Azərbaycan Ermənistan tərəfindən dağıdılan, xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzuru yenidən quraraq abadlaşdırır, dolayısı ilə dünyaya barbar və sivil xalqın fərqini başa salmağa çalışır. Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş və “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün yenidən qurulur. Belə ki, burada bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib. Xaçınçay su anbarı, həmçinin Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Ağdam şəhərində iki otel istifadəyə verilib. Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb. Muğam Mərkəzi, Ağdam-Xankəndi yolu ilə yanaşı, dəmir yolu xətti çəkilir, vağzal kompleksi inşa edilir və s.
Bu günlərdə isə Ağdam rayonunun Sarıcalı kəndi öz əzəli sahiblərini qoynuna alıb. Qeyd edək ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən və 1024 nəfər əhalisi olmuş bu kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu bir güllə atılmadan noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb.
“Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq”. Bu sözləri Prezident İlham Əliyev martın 27-də Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında deyib. Dövlətimizin başçısı daha sonra bildirib ki, Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.
Bəli, bu həmin Ağdamdır ki, mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü. Şübhəsiz, bütün bunlar Azərbaycanın erməni işğalçılarının 27 il ərzində viran qoyduqları bir məmləkətdə quruculuq işlərinə necə önəm verdiyinin daha bir bariz nümunəsidir. Son illərdə Ağdamda həyata keçirilən bərpa işləri həm də Azərbaycanın gücünü və qətiyyətini göstərir.
Bu addımlar bir daha göstərir ki, Prezident İlham Əliyev ən qısa zamanda “ruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaralarını tam sağaladacaq. Nəticədə bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamın şöhrətli günləri yenidən qayıdacaq. Həm də əvvəlkindən çox fərqli, daha gözəl, müasir formada: “Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq”. Bu mənada Ağdamın təkcə Azərbaycanın deyil, bütün bölgənin gələcək inkişafının mərkəzinə çevriləcəyi şəksizdir .
Qvami Məhəbbətoğlu, “İki sahil”