08 avqust 2022 16:22
1765

Bölgədə sülhün təmin olunması üçün üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir - Kamran Bayramov

"Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatda əksini tapan bir çox  öhdəliklər təəssüf ki, ermənilər tərəfindən  hələ də  yerinə yetirilməmişdir. Azərbaycan hər bir öhdəliyi yerinə yetirmək üçün səylər göstərsə də Ermənistan onların icrasından yayınır, regionda  dayanıqlı sülhün  və təhlıükəsizliyin  təmin olunmasında əsas amil olan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışır."

Bu fikirləri «İki sahil»ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər.  Nəticədə Azərbaycan əsgəri  Anar Kazımov şəhid oldu. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər. Azərbaycan Ordusu «Qisas» əməliyyatı ilə malik olduğu imkanlarını yenidən təqdim etməklə yanaşı,  dəmir yumruğun yerində olduğunu nümayiş etdirdi. «Qisas» əməliyyatından dərhal sonra Sarıbaba və Qırxqız dağının, həmçinin onların ətrafındakı yüksəkliklərin, üç gün sonra isə Buxduz dağının və onun ətrafındakı yüksəkliklərdəki mövqelərin ordumuzun nəzarətinə keçməsi qəhrəman Silahlı Qüvvələrimizin növbəti möhtəşəm uğurunun nəticələridir.

K.Bayramov diqqətə çatdırıb ki, ordumuz antiterror əməliyyatı  həyata keçirib. Bu da regionda sülhün və təhlükəsizliyin təmin olunmasına  xidmət edir. Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizi  «aqressiv fəaliyyətdə» ittiham edən Ermənistan XİN-ə bir daha xatırladıb ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir”.

Millət vəkili bundan sonra da  istənilən terror və təxribatın qarşısının  qətiyyətlə alınacağını bildirərək qeyd edib ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unutmamalıdır. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması  üçün üçtərəfli Bəyanatın tam icrası qeyd-şərtsiz yerinə yetirilməlidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”