15 avqust 2022 14:20
1896

Müşfiq Məmmədli:  Qarabağ və Şərqi Zəngəzur ərzaq təhlükəsizliyimizin möhkəmlənməsində mühüm rol oynayacaq

Azad olunmuş bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalına, xüsusən  də taxılçılığın inkişafına  önəm verilir

Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində icrası başa çatdırılmış və  hazırda davam etdirilən tikinti-bərpa işləri ilə tanış olublar.

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşüb, ərzaq təhlükəsizliyi, azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində görülən işlər, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma və Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması məsələləri haqqında danışıb.

Milli Məclisin deputatı Müşfiq Məmmədli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərinin və iqtisadiyyatın, xüsusən də bölgələrimizin inkişafı istiqamətində atılan addımların bariz təcəssümü idi: “Biz bölgələrimizin necə böyük sürətlə və dəyişən zamana uyğun, müasir şəkildə inkişaf etməsinin şahidi oluruq. Bütün bunlarla yanaşı, dövlət başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə biz çox mühüm açıqlamaların və artıq beynəlxalq siyasətin vacib faktoru kimi ölkəmizin regionda söz sahibi olmasının növbəti sübutunu gördük. Cənab Prezident xüsusilə sonuncu “Qisas” əməliyyatı ilə birlikdə həm Ermənistana, həm də region dövlətlərinə vacib mesajlar verdi. Bu mesajlar ondan ibarətdir ki, regionda güc və real söz sahibi Azərbaycandır. Ölkəmiz verdiyi sözlərin arxasındadır, imzaladığı bütün müqavilələrə, razılaşmalara tam olaraq riayət edir və bunu qarşı tərəfdən tələb edir. Riayət etməyənləri isə bu razılaşmalara uyğun addımlar atmağa məcbur edir.”

M.Məmmədli qeyd etdi ki, şanlı ordumuzun son əməliyyatında həm vacib yüksəkliklərin ələ keçirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, həmçinin də artıq razılaşmaya uyğun şəkildə Laçın şəhərinin və ətrafdakı kəndlərin, xüsusən də Sus və Zabux kəndlərinin ermənilər tərəfindən boşaldılması üçün bizim qoyduğumuz zamana müvafiq olaraq addımların atılmasının şahidi oluruq: “Artıq işğalçı Ermənistanın konstruktivliyə gətirilməsinə məcbur edilməsinin müşahidə edirik. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, artıq hər kəs öz yerini bilməlidir. Əks halda “Dəmir yumruq” yerindədir. Cənab Prezidentin sözləri ilə desək, bu razılaşmalardan müxtəlif hoqqabazlıqlar edən şəxslərin təpəsinə “Dəmir yumruq” enəcəkdir. Digər mühüm məsələ ondan ibarətdir ki, bu, həm beynəlxalq birliyə, region ölkələrinə verilmiş mesajdır, həm də ölkəmizin bir manifestidir. Artıq münaqişə həll edilib və bundan sonra bizim qarşımızda abadlıq-quruculuq, ölkə və region iqtisadiyyatının canlandırılması məsələləri dayanır. Ərzaq təhlükəsizliyi Rusiya-Ukrayna münaqişəsi zamanı xüsusilə aktuallaşıb. Bu məsələ ilə bağlı Azərbaycan bütün addımları atır.”

Deputat onu da qeyd etdi ki, artıq taxılın qəbul olunma, alınma qiyməti dövlət tərəfindən kifayət qədər yüksəlmişdir, 580 manat həcmində müəyyənləşdirilmişdir: “Bu da bizim həmin bölgələrdə taxılçılığın, xüsusən Qubadlı, Kəlbəcər, o cümlədən Laçın rayonunda heyvandarlığın inkişafı istiqamətində mühüm addımların atılmasının əhəmiyyəti bir daha vurğulandı. Dövlət başçısı sonrakı məsələlərdə digər azad olunmuş bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalına, xüsusən taxılçılığın inkişafına önəm verildiyini bir daha qeyd etdi. Cənab Prezident strateji xəttə uyğun şəkildə böyük aqroparkların qurulması, kənd təsərrüfatının digər sahələrinin inkişaf etdirilməsi, fermerlərin bu işdə stimullaşdırılması, xüsusən arıçılıq təsərrüfatlarındakı uğurlarımızı vurğuladı. Bütün bunlar onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə əvvəlki barlı-bəhrəli şöhrətini qaytaracaq, həmçinin region ölkələrinə və mənfur qonşularımıza bir örnək olaraq cənnətə və gülüstana çevriləcəkdir.”

Cavid Əkbərov, “İki sahil”