Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Azərbaycanın daha 3 rayonuna yeni icra başçıları təyin edildi. Bununla əlaqədar yeni təyin olunan başçıları qəbul edən dövlət başçısı onlara tapşırıq və göstərişlərini verdi. Cənab Prezident bir sıra önəmli məsələləri önə çəkərək bildirdi ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi həll edilib, aradan qaldırılıb
İnsanlarımızın rifahı naminə rayonlarin sosial-iqtisadi inkişafını yüksək səviyyədə təmin etmək üçün elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib.
Davamlı olaraq infrastruktur layihələrin icrası həyata keçirilir. Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İndi imkan daxilində bütün bu işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb. Bu infrastruktur layihələri çərçivəsində iş yerlərinin yaradılmasına da şərait yaradır. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.
Cənab Prezident ölkədə əhali artımından da söz açaraq bildirdi ki, Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Təəssüflər olsun ki, insanlarımızın xoş həyatı üçün həyata keçirilən bu inkişaf fonunda neqativ hallar da mövcuddur.
Məlum olduğu kimi son bir neçə ildə bəzi keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.
Çıxışda vurğulanmışdır ki, rəhbər işçi daim insanların arasında olmalıdır. Onların problemləri ilə maraqlanmalı, həllinə köməklik edilməlidir. İcra başçıları bütün kəndlərdə olmalıdır, sakinlərin qayğıları ilə maraqlanmalı, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmaz.
Fəaliyyətləri zamanı icra başçıları sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.
Görülən bu işləri əlbəttə ki, vətəndaşlarımız dəstəkləyir. Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, daxili və xarici siyasəti dəstəkləyir. Dövlət siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Dövlət başçısı şəhid ailələrinə qayğını da diqqət mərkəzinə çəkdi. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri, qazilərimiz daim diqqətdə saxlanılır. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Təsadüfi deyil ki, şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik avtomobilləri təqdim olunub. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdırlar.
Şəhidlərimiz, qazilərimiz öz canlarını fəda edib, sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan azad ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlər Proqramlarının uğurlu icrası sayəsində bölgələrdə yeni-yeni sənayemüəssisələri, aqroparklar yaradılıb, yeni iş yerləri açılıb. Həmçinin Göygöl, Masallı və Lerik rayonlarında da müasir istirahət zonaları, otel kompleksləri inşa edilib. Təbii ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir.
Hazırda ölkəmizdə yol infrasturktunun yenidən qurulması və təkmilləşdirilməsi bölgələrdə sosial-iqtisadi inkişafa və turizmə ciddi təkan verib. Məsələn, Lənkəran-Lerik yolunun əsaslı şəkildə təmir olunması və yenidən qurulması Lerik rayonuna yerli və xarici turist axınına səbəb olub.
Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha torpaqların qanunsuz zəbt edilməsinə məsələsinə də toxundu. Şübhəsiz, bu cür hallara yalnız regionlarda deyil Bakı şəhərində, Abşeron yarımadasında rast gəlinir. Bu isə yolverilməzdir. Ölkə başçısı vurğuladı ki, bundan sonra da qanunsuz işlərlə məşğul olanlar cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə salmaq olmaz.
Dövlət başçısı həmçinin qeyd etdi ki, heç bir məmur ictimai nəzarətdən çəkinməməlidir. Çünki ictimai nəzarət olan yerdə şəffaflıq, dürüstlük, hesabatlılıq və vətəndaş məmnunluğu bərqərar olar.
Prezidentimiz həmçinin bildirib ki, heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Biz bu Qələbəni onlara-şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Ona görə də hər bir dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun: “Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.
Bəli, bütün bunlar bir daha əminliklə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasətinə sədaqət rəmzi olaraq Prezident İlham Əliyevin bir məqsədi, amalı var: Azərbaycanın daimi inkişafı, çiçəklənməsi, xalqımızın rifahı və müstəqil dövlətimizin qüdrətlənməsi.
Anar Tağızadə,
Xətai RİH Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri