Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Quliyev Təbriz İlqar oğlunun doğum günündə əziz xatirəsi yad olunub.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərin məzarları da ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.
Daha sonra tədbir iştirakçıları şəhid Təbriz Quliyevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Təbriz Quliyev 2020-ci il oktyabr ayının 27-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.