18 avqust 2022 10:02
1502

Vətən sərhəddən başlayır

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür

Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə təsadüf edir. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılmışdır. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərib, milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirib. Ümumiyyətlə, üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2000-ci il avqustun 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında Sərəncam imzalayıb. O cümlədən, 2002-ci il iyulun 31-də Ulu Öndər sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb ki, bu qərar Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlmişdir. 2009-cu ildə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışı zamanı qeyd etmişdi: “Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabr tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü artıq bərpa olundu və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdı. Milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan-İran dövlət sərhədinin işğalda olan hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak edərək əsl igidlik nümunələri göstərdi, rəşadət dastanı yazdılar. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdilər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilərək yüzlərlə canlı qüvvəsi məhv edildi, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız sancıldı, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edildi. Bundan əlavə, AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi döyüş fəndi kimi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilmişdi. Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.

Hal-hazırda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi sürətlə davam etdirilir. İşğaldan azad olunmuş dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə  sərhəd-döyüş məntəqələri fəaliyyətə başlamış, yeni hərbi hissələr yaradılmışdır. Qeyd olunan bölmələrin komplektləşdirilməsi və maddi-texniki təminatı üzrə təxirəsalınmaz işlər uğurla görülməkdədir. Beləliklə, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur. Bu səbəbdən də əminiklə deyə bilərik ki, Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir.

Sevinc Azadi, “İki sahil”