11 avqust 2022 03:10
1170

Qidalar yuxu gətirirmi?

Yuxusuzluq bir çox insanı narahat edir. Əksər insanlar isə yuxusu gəlsə də yuxuya gedə bilmirlər. ABŞ alimləri tez yuxuya getməyə və yaxşı yatmağa kömək edə biləcək sakitləşdirici və yuxugətirici ərzaqların siyahısını açıqlayıb.

Qeyd edək ki, yuxusuzluqla mübarizədə ən effektli qidalardan biri banandır. Yatmazdan qabaq banan yemək yuxuya getməni təmin edir. Melatonin və seratonin hormonları ilə yanaşı, bananın tərkibində olan maqnezium əzələlərə rahatlıq gətirir. Bananı yatmazdan bir-iki saat əvvəl yemək məsləhətdir.

Məşhur dietoloq Brin Makdauell rasiona badam əlavə edilməsini tövsiyə edib.

Məşhur dietoloq  qeyd edib ki, badam  melatonin-yuxu hormonu mənbəyidir. O, insanın daxili bioloji saatını tənzimləyir, beyinə yuxu siqnalı ötürür. Melatoninlə zəngin qidalar yeyilməsi, yuxu tsiklini bərpa edir. Axşamlar bir ovuc badam yemək şirin yuxu gətirir.

Kartof yuxu üçün faydalı qidadır. Onun tərkibində olan maddələr mədəni yormur və turşuluq səviyyəsini aşağı salır.

Yuxu dərmanını rahatlıqla əvəz edən digər təbii vasitə isə gilas şirəsidir. İki həftə ərzində səhər və axşam turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır. Yuxu dərmanından fərqli olaraq gilas daha səmərəli və təhlükəsizdir.

İlıq süd öz növbəsində tərkibində triptofan sayəsində əsəbləri sakitləşdirir və daha keyfiyyətli yuxu ilə təmin edir. 

Yuxu gətiən məhsullar sırasına qızılbalıq da daxildir. Onun  tərkibində dokozageksayen turşusu vardır. O, yuxunu tənzimləyən melatonin hormonunun səviyyəsini artırır.

 Paxlalı bitkilər və digər tərəvəzlər orqanizmi B qrupundan olan vitaminlərlə, fol turşusu ilə təmin edir. Bu maddələr  yuxunu tənzimləməkdə kömək edir.

Yağsız yoqurt əsl kalsium və maqnium mənbəyidir. Bu iki mineral maddə tez və dərin yuxuya getməyə imkan verir. Bu elementlərin çatışmazlığı əzələ spazmalarına, stresə və yuxusuzluğa səbəb olur.

Eləcə də qoz,çobanyastığı və lavanda çayı da yuxu gətirən məhsullar sırasına daxildir.

Lakin unutmayın ki, yatmazdan öncə  ağır,yağlı, həzmi çətinləşdirən qidalar  yemək məsləhət deyil. Belə məhsullar nəinki yuxunun keyfiyyətini salır, həm də sağlamlıq üçün ciddi problemlərdə yarada bilər. 

Samirə Tağıyeva, “İki sahil”