02 avqust 2022 18:25
1084

Cəlil Xəlilov: Müharibə əlillərinə xüsusi qayğı ilə bağlı növbəti sosial dəstək proqramına start verilib VİDEO

«Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğı statistik məlumatlarda, konkret rəqəmlərdə də özünü aydın şəkildə göstərməkdədir. Nümunə üçün qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin edilib. Həmçinin şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Habelə üç min şəxsə əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nümunəsidir və bu siyasət bundan sonra da davam edəcək.»

Bu fikirləri «İki sahil»ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilov qeyd edib ki, dövlətimiz tərəfindən şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görülür, onlara fərdi qaydada mənzil verilir, pensiya və müxtəlif ödənişlərlə təmin olunur. Postmüharibə dövründə 264 müharibə əlilinə minik avtomobili təqdim edilib. Ötən dövrləri də nəzərə alsaq, 7450 müharibə əlilinin avtomobilə olan ehtiyacı dövlətimiz tərəfindən qarşılanıb.

C.Xəlilov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addım yalnız 44 günlük Vətən Müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısının göstəricisidir. Artıq ilkin  olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Birdəfəlik ödəmənin məbləği birinci  dərəcə əlilliyə görə - 8 800 manat, ikinci dərəcə əlilliyə görə - 6 600 manat, üçüncü  dərəcə əlilliyə görə - 4 400 manat təşkil edir.

Şəmsiyyə Əliqızı, «İki sahil»