02 avqust 2022 16:05
805

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilir

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi”nə start verilib.

“İki sahil” xəbər verir ki, düşərgənin təntənəli açılış mərasimi başlayıb.

Açılış mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Nigar Hacıyeva və başqaları iştirak edir.

Yay düşərgəsinə 50 ölkəni təmsil edən 115 gənc qatılıb.

Xatırladaq ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Yay düşərgəsi avqustun 8-nə kimi davam edəcək.