28 iyul 2022 02:16
1307

Yaylaq, bizim yaylaqlara bənzərsən...

Xalqımızın çox sevdiyi, aşıqlarımızın hüsnünə söz qoşduğu yaylaqlar hər vaxt yadımıza düşəndə şirin xatirələrlə dolu axarlı-baxarlı guşələrimiz gözlərimiz önündə yenidən canlanır. İstər-istəməz babamız Aşıq Alının məşhur şeiri yadımıza düşür.

Süsənli, sünbüllü, tər bənövşəli,

Yaylaq, bizim yaylaqlara bənzərsən.

İçən olmaz abi-kövsər suyunu,

Bulaq, bizim bulaqlara bənzərsən.

 

Cənnət olub bizim yerin bu çağı,

Ağ lavaşı, kərə yağı, qaymağı,

Qızlar dəstələnib gəzər oylağı,

Oylaq, bizim oylaqlara bənzərsən.

 

Keyti dağı, Əyricə, Daşkənd baxarı,

Ağ sürülər, Sarı yaldan yuxarı,

Var bizim suların əcəb axarı,

Çaylaq, bizim çaylaqlara bənzərsən.

 

Alının gəzdiyi üç gözəl dərə,

Şəqayiq, Çiçəkli, xoş Cözəldərə,

Şahdağdan görünür  Baş Gözəldərə,

Uç dağ, bizim, o dağlara bənzərsən.

Yaylaq deyəndə elatın öz qoyun-quzusu ilə arandan-dağa, dağdan arana köç etməsi, şən və qaynar yaylaq həyatı yadımıza düşür. Ölməz şairimiz  Səməd Vurğun dağları, yaylaqları gəzməkdən doymaz, gözəllikləri şeirləri ilə vəsf edərdi.

Binələrin çadır-çadır,

Çox gəzmişəm özüm dağlar,

Qüdrətini sizdən aldı,

Mənim sazım, sözüm dağlar.

 

Maral gəzər asta-asta,

Dönüb gələr bulaq üstə,

Gözüm yolda, kğnlüm səsdə,

Bir doyunca gəzim dağlar.

İsti su yaylağında Səməd Vurğunun Aşıq Şəmşirlə məşhur deyişməsi 1955-ci ildə dillərdə dastan olmuşdu. Ömrünün son ilini yaşayan şair deyirdi:

Aşıq Şəmşir, Dəli dağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni,

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal məni.

Yaylaq həyatı olduqca maraqlı və yaddaqalandır. 1970-ci illərdə Kəlbəcərin “Taxta” yaylağında aran rayonlarından-Bərdə, Yevlax, Tərtər, Ağdam, İmişli, Ağcabədidən ailələr iyun ayında  gəlib orada alaçıqlar qurar, sentyabr ayına qədər qalardılar. Çadır şəhərciklərində yemək-içmək ayaq tutub yeriyər, hər gün hay-küylü çal-çağırlar olardı. İstirahətə gələnlər bulaq üstə gedər, görməli yerlərə səyahət edərdilər. Aşıqlar axşam düşəndə  obanın ortasında dövran vurar, dastanlar söyləyər, deyişərdilər.  Hamı onlara maraqla tamaşa edər, arabir “sağ ol, aşıq qardaş” deyərdilər. Orada bir-birinə könül verən gənclər də olurdu. Asayişi qoruyan milislər-onlara dağbəyi də deyirdilər-gecəli-gündüzlü camaat arasında olur, nəzarət edirdilər.

29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı keçiriləcək. Bu, çox təqdirəlayiqdir. Böyüməkdə olan uşaq və gənclərin Vətən, torpaq sevgisinin artmasında əvəzolunmaz vasitədir, desək, mübaliğə olmaz. Artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.  “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində  “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.

Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıqların  deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Mədəniyyət Nazirliyinin bu təşkilatçılığı hamının ürəyindən xəbər verir. Əlbəttə, bu, bizim qədimdən qalma ənənələrimizi dirçəldəcək, daha da inkişaf etdirəcəkdir. Alqışa layiqdir. Uşaqlar və yeniyetmələr ata-babalarımızın saldıqları yurd yerlərini görəcəklər, gözəllikləri ömür boyu unutmayacaqlar, onları sevəcəklər, hər daşın, hər çınqılın qədrini biləcəklər.

Vəli İlyasov, “İki sahil”