15 avqust 2022 11:16
712

İlan sancması zamanı nə etməli?

Yay aylarında ilansancma hallarına daha tez-tez rast gəlinir. İlan sancması zamanı dəri qızarır, şişir, göyərməyə başlayır və zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bu zaman insanların yanlış müdaxilə etməsi isə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

"İki sahil" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadən bildirir ki, ilan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir.

Xəsarət almış şəxsə ilkin yardım göstərilsə də, onu dərhal yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Daha sonra həkim nəzarəti altında aparılan müəyyən analizlərdən sonra ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər. Zərdabın effektliyi isə ilk sutka ərzində özünü göstərməyə başlayır.