05 avqust 2022 18:19
1163

İnsan işlədiyi sahəni gözəl bilməli, vicdanla işləməlidir - Arzu Tairquliyeva-Nağıyeva/VİDEO

Öyrəndiyimi tətbiq edəndə özümü xoşbəxt hiss edirəm

“Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Arzu Tairquliyeva-Nağıyevanın "İki sahil"ə müsahibəsi:

- “Yüksəliş” müsabiqəsinin qaliblərindən birisiniz. Bu münasibətlə sizi təbrik edirik. İntellektual səviyyəsi ilə seçilən, qalib olan Arzu xanımı yaxından tanımaq istərdik…

-Bakı şəhərində doğulub, böyümüşəm. Ailənin tək övladıyam. Ali təhsilimi Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə davam etdirmişəm. İlk magistr təhsilimi Azərbaycan Dövlət Dillər Universitetində almışam. Ondan sonra çalışmağa başladım. İşlədiyim dövrdə mənim turizmə, mədəni irsə xüsusi marağım formalaşdı. Ona görə də növbəti magistr təhsilimi Böyük Britaniyanın Qlazqo Universitetində Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisası üzrə davam etdirdim. Bakıya qayıtdıqdan sonra uzun müddət təhsil sferasında işləmişəm. Hazırda da Azərbaycan Dövlət Turizm Agentliyində Təhsil və təlim sektorunun rəhbəri olaraq çalışıram. Üç magistr təhsilim var. Üçüncü magistr təhsilimi isə  ADA Universitetində təhsilin idarəedilməsi üzrə almışam. Aldığım bu müxtəlifyönümlü bilikləri birləşdirə bilirəm. Xalqımız üçün faydalı işlər gördüyümə ümid edirəm və bu, məni xoşbəxt edir.

-Turizm sektorunu seçməyinizin səbəbi nə idi? Bu maraq haradan qaynaqlanır?

-Hər birimiz Azərbaycanda gənclərə dəstək siyasətinin uğurla davam etdirildiyinin şahidiyik. Dövlət qurumlarında çalışmaq istəyən şəxslərə imtahan vasitəsilə bu şərait yaradılır. Xarici Dillər Universitetini bitirəndə Regionşünaslıq ixtisasına marağı olan bir insan kimi əsasən işimi o sahə üzrə davam etdirmək istəyirdim. Lakin həmin il Xarici İşlər Nazirliyində imtahan olmadı. Ona görə də mən dövlət qulluğunda təqdim olunan vakansiyalara baxdım. Öz iş fəaliyyətim mənə maraqlı gəldi və düşündüm ki, davam etdirə bilərəm. Mən məhz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işə başladım. Burada daha çox ictimaiyyətlə əlaqələr, marketinq üzrə çalışırdım. İşlədiyim müddətdə bu sahəni çox sevdim. Təbii ki, tariximizə, mədəni irsimizə həmişə marağım olub. Bacardığım qədər bu sahədə də çox məlumatlanmağa çalışmışam ki, bilikli olum. Amma İçərişəhərə, Bakıya gələn qonaqlarımızın mədəni irsimizlə daha yaxşı tanış olması, onlara  bunun interpritasiyası məni daha çox maraqlandırırdı. Beləliklə, yenə də dövlətimizin yaratdığı növbəti imkandan faydalanaraq turizm sahəsi üzrə təhsilimi Böyük Britaniyanın Qlazqo Universitetində davam etdirmək imkanı qazandım. Təhsilimi bitirib geri qayıdandan sonra dövlətin bizim qarşımızda yaratdığı şəraitdən faydalanan insan kimi düşünürəm ki, ölkə vətəndaşlarına xidmət etməliyik. Hazırda Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərərək biliklərimi tələbələrə ötürməyə çalışıram.

 

“Yüksəliş” müsabiqəsində özüm üçün güclü və zəif tərəflərimi müəyyənləşdirə bildim 

- Oxuduğunuz ali təhsil ocaqları, seçdiyiniz ixtisaslar kifayət qədər çətin, zəhmət bilik tələb edən universitetlər, sahələrdir. İlk addımlarınızı necə xatırlayırsınız? Sizi uğurlara imza atmağa ən çox kim ruhlandırdı?

-Bəlkə də bu mənim xoşbəxtliyimdir ki, oxumağı və öyrənməyi çox sevən insanam. Bu, mənim bir növ hobbimdir. Heç nə öyrənməyəndə özümdə yorğunluq və s. hiss edirəm. Nə isə öyrənəndə, özüm üçün nəyisə aydınlaşdıranda  bu prosesdən həzz alıram. Ona görə təhsil mənim üçün “mən bunu mütləq etməliyəm” deyil. Həyatım boyu da bu belə olub. İmkan olsa yenə də təhsilimi davam etdirərəm. Öyrəndiyimi tətbiq edəndə isə özümü xoşbəxt hiss edirəm. İşlədiyim müddətdən sonra da təhsillərimi almağa davam etmişəm. Bəzən özümdə götür-qoy edirəm. Çatışmayan xüsusiyyətlərimi görərkən isə bunu həll etməyə çalışıram. Bəzən magistr və s. tipli ənənəvi təhsil forması, bəzən isə sadəcə təlimlər, müəyyən kurslar vasitəsilə həmin o boşluqları doldurmağa səy göstərirəm. Fikirləşirəm ki, insan işlədiyi sahəni gözəl bilməli, vicdanla işləməlidir. Mütaliəyə həmişə marağım olub. Məktəb müəllimlərimə təşəkkür etmək istəyirəm ki, bu sevgini onlar mənə aşılayıblar.

- Ali təhsil almağa başlayanda, yəni bakalavr təhsilinizi alanda qurduğunuz o xəyyallarınız, arzularınız, gözləntiləriniz özünü doğrultdumu?

-Əslində bəli, doğrultdu. Gözləntilərimin istiqaməti fərqli olsa da daim yararlı vətəndaş olmağı istəmişəm. Məşğul olduğum sahə insanlara fayda versin. Onların həyatına toxuna bilim. İş karyeramda daim bunu özümə əsas insiativ olaraq götürmüşəm. Əvvəlcə özümü diplomatiya sahəsində görmüşəm. Daha sonra mədəni irsimizin də əslində “soft” diplomatiya olduğunu və bunun vasitəsilə xalqımızı təbliğ edə biləcəyimi anlamışam. Fikirləşirəm ki, ölkəmizin gələcəyi təhsildir, təhsil sistemidir. Təhsil sisteminin üzərinə düşən vəzifə ancaq savadlı insanlar deyil, eyni zamanda da, xoşbəxt vətəndaşlar yetişdirməkdir.

- Arzu xanım, bəs necə oldu ki, “Yüksəliş”  müsabiqəsində iştirak etmək qərarına gəldiniz?

-Bu müsabiqəyə qoşulmağım əslində tam təsadüf idi. Qarşıma müsabiqənin elanları çıxdı və fikirləşdim ki, niyə də yox? Mən müsabiqələri, yarışları çox sevən həm şagird, həm də tələbə olmuşam. Bu xüsusiyyətim hələ də davam edir. Ona görə də düşündüm ki, bu özünü sınamaq üçün çox gözəl fürsət ola bilər. Doğrudur, o ərəfədə məni nəyin gözlədiyini tam anlamırdım. İlkin mərhələlərdə seçimlər oldu. Yəni həmin mərhələlər daha çox bilik əsaslı seçimlər idi. Biz onlayn mərhələni keçdik. Orada biz öz biliklərimizi nümayiş etdirdik. Daha sonra isə biliklərimizi əyani olaraq sübut etməli idik. Bunu da etdik. Müsabiqənin əsas maraqlı mərhələsi bundan sonra başlayır. Qabiliyyət imtahanı sualları ilə tanış olduq. Bu suallara cavab vermək maraqlı idi. Bu mərhələ özümü bir idarəedici olaraq analiz etmək üçün çox maraqlı idi. Sonra təhlillər göndərildi. Təhlillər zamanı da müəyyən xüsusiyyətlərimizlə tanış olduq. Müsabiqənin yarımfinal və final mərhələləri çox maraqlı keçdi.

-“Yüksəliş”in indiyə qədər iştirak etdiyiniz müsabiqələrdən fərqi nədir?

- İndiyə qədər mən yetərincə imtahanlarda iştirak etmişəm. Uğur qazandıqlarım da çox olub. Onların hamısını bilik anlayışı birləşdirir. Biz biliyimizlə yoxlanılırdıq. “Yüksəliş” müsabiqəsinin əsas fərqi ondan ibarətdir ki, biz artıq final mərhələsində biliyimizlə deyil, daha çox kompitensiyalarımızı nümayiş etdirirdik. Bu bacarıq və kompitensiya təhsil işçilərinin dili ilə desək, biliyin ən yüksək formasıdır. Biz onu avtomatlaşdırılmış səviyyəyə gətiririk. Yəni, onu düşünmədən icra edirik. Bu mərhələni isə yoxlamaq heç də asan deyil. Müsabiqə bunun üçün çox gözəl alətdir. Çünki mən özüm üçün güclü və zəif tərəflərimi müəyyənləşdirə bildim. Bu kompitensiyaları formalaşdırmaq da bir, üç ayın, hətta bir ilin işi deyil. Daha çox iş şəraitində qazandığımız təcrübələr bunu möhkəmləndirir və həmin bilik kompitensiyalara çevrilir. Onu da vurğulayım ki, biz müsabiqədə yüksək bilikli ekspertlər tərəfindən qiymətləndirildik.

-Belə fərqli, qəliz şərtləri, tələbləri olan müsabiqənin qalibi olmaq necə hisdir?

-Təbii ki, istənilən müsabiqəyə qatılarkən qalib olmaq istəyirsən. Finalda iştirak edən bütün iştirakçılar demək olar ki, qalibdir. Çünki o qədər güclü iştirakçılar var ki, sən özünü qiymətləndirməkdə çətinlik çəkirsən. Artıq kənardan qiymətləndirirlər. Amma həqiqətən də finala qədər gəlib çıxmış güclü, həyatda müəyyən nailiyyətlərə imza atmış gənclər iştirak edirdi. Onlarla yarışmaq çox maraqlı idi. Yarışın da fərqli xüsusiyyəti odur ki, sən həm komanda şəklində, həm də fərdi yarışırsan.Bu balansı qorumaq, işə fokuslanmaq çətindir.

-Uğurlarınızın “açarı”, nailiyyətlərinizin sirri varmı?

-Hər hansısa bir işin üzərində işləyəndə və uğura nail olanda bu mənim üçün ən yaxşı qalibiyyət, ən yaxşı nailiyyətdir. Çünki işlədiyim zaman tam qəlbimi, enerjimi, biliklərimi ona həsr edirəm ki, həmin iş uğurlu alınsın. Bəlkə də mənim uğurlarımın açarı budur.

-Arzu xanım, müsabiqədən qazandığınız məbləği hansı istiqamətdə xərcləməyi düşünürsünüz?

-Uduş məbləğimiz iki hissəyə bölünür. Biz həmin məbləğin bir hissəsini fərdi inkişafımıza xərcləyə bilərik. Digər hissəsi isə öz ixtiyarımızdadır. Hazırda baxıram, maraqlanıram və müsabiqədə ortaya çıxarılan o zəif nöqtələrimi daha da gücləndirmək istəyirəm. Yəqin ki, bilik və bacarıqlarımı artırmaq istiqamətində təlimlərə xərcləyəcəm.

Günel Eyyubova, “İki sahil”