26 avqust 2022 01:15
920

Əhalinin etibarlı ərzaq təminatı əsas məqsəddir

Sirr deyil ki, hazırda bütün dünyada ərzaq təminatı problemləri yaşanır. Son bir neçə ildə enerji daşıyıcılarının kəskin bahalaşması, daşınma-logistika xərclərinin artması, quraqlıq, iqlim dəyişikliyi, koronavirus pandemiyası, Ukraynada baş verən hadisələr nəticəsində əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərinin artmasına səbəb olub. Hətta bəzi Afrika ölkələrində ərzaq qıtlığı real təhlükəyə çevrilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, bahalaşma qarşıdakı aylarda da davam edəcək. Mövcud problemlər dünya bazarında ərzağın, xüsusilə taxılın, bitki yağlarının, un məmulatlarının, heyvandarlıq məhsullarının qiymətinin artmasına səbəb olub. Hesablamalara əsasən, 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiyməti 45 faizdən çox artıb.

Bütün bunların fonunda Azərbaycanda hökumətin gördüyü qabaqlayıcı   tədbirlər ölkə iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa imkan yaradıb. Məsələn, qiymət artımlarının qarşısının alınması məqsədilə hökumət bir neçə tədbirlər paketi hazırlayıb. Həmin sənədlərə əsasən, bəzi ərzaq məhsullarının ölkədən çıxarılmasına müəyyən qadağalar qoyulub, ixrac olunacaq məhsulların miqdarı müəyyən edilib. Süni qiymət artımı ilə əlaqədar ciddi addımlar atılır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət gücləndirilir. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olunduğu təqdirdə bu təşkilat tərəfindən ciddi tədbirlər görülür.

Bundan başqa, Bakı və Abşeron ərazisində müxtəlif yerlərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları fəaliyyət göstərir. Bu yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunur. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.

Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.  2016-cı il dekabrın 6-da  Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmiş və sözügedən hədəfə çatmaq üçün əsas prioritetlər müəyyənləşdirilmişdir. Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq buğdasına olan təlabatını ödəmək üçün xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi istiqamətində işlər davam etdirilir.

Hökümət dünyanı təhdid edən qida təminatı və bahalaşma təhlükəsinə qarşı ardıcıl proqramlar həyata keçirir. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında qeyd edilib ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52,2 milyon manat və ya 13,0 faiz çoxdur.

Bundan başqa, respublikamızda ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək, əhalinin taxıl və çörək məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək üçün iri özəl taxılçılıq təsərrüfatları yaradılıb. Çoxşaxəli dövlət qayğısından istifadə edən istehsalçıların istehsala marağı artıb, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində aparılan məqsədyönlü tədbirlər nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə edilib.

Zahid Rza, “İki sahil”