Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə Azərbaycanın azad edilmiş bölgələrindən biri olan Laçında çıxış etdi. Bu çıxış təkcə dövlət başçısının tarixi qiymətləndirməsi deyil, eyni zamanda gələcək siyasi xəttin də bəyanatı idi.
“Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq,” – deyə Prezident vurğuladı.
Bu ifadə Azərbaycanın 2020-ci ildə əldə etdiyi Qələbənin sadəcə bir hərbi zəfər olmadığını, əksinə, uzunmüddətli dövlətçilik fəlsəfəsinin təməl daşı olduğunu göstərdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu nailiyyət xalqın qürur mənbəyinə çevrilib.
Laçında keçirilən tədbir həm rəmzi, həm də strateji məna daşıyır. Prezidentin qeyd etdiyi kimi, bu torpaqlar uzun illər işğal altında qalıb, lakin artıq buraya həyat, dirçəliş və inkişaf qayıdır. “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın və digər azad edilmiş bölgələr bərpa olunur, infrastruktur qurulur, yeni yaşayış massivləri tikilir.
Prezidentin Laçından xalqa müraciət etməsi, azad edilmiş torpaqlarda əmin-amanlığın, təhlükəsizliyin və dövlət suverenliyinin tam bərqərar olduğunu bir daha nümayiş etdirdi.
Prezident çıxışında Azərbaycan xalqının vəhdətinə və milli birliyinə xüsusi önəm verdi. Vətən müharibəsi zamanı xalqla dövlətin bir yumruq kimi birləşməsi, siyasi iradənin və hərbi gücün sintez olunması Azərbaycanın tarixi Zəfərini təmin etdi. Müstəqillik Günü münasibətilə belə bir çağırışın Laçında səslənməsi, əslində, bu ruhun daimi və əbədi xarakter daşıdığını sübut edir.
Prezident İlham Əliyevin çıxışında önəmli beynəlxalq mesaj da yer aldı:
“Yaşasın Azərbaycan–Türkiyə–Pakistan birliyi və qardaşlığı!”
Bu çağırış regional əməkdaşlıqdan daha artıq – bir mənəvi və strateji ittifaqın təsdiqidir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm çərçivə yaradır.
Prezidentin bu qardaşlıq mesajı eyni zamanda ölkələrin bir-birinin yanında olduğunu, eyni siyasi və ideoloji dəyərləri paylaşdıqlarını nümayiş etdirdi. Bu birlik təkcə bugünün deyil, həm də gələcəyin geosiyasi arxitekturasında mühüm rol oynayacaq.
Prezidentin çıxışında Azərbaycanın müstəqilliyinin dönməzliyi və öz inkişaf yolunu müstəqil şəkildə müəyyənləşdirməsi xüsusi vurğulandı. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, yeni iqtisadi layihələr, yaşıl enerji zonaları və nəqliyyat dəhlizləri Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir.
Bütün bu addımlar dövlətin strateji baxışını və uzunmüddətli hədəflərini əks etdirir. Prezident İlham Əliyev çıxışında bu istiqamətdəki iradəni qəti şəkildə ifadə etdi – Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi heç bir zaman sual altına düşməyəcək.
Prezident İlham Əliyevin 28 may 2025-ci ildə Laçında etdiyi çıxış həm ölkə daxilinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan güclü mesaj idi. Bu çıxış göstərdi ki, Azərbaycan nəinki Zəfər əldə edib, həm də bu Zəfəri qorumaq və inkişaf etdirmək əzmindədir.
Laçın bu gün təkcə bir şəhər deyil – o, Qələbənin, qayıdışın, dirçəlişin və dövlət iradəsinin simvoludur.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi