09 avqust 2022 07:55
806

Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  regionda dayanıqlı sülhün təmin olunması istiqamətində göstərdiyi səylər Brüssel görüşlərinin təşkilində, həmçinin dövlət başçısı İlham Əliyevə mütəmadi  telefon zənglərində özünün  aydın ifadəsini tapır

Dövlət başçısı İlham Əliyev cari ilin ilk günündən  ötən ilin uğurlarına söykənərək  prioritetləri açıqlayarkən bildirmişdir ki,  Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.  Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi: «Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər.»

Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçir.  Bu iki ilin Azərbaycanın, o cümlədən dünyanın xarici siyasətinə hansı yenilikləri əlavə etdiyini hadisələrin xronologiyasına diqqət yetirdikdə aydın görə bilərik. Postmünaqişə dövrünün əsas reallıqlarından biri Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfələrin verilməsi istiqamətində qurumun səylərini artırmasıdır. Avropa İttifaqı neytrallığı qorumaqla vasitəçiliyi yüksək səviyyədə yerinə yetirir, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstəyini atdığı addımları ilə təsdiqləyir. Konkret nəticənin əldə edilməsi əsas çağırışlar sırasındadır. Bu baxımdan diqqət yetirsək, ermənilər Qarabağda hər hansı bir gərginliyi yaradarkən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevlə telefon əlaqəsi yaradır, narahatlığını ifadə edərək 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəalarının tam şəkildə icrasının vacibliyini bildirir.  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması, bir əsgərimizin şəhid olmasından sonra qalib Azərbaycan Ordusunun qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirməsi  dünya mətbuatında geniş müzakirə olunmaqla yanaşı, əksər dünya dövlətlərinin, o cümlədən beynəlxalq təşkilatların rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon zənginin edilməsi ilə diqqətdədir.  Dünya gücləri yaranan bu gərginlikdən narahatlıqlarını ifadə edirlər.  Bu sırada avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan  Prezidenti İlham Əliyevə telefon zəngi diqqətdən kənarda qala bilməz.  Şarl Mişel Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğuladı.  Prezident İlham Əliyev isə qeyd etmişdir ki,  Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törətdi və nəticədə hərbi qulluqçumuz həlak oldu. Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlət başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirmişdi. Bu fakt bir daha diqqətə çatdırıldı ki,  10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb. Həmçinin qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlətimizin başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr Bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdi.  Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri torpaqlarımızdan çıxarılmalıdır.

 Göründüyü kimi, Avropa İttifaqı postmünaqişə dövrünün reallıqları fonunda icra etdiyi vasitəçilik missiyasına sadiqliyini nümayiş etdirərək baş verən gərginlikdən narahatlığını ifadə etməklə yanaşı,  bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirir. Şarl Mişelin öz "Twitter" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə görüş keçirəcəyi ilə bağlı paylaşım etməsi də deyilənlərin təsdiqidir. O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir.

   Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlığın inkişafında enerji amilini xüsusi qeyd etməliyik. Azərbaycan regional  inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi hər zaman beynəlxalq səviyyədə təqdir olunur. Ölkəmizin iştirakçısı olduğu, ən əsası regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə beynəlxalq miqyas alması, coğrafiyasını genişləndirməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizinə dair Birgə Bəyannamədə ölkəmizin Avropa üçün önəmini nümayiş etdirdi. Bu sənədə qədər ölkəmizlə qurum arasında əlaqələrin inkişafına bələdçilik edən addımlara nəzər salaq.  Azərbaycan  1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm,  investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə qurum arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» özündə bütün məqamları ehtiva edir. Belə ki,  münasibətlərin inkişafına baxış fonunda perspektivlər müəyyənləşdirilərək onların icrası istiqamətində addımlar atılır.  Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.  Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına milyardlarla  dollar investisiya yatırılıb. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir.  Azərbaycan  Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq Bəyannamələrini imzalayıb.  Bu o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Bu gün Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə  geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.  Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır.  Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini  prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək.»

  Bu ilin iyulun 18-də  Avropa Komissiyasının Prezidenti xanım Ursula  Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində  dövlət başçısı  İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə  Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında bu məqam bir daha diqqətə çatdırıldı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq  böyük nailiyyətdir. İmzalanan Memorandumu gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirmişdir ki,  əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub və  bundan sonra da böyük uğurlara imza atacağıq: «Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.»

     Avropa Komissiyasının Prezidenti  Ursula Fon der Lyayen bəyanatında «Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir» bildirərək bura  vətəndaş cəmiyyətinin, azad və müstəqil medianın  daxil edildiyini vurğulamışdır. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir.

   Avropa İttifaqı, eyni zamanda, qurumun 27 üzvü Azərbaycanın ənənələri olan ölkə kimi qeyd edərək, ölkəmizdə demokratik təsisatların inkişafı üçün bütün imkanların yaradıldığını bildirirlər. «Tərəfdaşlıq prioritetləri» adlı sənəddə Azərbaycanın demokratik inkişafı təqdir edilməklə yanaşı, tolerantlığı, multikultural dəyərlərin inkişafına töhfələri xüsusi qeyd edilir. Şərqlə Qərbin qovuşağında yerləşən  ölkə olaraq Azərbaycanın müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən forumlara, sammitlərə ev sahibliyi yüksək dəyərləndirilir. Bu, təbii ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olmasından, həmçinin sabitləşdirici faktor kimi  ölkələr, xalqlar arasında körpü rolunu müxtəlif təşəbbüsləri ilə daha da möhkəmləndirməsindən irəli gəlir.

    Postmünaqişə dövrünün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətini artırmaq üçün bu torpaqların minalardan təmizlənməsidir. Xanım Ursula Fon der Lyayen bəyanatında  «Biz bu ölkədə minalardan təmizləmə sahəsində ən böyük donoruq» bildirərək onu da əlavə etmişdir ki, biz bu vacib mövzunu  müzakirə etdik: «Biz bu məqsəd üçün 4.25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik.» Qeyd edilənlər Avropa İttifaqının regionla sıx bağlılığını təsdiqləyir. Qurum tərəfdaşlarına  dəyər verir. Bu əminlik ifadə olunur ki, tərəfdaşlıq  zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək.  

   Bu məqam da xüsusi qeyd edilir ki,  Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında da  vacib rol oynadı.  Avropa İttifaqı ilə  Azərbaycan arasında enerji dialoqu yaradılıb.  Gündəlik olduqca genişdir.  Bura  neft və qaz kimi ənənəvi sahələrlə yanaşı,  elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.  Göründüyü kimi, çoxşaxəli əməkdaşlıq bu gün Avropa İttifaqının regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında fəal iştirakını şərtləndirir. Ən əsası   münasibətlərdə etibarlılığın qorunması, inamın mövcudluğu yeni-yeni hədəflərə, səylərin birləşdirilməsinə yol açır.

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın iki, eyni zamanda, çoxtərəfli çərçivədə əlaqələrinin  inkişafı göz qabağındadır. Avropa İttifaqının bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini artırması həqiqətləri qəbul etdiyini  ortaya qoyur. Azərbaycan hələ 30 ilik işğal dövründə bəyan edirdi ki, münaqişənin həllində bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməkdə maraqlıdır. Baxmayaraq ki, dövlətimizin bu mövqeyi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Minsk qrupunun vasitəçiliyindən imtinası kimi dəyərləndirildi. Tarixi Zəfərimizin yaratdığı reallıqlara, həmçinin 30 ilə yaxın işğal dövründə ATƏT-in Minsk qrupunun öz missiyasının nədən ibarət olduğunu belə dərk etməyərək Ermənistana dəstəyini, münaqişənin həllində maraqlı olmadığını atdığı addımları ilə təsdiqləməsinə söykənərək ona bundan sonra tutacağı yer göstərildi-Arxiv. Ermənistan ölünü diriltməyə çalışsa da bunun mümkünsüzlüyü göz önündədir. Avropa İttifaqının vasitəçiliyi hər iki dövlətin maraqlarına uyğundur.   

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ölkəmizlə  Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının fəallığının artırılması,  Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, mövqelərini möhkəmləndirir. Reallıqlar fonunda onu da  deyə bilərik ki, ölkə Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir,  sülh danışıqları üçün  konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün  bütün zəruri olan elementləri həll etməyə birgə qərar verilir.

Yeganə Əliyeva, "İki sahil"