24 avqust 2022 22:17
724

"Kitabi-Dədə Qorqud" zəngin mənbədir FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Könüllülərinin iştirakı ilə “Oxunması zəruri olan kitabların Siyahısında” yer alan “Kitabi Dədə Qorqud” dastanının müzakirəsi həyata keçirilmişdir.

Oxunması zəruri olan kitablar haqqında ümumi məlumat verən mərkəzin elmi katibi Nihad Tarverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, bu kitabların hər biri tərbiyəvi əhəmiyyəti ilə seçilməklə yanaşı, insanın mənəvi cəhətdən zənginləşməsinə, adət-ənənələrimizə, milli əxlaqi dəyərlərimizə sədaqətli olmasında, dünyagörüşünün formalaşmasında əsaslı rol oynayırlar. 

Diqqətə çatdırılmışdır ki, “Kitabi Dədə Qorqud” dastanı Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olmaqla bərabər həm də xalqımızın zəngin mədəniyyətə malik olduğunu sübut edir. Kitabi-Dədə Qorqud dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir. Bir sözlə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.

Qeyd olunmuşdur ki, milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun gənc Könüllülərindən Zeynəb İlyasova, Dilbər Qasımlı, Bağdagül Cəfərli, Çinarə Abdullayeva, Sevinc Baxşəliyeva, Samir Həsənov  “Kitabi-Dədə Qorqud” dastanı haqqında fikirlərini diqqətə çatdırmışlar.

Sonda mərkəzdə yaradılan kitab sərgilərinə baxış olub.