə əlaqələri genişləndirməklə yanaşı beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir, inkşafa, tərəqqiyə və sülhə hesablanmış təşəbbüslər irəli sürür. Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürmüşdür ki, bu müddət ərzində də təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Ölkəmizin Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsidir ki, təşkilata üzv dövlətlərin yekdilliklə səs verməsi nəticəsində Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə qərar qəbul olunmuşdur. Eyni zamanda, təşkilata 120 üzv ölkənin yenidən yekdilliklə səsverməsi ilə Azərbaycanın sədrlik müddəti 2023- cü ilin sonuna qədər uzadılmışdır: “Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammitinin Bakıda işə başlaması ilə Azərbaycan növbəti dəfə hərəkatın fəaliyyətinə və təşkilata üzv ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə vermiş oldu. Azərbaycan tərəfindən irəli sürülən bu təşəbbüs digər təşəbbüslərimiz kimi dünya miqyasında böyük dəstək qazandı və təqdir olundu.”