ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ
Qızıl Orda və ondan törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
Q I Z I L O R D A
Qızıl Orda və vassallıqlarda idarəçilik
Qədim Çingiz yasaları, Böyük Monqol Xaqanlığının ənənəvi təməlləri üzərində effektiv idarəçilik sisteminin formalaşdığı Qızıl Ordada da qədim türklərdə olduğu kimi ali hakimiyyət orqanı qurultay idi. Xanın, onun xanımlarının və oğullarının, yaxın qohumlarının (“oğlan” və “sultan”ların), Göy Orda xanının, hakim tayfa əmirlərinin (bunlar həm də tümən və min bəyləri idilər), təqribən 70-ə yaxın ulus və el başçısının, nüfuzlu əmirlərin iştirak etdiyi qurultaylarda mühüm dövləti məsələlər- xanların seçilməsi və devrilməsi, müharibə elan edilməsi və sülh bağlanması, habelə xan nəslindən olan qızların ərə verilməsi və s. həllini tapırdı. Qərarların istisnasız olaraq, yasaya uyğun çıxarılması mütləq şərt kimi gözlənilirdi. Aydın məsələdir ki, yarlıq (xanın fərmanları, yəni sərəncamverici aktları, eyni zamanda diplomatik yazışmalar və s. mühüm sənədlər küll halında bu terminlə ifadə edilirdi) və qərarların yasaya uyğunluğuna nəzarəti həyata keçirən Yasa Əmiri (Çingiz xanın Yasa Əmiri Çağatay olmuşdu və bu ənənə sonralar da davam etdirilmiş, Yasa Əmiri daim sultanlar və ya bəylər arasından seçilmişdi) qurultayın dəyişməz nümayəndələrindən idi. Uluğ Bitikçi və ya Bitikçi Əmiri adlanan və idarəçilik iyerarxiyasında mühüm yer tutan baş dəftərdar (məmurların ümumi rəhbəri, bir növ, xanın aparat rəhbəri) da qurultay üzvləri arasında yer tuturdu (məlumat üçün: Batı xanın Bitikçi Əmiri Berke xan olmuşdu).
Hakim tayfaların başçıları (orduda tümən bəyi, minbaşı vəzifələrini daşıyan bu əmirlərə XIII-XIV əsrlərdə “ulus bəyləri”, bundan sonra isə “kəraçi bəylər” deyilib) qurultaylararası dövrdə də xan divanının dəyişməz üzvləri kimi ölkə idarəçiliyində müstəsna mövqeyə malik idilər. Bəzi tarixçilər divanı “Dövlət Şurası”, bəziləri isə “Kineş”/ ”Kingeş” (“gənəşmək” felindəndir) adlandırırlar. Bu qurum Qızıl Orda və onun varisləri olan xanlıqlarda siyasi strukturun özəyini təşkil edir, “ulus bəyləri sistemi” üzrə- xanın rəyi nəzərə alınmaqla, hakim sosial fraksiyaların, qəbilə və tayfaların (onların başçılarının) iradəsi əsasında formalaşırdı. Tayfalar və onların əmirləri qurultayda xan seçdikləri şəxsin sonrakı fəaliyyətinə də nəzarət edir, ölkə idarəçiliyində nümayəndəli əsasda (divan üzvləri kimi) təmsil olunurdular. Hərbi məsələlərdə və xarici siyasətdə mühüm rol oynayan divan üzvlərinin xan üzərində real təsir imkanları və hətta veto hüququ da vardı. Verilən qərarlar, imzalanan sənədlər xanla birlikdə onların da möhürləri ilə təsdiqlənməyincə hüquqi qüvvəyə minə bilməzdi. Kəraçi bəylərini öz aralarından seçdiyi şəxs (“uluğ kəraçibəy” və ya “bəylərbəyi”) avtomatik olaraq divanın da rəhbərinə çevrilir və ABŞ-ın Viskonsin Universitetinin professoru U.Şamiloğlunun yazdığına görə, ən azı, xanla bərabər səlahiyyət qazanır, “bəzən xandan daha güclü olurdu”. Qızıl Ordadan törəmə xanlıqların tarixində xanlarla kəraçi bəylər arasında çəkişmə və fikir ayrılıqlarının böyük fəlakətlərlə nəticələndiyi hallar da az olmayıb (aşağıda yeri gəldikcə, bu məsələyə qayıdacağıq). Mərkəzi hakimiyyətin dayanıqlığı, ölkənin sosial-siyasi birliyinin təmin olunması xanla tayfa əmirlərinin dil tapmasından asılı idi. Bu münasibətlərin gərginləşdiyi əksər hallarda maraq toqquşmaları siyasi nikahlar vasitəsi ilə yoluna qoyulurdu.
Qızıl Orda və ondan törəmə xanlıqların sosial dayağını təşkil etmiş hərbi-siyasi aristokratiya sisteminin mahiyyətini incəliklərinə qədər anlamaq üçün Zəki Vəlidi Toğanın Əlişir Nəvai haqqında qeydləri xüsusilə əhəmiyyətlidir. Bu maraqlı mülahizələri müasir ümumtürk elmi-ictimai fikrinin dövriyyəsinə qaytaran Azər Turan yazır: “Əlişir Nəvai və Sultan Hüseyn Bayqara əl-ələ verib Türküstana “fəzilət zamanı” (Babur) yaşatdılar. Nəvainin Sultan Hüseyn Bayqaranın möhürdarı və vəziri olması məsələsinə tarixşünaslıqda ilk dəfə 1939-1940-cı illərdə Z.V.Toğan düzəliş etdi. Toğana görə, Nəvaini Sultan Hüseynin vəziri saymaq böyük xətadır... Zəki Vəlidi bu qənaətdəydi ki, Əlişir Nəvai Sultan Hüseyn Bayqaranın vəziri olmayıb və bunun da bir neçə səbəbi vardı: “Əvvəla, çox zəngin olduğundan maddi baxımdan rəsmi vəzifələrdən istifadə etmək ehtiyacında deyildi. Digər tərəfdən, türk və moğol törəsinə görə, Əlişir Nəvainin mənsub olduğu uyğur qəbiləsi bəyləri mərasim və məclislərdə Barlas, Arlat, Kıyat və Konqrat bəylərindən yer almaq məcburiyyətində idilər (dövlət protokolunun və “ulus sistemi”nin tələbi, görün, necə aydın bir şəkildə təsbit olunur!-N.M.). Əlişir də dövlətdə hökmdardan sonra ikinci şəxs olduğu halda divan iclaslarında, mərasimlərdə zikri keçən qəbilə bəylərindən sonra oturmaq, fərmanlarda möhürünü onların möhürünün altına basmaq məcburiyyətində idi. Məğrur bir insan olduğundan buna heç dözməzdi”... Dövlətini şair dostunun (bir rəvayətə görə, süd qardaşının-N.M.) zövqünə uyğun idarə edən, verdiyi fərmanla onu “rüknüs-səltənə”, yəni “səltənətin dirəyi” elan edən, söhbət üçün şairi saraya çağırmayıb, özü onun hüzuruna gedən Sultan Hüseyn Bayqara Nəvaini səltənətin, az qala bütün səlahiyyətlərinə hakim qıldığı təqdirdə, bəs nə üçün məclislərdə Barlas, Arlat, Kıyat və Konqrat bəylərindən oluşan sıralama qaydasını pozmur? Əlişir Nəvainin yerini birinci sırada təyin etmək hökmdar üçün bu qədərmi çətindir? Toğan bunun da izahını verib: “Bəzi qəbilələrin bəylərini digərlərindən üstün oturtmaq hökmdarın əlində olan bir iş deyildi. Çünki bu, Çağatay ulusunun türk-moğol qəbilələri arasında uyğur qəbiləsinin ənənəvi mövqeyini dəyişdirmək olardı”. Səltənət isə hökmdarın istəyi və zövqüilə deyil, törənin qanunları ilə idarə olunurdu”.
Yeri gəlmişkən, türk törəsi ilə eyni nisbətdə həm də Çingiz yasaları ilə bağlılığı şübhə doğurmayan “ulus sistemi” haqqında söz açan müəlliflər ümumilikdə təxminən 7-9 “qəbilə”dən (klassik anlamda bunlar kiçik qəbilələr deyil, iri tayfa ittifaqları sayılmalıdır) bəhs edirlər. Bunlar, əsasən, Kıyat, Konqrat, Manqıt, Şirin, Barın, Barlas, Arqın, Arlat, Secut və Noqay boylarıdır (adıçəkilən boyların uzun bir tarixi dövr ərzində, Çingizxan imperiyasının, demək olar, bütün torpaqlarında mövcudluğunu qoruması heyrətamiz və qanunauyğun sayılmalıdır). Yerindən, vaxtından, tarixi-coğrafi şəraitdən asılı olaraq konfederasiyaların sayı artıb-azalır (tarixçilər Qızıl Ordada “4 bəy sistemi” olduğunu yazırlar, Z.V.Toğan da Çağatay ulusunda 4 hakim qəbilədən bəhs edir, xanlıqlar dövründə isə onların artmağa meyl etdiyini görürük), eyni zamanda daxili iyerarxiyası dəyişirdi. Misal üçün, Krımda şirinlərin, Noqay Ordasında noqayların, Həştərxanda konqratların (kuratların) və müvafiq olaraq, onların əmirlərinin dominant mövqe tutduqları məlumdur. Sayca çox olan, xəzinəyə daha çox vergi ödəyən, orduya daha çox qoşun verən qəbilələr, bu iyerarxiyada üstün yer tutur, bəylərbəyilər onların əmirlərindən seçilirdi. Bəzən hakimiyyətdə möhkəmlənən xanların köçürmələr yolu ilə qəbilə iyerarxiyasını dəyişməyə cəhd etdiklərini də bilirik.
Ölkənin maliyyə-təsərrüfat işlərinə rəhbərlik edən vəzir (“atalıq” da adlanmışdır) icra hakimiyyətinin, baş qazı və baş yarğıç məhkəmə hakimiyyətinin, yasavul isə hüquq-mühafizə təşkilatının başında dururdular. Bitikçi və dəftərdarlar, hərbi silkin yüksək vəzifəli təmsilçiləri olan bahadır (batır) və kazaklar, vilayət və şəhərlərin daruğaları (bu söz bizim dilimizə “darğa” kimi daxil olub), damğaçıları, elçilər, habelə qazılar və yarğıclar (qazılar şəriət, yarğıclar isə örf və adətlə bağlı məhkəmə işlərinə baxırdı) sosial vertikalın yuxarı hissəsində qərar tutur, hamısı bir yerdə Qızıl Ordanın ali zadəgan zümrəsini təşkil edirdi. Eyni ənənənin Hülakular dövründə də gözlənildiyini görürük. Yuxarıda istinad etdiyimiz “Azərbaycan tarixi”ndə qeyd olunduğu kimi, Hülakuların ədliyyə sistemi iki böyük hissəyə ayrılırdı. Şahzadələrə, köçəri feodallara, hərbi hissələrə aid mübahisələr Çingiz xanın yasasına əsaslanan “yarğu” (yarğı) məhkəmələrində, yerli əhaliyə aid mübahisələr isə qəza məhkəmələrində şəriət qanunları əsasında (qazılar tərəfindən) aparılırdı. Yarğının şəriət məhkəmələrinin işinə müdaxilə etməsi qanunla qadağan edilmşdi.
Əhalinin əksər hissəsi isə dövlətə və öz ağalarına vergilər ödəyən, müxtəlif mükəlləfiyyətlər yerinə yetirən “qara xalık”dan ibarət idi. Qara camaatdan 20-yə yaxın müxtəlif vergi növü alınırdı: əkinçilər hasadın (toplanan məhsuldan) onda biri həcmində “yasaq-kalan”, maldarlar sürülərinin yüzdə biri sayda “kopçur”, tacirlər dövriyyələrinə uyğun “tamğa” ödəməli idilər. “Kəllə vergisi” (“can vergisi”) ilə birlikdə “uluğ mal” və ya “talay” adlanan vergi də alınırdı ki, indiki sistemlə “daşınmaz əmlak vergisi”nə uyğun gəlir. Bundan əlavə ordu və yam (poçt) təsisatının saxlanılması üçün bir neçə vergi və mükəlləfiyyət də mövcud idi: “ordu parası”, “ulaq (poçtalyon) vergisi”, “körpü parası”, “ov parası”, habelə ulaqlara və dövlət işləri ilə bağlı yola çıxan dövlət məmurlarına ərzaq, onların atlarına yem təminatı məqsədi ilə “süsün”, “sabanlıq”, “salıq-müsəmma”, “anbar malı”, “elçi-qonaq” və s. Çeşidləri çox olsa da, Qızıl Ordada vergilərin aşağı olması tarixşünaslıqda xüsusi vurğulanır. Frederik Starın qeyd etdiyi kimi, “monqol vergi təcrübəsi... yalnız az həcmli vergilərin tətbiqini nəzərdə tuturdu”. Eyni sistem vassallıqlara da aid idi. Məsələn, rus knyazlıqlarında da “kəllə vergisi”, mal və mülkdən “aşar” (onda bir), “baca” və ya “tütün” vergisi (“bacadan çıxan tüstüyə görə” hər evdən toplanırdı) kimi ənənəvi vergilər tətbiq edilirdi. Vergilərin vaxtı-vaxtında yığılması üçün cavabdehliyi, əsasən, “daruğalar” daşıyırdılar. Yerlərdə maliyyə işlərinin yerinə yetirilməsi də onlara həvalə olunurdu. Asılı yurdlarda darğaların səlahiyyətləri daha geniş idi (bu haqda aşağıda bəhs açılacaq). Dini səciyyəli zəkat və başqa vergilər isə ruhanilər tərəfindən toplanırdı. İmperiyanın müsəlman olmayan əhalisi həm də “cizyə” ödəyirdi.
Ölkənin başlıca inzibati mərkəzləri uluslar idi. Uluslar artıq qeyd olunduğu kimi, adətən xanın öz oğullarına, yaxın qohumlarına, habelə sərkərdələrə və yüksək zadəganlara bəzən mülk kimi, bəzən isə idarəçiliyə verdiyi yurdluqlarda yaranırdı. Uluslar Qızıl Ordanın vilayətləri, ulus başçıları böyük xanın valiləri statusu daşıyırdılar. Ulusların mərkəzlə və bir-biri ilə rabitəsini həyata keçirmək məqsədi ilə dünyada ilk poçt-nəqliyyat sistemi (“yam”) qurulmuşdu. Bu təşkilatın əsasının Çingizxan dövründə qoyulduğu söylənilsə də onun təkmilləşib peşəkar fəaliyyət göstərməsi Ögedey xanın hakimiyyəti illərinə (1229-1241) aid edilir. Bu zaman ölkə ərazisi “mənzil”lərə (bir günlük yol) bölünmüş və hər 45 kilometrdən bir yam məntəqələri tikilmişdi. (Elxanilərdən Qazan xanın dövründə Hülakular dövlətinin də bütün ərazisi vahid rabitə sistemi ilə əhatə olunmuş, əsas yollarda hər 3 fərsəxdən (indiki ölçü vahidi ilə hər 21 kilometrdən) bir dayanacaqlar qurulmuş, yamlara əmirlər təyin edilmiş, qulluqçular və lazımi qədər at ayrılmışdı.) Stansiya tipli məntəqələrdə dövlət adamlarının, tacirlərin, ulaq və xarici səfirlərin dincəlməsi, atlarını dəyişməsi üçün hər cür şərait yaradılırdı. Lazım gəldikdə yam süvariləri əvəzlənə də bilir, yarlıklar növbəti mənzilə başqa bir ulaqla çatdırılırdı. Yam məntəqələrinin iaşə məsələləri yaxınlıqda yaşayan əhali tərəfindən həll edilirdi. Bu məqsədlə xüsusi vergi (“kubçiri”) toplanırdı. Yam təşkilatı nəhəng imperiyanın bütün ərazisini əhatə edir, xanın əmr və tapşırıqları, dövlət məlumatları təxirə salınmadan ölkənin dörd bir yanına çatdırılırdı. O dövr üçün inanılmaz operativlik əldə olunmuşdu. Qızıl Orda uluslarının bəzən yüzlərlə kiçik inzibati vahidə (el və s.) bölünməsinə rəğmən yerli məhkəmə və vergi məsələləri ilə birlikdə həm də ordu quruculuğu üçün cavabdehlik daşıyan el bəyləri bütün yeniliklərdən vaxtında xəbərdar olurdular. Qızıl Ordanı dünya tarixinin ən güclü hərbi-siyasi monarxiyasına çevirən əsas amillərdən biri də elə budur.
Ümumilikdə götürsək, ordu, bu möhtəşəm dövlətin onurğa sütununu təşkil edir, xanın, əyanların şəxsi dəstələrindən, ulus və şəhərlərin, habelə hərbi əməliyyatlar zamanı müttəfiqlərin çıxardığı qoşunlardan ibarət olurdu (türk-monqol qoşunlarının ümumi sayı barədə fikirlər müxtəlif olsa da, zənn edirik, orta rəqəm kimi 250 min civarı götürülə bilər). Yüksək dərəcədə hərbiləşmə bütün dövlət təsisatlarının (siyasi, sosial, inzibati və s.) bir başlıca amala - ordunun güclənməsinə xidmət etməsini şərtləndirirdi. Kimliyindən asılı olmayaraq bütün zadəganlardan hərbi bilik və bacarıq tələb edilirdi, hamı hər an səfərə çıxmağa hazır olmalı idi. Bir çox tarixçilərin tümənləri (on min nəfərdən ibarət hərbi-sosial birlik) inzibati vahidlər sırasında qeyd etmələri də sosial strukturlaşmanın spesifikasından irəli gəlir. Tümənbaşı, minbaşı, yüzbaşı, onbaşılar dinc dövrdə hərbi və mülki funksiyalar yerinə yetirir, tabeçiliklərində olan ərazilərdə qoşun toplayır, ona təlim keçir, hərbi səfərlər zamanı bu qoşuna rəhbərlik edirdilər. Hər tümən (min, yüz, on) bəyi yürüşlərə müvafiq sayda qüvvə çıxarmalı, qoşunun at və yaraq-əsləhələrini tədarük etməli idi. Ağır silahlarla təchiz olunmuş xüsusi hərbi bölmələrin başçıları əyanlardan, onların övladlarından və qohumlarından seçilirdi. Ordu, əsasən, süvarilərdən, atlı oxçulardan, piyadalardan təşəkkül tapır, müdafiədə odlu silahlardan da istifadə olunurdu. Sərt nizam-intizama malik Orda qoşunları yüksək mobilliyi və çevikliyi, taktiki manevr imkanları, strateji planlaşdırma qabiliyyəti və başqa xüsusiyyətləri ilə öz dövründəki hərbi bilik və bacarıqların fövqünə yüksəlmişdi. Buna görə də onu təbiətin dağıdıcı qüvvələrinə (tufan, qasırğa, sel, vəba, taun) bənzədirdilər. Geniş yayılan fikir bu idi ki, dünyanın yarısını qarşısında diz çökdürmüş Qızıl Orda ordusu stixik bir qüvvədir və hər hansı hərbi güc və məharətlə ona batmaq mümkün deyil.
Əlbəttə ki, bu fikir vassallıqlarda (xüsusən, rus knyazlıqlarında) daha geniş yayılmışdı. Səbəb aydındır: bu ölkələrin itaət altına alınması böyük məşəqqətlər hesabına başa gəlmiş, idarə olunması isə bir çox hallarda amansız cəza tədbirlərinə və sərt nəzarətə əsaslanmışdı. Bununla belə idarəçilik sistemində yerli üsullardan tam imtina olunmur, knyazlar biət etmək şərti ilə əksər hallarda vəzifələrində saxlanılırdı. Formal olaraq, vassallıqlar Böyük Xaqana tabe sayılsa da, faktiki idarəçilik həmişə Qızıl Orda xanları tərəfindən həyata keçirilirdi. Batı xan vassal yurdlara müttəfiq kimi baxır, onların məhəlli-mədəni, iqtisadi-təsərrüfat və məişət məsələlərinə qarışmır, ictimai asayişin qorunmasına böyük önəm verirdi ki, bu da onun bir dövlət xadimi kimi uzaqgörənliyini göstərir. Tabeçilik şərtləri Çingizxan dövründən müəyyənləşmişdi və ayrı-seçkilik qoyulmadan eynən yerinə yetirilirdi. Mütləq şəkildə əməl olunmalı şərtlərlə (biət etmək və xərac ödəmək) birlikdə asılı ölkələrin başçıları mərkəzi hakimiyyətin nümayəndələrinə normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaratmalı, onların əmr və göstərişlərinə sözsüz boyun əyməli, vergi ödəyicilərinin dəqiqləşdirilməsi məqsədi ilə əhalini siyahıya almalı, torpaqlarında yam (poçt) təşkilatının qurulması üçün zəruri tədbirlər görməli idilər. Bundan başqa tələb olunduğu hallarda qardaşlarını, yaxud oğullarını girov qoymaqdan (“amanat” sistemi), ümumi qoşuna əsgər göndərməkdən də imtina edə bilməzdilər.
Rürik sülaləsinə mənsub rus knyazları sədaqət andı içib biət etdikdən sonra yarlıq (burada idarəçilik hüququ verən vəsiqə) alırdılar. Udel knyazları ilə birlikdə böyük knyazın da təsdiqlənməsi (ona “qızıl yarlıq” verilirdi) Orda xanının səlahiyyətində idi. Böyük knyaz Rus ellərində Orda xanının əsas səlahiyyətli nümayəndəsi kimi (o, bir növ, bütün udellərin və udel knyazlarının başçısı hesab edilirdi), xəracın hamı tərəfindən vaxtı-vaxtında və tam həcmdə toplanılmasını, əmr və göstərişlərə qeyd-şərtsiz əməl olunmasını, özbaşınalıq edənlərin və asilərin cəzalandırılmasını təmin etməyə borclu idi. Həmvətənlərini xanın qəzəbindən qorumaq istəyən, vassal durumuna düşməyi Allahın iradəsi kimi qəbul edib aqibəti ilə barışan (hər halda özlərini belə göstərən) böyük knyazlar bir qayda olaraq Ordaya sədaqətlə qulluq edir, anlaşmaları pozan soydaşlarını özləri cəzalandırmaqla daha böyük fəlakətlərin qarşısını almağa çalışırdılar. Çünki çox vaxt qurunun oduna yaş da yanırdı. Vladimir knyazı Yaroslav (Vsevolod Bolşoye Qnezdonun - “Böyük Yuva”nın - oğlu olan Yaroslav 1190-1246-cı illərdə əvvəlcə Novqorodda, sonra isə Vladimirdə knyazlıq etmişdi) öldükdən sonra onun böyük oğlu Andrey atasının vəzifəsi ilə birlikdə həm də “qızıl yarlıq”ına sahib olmuşdu (kiçik oğlu Aleksandr isə Novqorod knyazlığına layiq görülmüşdü). Lakin çox keçmədən Andrey xəracı ödəməkdən imtina etməklə öz knyazlığını da, qardaşını da, qonşu yurdları da təhlükəyə atdı. Aleksandr (sonradan “Nevski” ləqəbi ilə məşhur olan knyaz) tədbirli davranmasaydı, bütün əhali tatar qoşunlarının qəzəbinə düçar olacaqdı. Çünki xərac toplanılması Ordanın vassallıqlarla münasibətlərində guşə daşı rolunu oynayır, onu ödəməkdən imtina etmək üsyankarlıq hesab edilirdi. Aleksandr xanla görüşüb razılaşaraq, qırğının qarşısını almış, böyük knyaz olduqdan sonra da bu həssas və prinsipial məsələni daim diqqətdə saxlamış, rus yurdlarını fəlakətlərə sürükləyənləri amansızcasına cəzalandırmış, mərkəz tərəfindən cəza yürüşləri keçirilməsinə yol verməmişdi. “Aleksandr Nevskinin həyatı” adlı yarımsalnaməvi, yarımədəbi abidədə “Batının oğulluğunu qəbul etmiş Aleksandr Nevski həm öz torpaqlarını, həm də digər rus torpaqlarını yadellilərdən qorumuş ideal rus knyazı kimi təsvir edilir və müqəddəs şəxs qismində təqdim olunur. “Qaliç-Volın salnaməsi”nin əsas qəhrəmanı Daniil Romanoviç də Batının təbəəliyini qəbul etməklə öz torpaqlarını dağıntılardan qoruyur və tatar qoşunlarının sərkərdəsi qismində macarlar üzərinə döyüşə rəhbərlik edir (T.Vəlixanlı).
Mərkəzi hakimiyyətlə münasibətlər baxımından Novqorod hadisələri xüsusilə ibrətamizdir. Boyarlar respublikası (var-dövlətinə, cah-cəlalına, qüdrətinə və əlbəttə ki, məğrur davranışına görə Rus ellərində bu şəhər-respublika “cənab Böyük Novqorod” adlandırılırdı) olan Novqorodda mühüm qərarlar “veçe” adlanan ümumi yığıncaqda çıxarılırdı. 1257-ci ildə əhalinin siyahıya alınması haqqında əmr gələndə (rus yurdlarında əhalinin sayılması ilk dəfə 1240-cı illərdə aparılmışdı) vergidən yayınmaq istəyən boyarların təşviqi ilə veçe buna razılıq vermədi. Xanın qərarına qarşı çıxmaq Ordada yolverilməz cinayət sayılır və cavabı olduqca sərt verilirdi. Vaxtilə Novqorodu idarə etmiş böyük knyaz Aleksandr (Nevski) veçedə qərarların necə çıxarıldığını da, kütləni kimlərin idarə etdiyini və qızışdırdığını da (özü də onlardan az çəkməmişdi), gözlənilən təhlükənin miqyasını da yaxşı bilir və anlayırdı. Odur ki, mümkün faciəni önləmək üçün vaxt itirmədi, dərhal şəhərə qoşun yeridərək qiyamı yatırdı. Lakin cinayəti cəzasız buraxmaq mümkün deyildi. Aleksandr tərəddüd etmədən veçedə söz sahibi olan qudurğan boyarların hamısının gözlərinə mil çəkdirdi. Bu, görünməmiş bir qəddarlıq idi və hərəkətinin Ordada razılıqla qarşılansa da, ruslar arasında hiddət doğuracağını görən böyük knyaz, bu tarixi addımı atarkən qızmış kütlənin qarşısında məqsədini aydın bir tərzdə açıqlamış, qiyama rəhbərlik edənlərin bəsirətsizliyini və yekəxanalığını bağışlanmaz məsuliyyətsizlik və günahsız xalqı heç nədən qırğına vermək cəhdi kimi qiymətləndirmişdi. Onun sözləri bu gün də ruslar arasında zərb-məsəl kimi xatırlanır: “Bir göz ki, aşkar həqiqəti görməyəcək, kor olsa yaxşıdır”. Aleksandr bununla öz xalqına acı reallıqla barışmaq dərsi vermək istəmiş və buna nail ola bilmişdi. Sonralar da bir çox rus knyazları analoji durumlarda onun yolu ilə getməkdən çəkinməmişlər. XIV əsrin əvvəllərində Moskva böyük knyazı İvan Daniloviçin (tarixdə İvan Kalita kimi tanınır) Özbək xanın qoşunları ilə birlikdə Tver və Rostovda keçirdiyi sərt cəza tədbirləri buna misaldır.
İvan Daniloviçin dövründə Böyük Moskva knyazlığının illik xəracı ton yarım gümüşə bərabər idi. Xəracın toplanması və təhlükəsiz şəkildə çatdırılması üçün böyük knyazla birlikdə Rus elinə təhkim olunan yüksək vəzifəli Orda məmurları da məsuliyyət daşıyırdılar. Asayişin təminatı, mükəlləfiyyətlərin tam həcmdə yerinə yetirilməsi, pozucu hərəkətlərin qarşısının alınması məqsədi ilə 1257-1259-cu illərdə “baskak” təsisatı yaradılmışdı. Vassal əyalətlərdə xan hakimiyyətini möhkəmləndirmək üçün bütün yaşayış məskənlərində həyətlər və təsərrüfatlar üzrə vahid vergi və mükəlləfiyyətlər sistemi təsdiq olunmuşdu. Bu dövrdə Rus elində ən yüksək statuslu tatar valiləri baskaklar sayılırdı. Rus knyazları və əhalisi üzərində nəzarət funksiyasını yerinə yetirdikləri üçün onların əmrinə hərbi dəstə verilirdi. Tarixçilərin fikrincə, sadə ruslar Qızıl Orda dövlətinin təmsilçisi kimi yalnız baskak və darğaları tanıyır, daha doğrusu, vergilərin toplanılması, mükəlləfiyyətlərin yerinə yetirilməsi əsnasında onların səlahiyyətli nümayəndələri ilə ünsiyyətdə olurdular. Berke xan rus knyazlıqları üzərində hakimiyyətin genişləndirilməsi (vergilərin artması, əsgər və sənətkarların dövlət işlərinə cəlb olunması, tanınmış ustaların Saraya göndərilməsi və s.) ilə əlaqədar darğalıq təşkilatını qurmuş, mülki və hərbi quruculuq işlərini bu təşkilata tapşırmışdı. Əhalinin qeydə alınması, vergilərin və xəracın toplanıb çatdırılması, poçt və əsgərlik məsələlərinin nizamlanması darğaların səlahiyyət dairəsinə daxil idi. Bəzi hallarda onlar da xərac və vergilərin toplanılması işini müəyyən muzd müqabilində ayrı-ayrı şəxslərə həvalə edirdilər. Ruslar belələrinə “otkupşik” deyirdilər. 1262-ci ildə bu işi Buxara müsəlmanlarının, Yaroslavlda Zasima adlı müsəlmanlığı qəbul etmiş bir rusun və s. gördükləri məlumdur. Aydındır ki, “otkupşik”lər vergi və xəracın süni şəkildə, bir çox hallarda isə özbaşına artırılması yolu ilə varlanmaq niyyəti güdürdülər və bu da yerli əhalini narazı salır, bəzən bu zəmində lokal toqquşmalar baş verirdi. Moskva böyük knyazı İvan Kalitanın Orda xanı tərəfindən bütün Rus elinin xəracını toplamaq hüququna layiq görülməsi də belə halların qarşısını almağa hesablanmışdı. Bu, eyni zamanda udel knyazları arasında böyük knyazın nüfuzunu bir qədər də artırmışdı. Onu da qeyd edək ki, “qızıl yarlıq”, sahibinə daha geniş imtiyazlar yaratdığı üçün (məs., Tver knyazının bu üstünlükdən sui-istifadə edərək Moskva knyazlığına aid torpaqları zorla ələ keçirdiyi məlumdur) udel knyazları arasında çəkişmə və didişmə predmetinə çevrilirdi ki, bu da Qızıl Orda tərəfindən Rus eli üzərində əlavə siyasi təsir, yeri gələndə təzyiq aləti kimi istifadə edilirdi. XV əsrdə elə vaxt olmuşdu ki, xan, həm Suzdal (Dmitri Konstantinoviç), həm də Moskva knyazına (Dmitri Donskoy) “qızıl yarlıq” vermiş, bununla onları toqquşdurub müharibə həddinə çatdırmışdı (doğrudur, pravoslav kilsəsinin vasitəçilyi ilə ixtilaf yoluna qoyulmuşdu). Ümumiyyətlə, mərkəzi hakimiyyət rus knyazlıqlarında iqtisadi-siyasi vəziyyəti daim ciddi nəzarət altında saxlayır, hər hansı knyazlığınsa güclənməsinə, etnik-siyasi və ya dini mərkəz rolu qazanmasına, udellər arasında balansın pozulmasına yol vermir, bu məqsədlə müxtəlif üsul və metodlardan istifadə edirdi. XIV əsrin ortalarında Özbək xanın Moskvaya rəqib kimi Böyük Nijeqorod-Suzdal knyazlığını təsis etməsi buna misal ola bilər. Xülasə etsək, vassallıqlarda, ilk növbədə isə Rus elində səmərəli idarəçiliyin təməl prinsiplərini məhz dəqiq və çevik funksionallıq, mərkəzdən ciddi nəzarət və təxirəsalınmaz reaktivlik təşkil edirdi. Təsadüfi deyil ki, rus knyazlıqlarının Dmitri Donskoy ətrafında birləşmə cəhdləri məhz Qızıl Ordada mərkəzi hakimiyyətin zəiflədiyi, xanların tez-tez əvəzləndiyi dövrdə baş tutmuşdur.
İqtisadiyyat, şəhərçilik və mədəniyyət
Qızıl Orda monarxiyasının hərbi-siyasi qüdrəti möhkəm iqtisadi strukturlaşmaya əsaslanırdı. İqtisadi fəaliyyət iqlim şəraitinin və torpaqların yaratdığı imkanlarla şərtlənirdi. İqlim qurşaqları kimi təsərrüfat sahələri də çoxcəhətli idi. İmperiya ərazilərinin əksər qismini çöllər (bozqır) təşkil edirdi. Çöllərdə əhali köçəri və yarımköçəri həyat tərzi keçirir, köçərilər tez-tez yaşayış məskənlərini dəyişir, yarımköçərilər yayda cənubdan şimala, qışda isə əksinə köç edir, əsasən heyvandarlıqla (qoyunçuluq, atçılıq, maldarlılq) məşğul olurdular. Bununla belə Qızıl Orda iqtisadiyyatında əkinçilik də mühüm yer tuturdu. Üçtarlalı sistem əsasında başlıca olaraq dənli bitkilər yetişdirilirdi. Orda nəinki özünü çörəklə tam təmin edir, hətta xaricə də taxıl göndərirdi. Bağçılıq və meyvəçilik geniş yayılmışdı. Daxili və xarici ticarət ölkə iqtisadiyyatında xüsusi yer tuturdu. Tacirlər xanlığın zəruri mal və məhsullarla təminatını həyata keçirməklə yanaşı xüsusi tapşırıqlar da yerinə yetirir, eyni zamanda mühüm informasiya daşıyıcıları kimi Qızıl Ordanın xarici siyasətinin formalaşmasında dolayısı ilə iştirak edirdilər. Onlara yam xidmətlərindən geniş istifadə imkanları yaradılır, ticarət karvanlarının təhlükəsizlyi yüksək səviyyədə təmin edilirdi. Dövlət, zərurət yarandıqca, hətta tacirlərin maliyyə ehtiyaclarının aradan qaldırılmasına da yardım göstərirdi. Bu dövrdə ticarətin inkişafını təşviq etmək məqsədi ilə ortaqlıq institutu yaradılması xüsusi maraq doğurur. Uyğurlardan götürülmüş bu təsisat strateji əhəmiyyət daşıyan və yüksək gəlir vəd edən ticarət sahələrinin dövlət tərəfindən kreditləşdirilməsini nəzərdə tuturdu. “Dövlətin ortağı” statusu alan tacirlər əlavə maddi imkanlar və vergi imtiyazları əldə edir, qonşu ölkələrdə müasir ticarət nümayəndəliklərinə bənzər qurumlar yaradır, inzibati resurslardan faydalanırdılar (müharibələr zamanı dövlət öz “ortaq”larının karvanlarına döyüş bölgələrindən keçid təmin edir, əsir götürülən tacirlər və onların malları ilk növbədə azad edilirdi və s.). Məhz bu üstünlüklər sayəsində Qızıl Orda tacirləri Yaxın və Orta Şərq, habelə Avropa ölkələri ilə geniş əlaqələr qurur, iqtisadiyyatın çiçəklənməsinə dəyərli töhfələr verirdilər. Orta Asiya, Elxanilər, Məmlüklər, Bizans, Litva, Venesiya və Genuya ərazilərinə əsasən xəz-dəri məmulatları, cins atlar, əsirlər, dənli bitkilər, pendir, balıq, mal-qara aparılır, qayıdanbaş bəzək və zinət əşyaları, çini qablar, ipək, qızıl-gümüşlə işlənmiş silahlar, parça və xalçalar, inci, mərcan və s. gətirilirdi. Çin və Hindistandan alınan ipək və ədviyyatın böyük bir hissəsi tranzit yolu ilə Qərbi Avropaya ixrac edilirdi. Bəzi şəhərlərdə yunanların və İtaliya şəhər-respublikalarının ticarət-sənətkarlıq koloniyaları (Kəfədə genuyalılar, Azakda venesiyalılar və s.) fəaliyyət göstərirdi. Şəhərlərdə müxtəlif sənət sahələri (dəmirçilik, silah işi, dəriçilik, dulusçuluq, zərgərlik, şüşə istehsalı və s.) inkişaf etmişdi.
Deyilənlərdən də göründüyü kimi, Qızıl Orda heç də bir “step imperiyası” deyildi. Onun ərazisində böyük ticarət, idxalat-ixracat mərkəzləri və tranzit məntəqələri kimi mühüm əhəmiyyətə malik 30-dan artıq iri şəhərin olduğu mənbələrlə təsbit edilir. Dnestryanıda Akkerman (Belqorod), Əskişəhər, Krımda Qırxər, Orta Volqaboyunda Bulqar (Əski Kazan), Cuketau, Kazan, Kaşan, Muxşa, Aşağı Volqaboyunda Ukek, Saray əl-Məhrusə, Saray əl-cədid (Saray Berke), Hacıtərxan, Şimali Qafqazda Macar, Dərbənd, Orta Asiyada Xarəzm, Ürgənc, Gülüstan, Aralyanı ərazidə Cənd, Sığnaq, Otrar, Sayram, Sibirdə İskər, Tümen və başqa məşhur şəhərlərlə (bir çox mənbələrdə bu siyahıya Bakı, Təbriz, Şabran, Şamaxı da daxil edilir) birlikdə ulus, əmirlik, el, dairə və başqa inzibati-ərazi vahidlərinin mərkəzi olan 150-dən artıq şəhər tipli məntəqələr məlumdur. Bunların arasında adi möhkəmləndirilmiş istehkamlar da, müasir dillə “meqapolis” adlandıra biləcəyimiz iri yaşayış məntəqələri də yer alırdı. Əksər şəhərlərin ətrafında geniş oturaq-əkinçi təsərrüfatları salınırdı. Monqol imperiyasının paytaxtı Karakorum 30 ilə tikilmişdi. Şəhərin ərazisi 375 hektar, əhalisi 30 min nəfər idi. Memarlıq və şəhərsalma sahələrində uzun müddət örnək götürülmüş Karakorum o dövrdə dünyanın ən böyük və varlı şəhəri sayılırdı. Ənənəyə görə, elm, ticarət, mədəniyyət mərkəzi olan şəhərlər (paytaxt istisna edilməklə) Böyük xaqana tabe olur və əksər hallarda yerli müsəlman ailələrinin idarəçiliyinə verilirdi (məs., Amu-Dəryadan Şərqi Türküstana qədər geniş bir ərazidə yerləşən qədim Mərkəzi Asiya şəhərləri coğrafi cəhətdən Çağatayın mülkünə aid olsa da, Mahmud və Məsud Yalavac qardaşları tərəfindən idarə olunurdu). Bu şəhərlər, bir növ, avtonom olub, vergilərini ulus xanına deyil, birbaşa Orda xəzinəsinə ödəyirdi.
Qızıl Ordanın əsas administrativ mərkəzləri Bulqar (Əski Kazan), Saray Batı (hazırkı Həştərxan yaxınlığında) və Saray Berke (hazırkı Volqoqrad yaxınlığında) idi. Ordanın birinci paytaxtı Saray əl-Məhrusə (Saray Batı) Batı xanın qıpçaq səfərindən sonra Volqa çayının sol sahilində salınmış və Berke xan müsəlmanlığı qəbul etdikdən sonra türk-İslam mədəniyyətinin incilərindən birinə çevrilmişdi. İslam aləmi ilə əlaqələr genişləndikcə Xarəzm memarlığı üslubunda inkişaf edən bu şəhərdə məscid və mədrəsələr, türbə və karvansaralar, hamamlar funksional təyinatına görə fəaliyyət göstərməklə yanaşı, həm də bənzərsiz sənət abidələri idi. İmperiyanın ortasında, eləcə də böyük ticarət yollarının kəsişməsində yerləşdiyi və geniş iqtisadi əlaqələrə malik olduğu üçün Saray Batı XIV əsrin ortalarında artıq Avropanın ən böyük şəhərlərindən biri idi. Ərazisi həndəvərindəki qəsəbələrlə birlikdə 36 kvadrat kilometrə, əhalisi isə 75 min nəfərə çatmışdı. Mərkəzləşmiş su və kanalizasiya kəmərləri çəkilmiş, bişmiş kərpicdən möhtəşəm saraylar, ictimai binalar, malikanələr tikilmişdi. Saray Berke adı ilə daha çox tanınan Saray əl-Cədid şəhərinin yaranma tarixi bir qədər mübahisəlidir. Bəzi tarixçilər onun 1260-cı ildə Berke xan, bəziləri isə təqribən XIV əsrin ortalarında (1340-cı ildə) Özbək xan tərəfindən salındığı fikrinə tərəfdar çıxırlar. Hər bir halda şəhərin Qızıl Ordanın ikinci paytaxtı kimi çiçəklənmə dövrü Özbək xanın oğlu Canıbəyin səltənət dövrünə (1341/42-1357) təsadüf etdiyi şəksizdir. Bu dövrdə orta əsrlərin ən çiçəklənən şəhərlərindən birinə çevrilən Saray əl-Cədid planlaşdırma və infrastruktur baxımından daha əlverişli və etibarlı şəhər sayılırdı. Bəzi məlumatlara görə, Saray Berkenin əhalisi 100 mini ötürdü. İbn Batutanın səyahətnaməsindən 1330-cu illərdə burada 13 böyük cümə məscidinin, onlarla məhəllə məscidinin olduğunu öyrənirik.
Ərəb mənbələrinin yazdığına görə, Qızıl Orda şəhərlərində münbit elm və təhsil mühiti yaranmış, astronomiya, təbabət, coğrafiya kimi elmlər geniş intişar tapmışdı. Frederik Starın “İtirilmiş maarif” əsərində Mərkəzi Asiya şəhərlərində aparılan elmi tədqiqatların başlıca istiqamətlərinə dair kifayət qədər zəngin material toplanıb. Ədəbi dilin yaranması, bədii, elmi, tarixi üslubların formalaşması bu dövr üçün mütərəqqi haldır. “Türki” adlandırılan (bəzən “xaqaniyyə” də deyilir) bu ədəbi dil əvvəlcə Volqaboyunda meydana gəlmiş, sonradan bütün Qızıl Orda ərazilərinə yayılmışdı. Türk-tatar ədəbiyyatının qədim nümunələri sayılan bir çox mənzum və mənsur əsərlər “türki” dilində qələmə alınmış və ya bu dilə tərcümə edilmişdir. Qızıl Ordada ədəbi prosesin ən ümumi və səciyyəvi xüsusiyyətlərinə toxunacaq olsaq, iki mühüm cəhətə diqqət yetirməliyik. Bunlardan biri bədii əsərlərin əksəriyyət etibarilə dini maarifçi mahiyyət daşıması, ikincisi isə nüfuzlu zadəganların, boy bəylərinin sifarişi ilə qələmə alınmasıdır.
M.F.Köprülü “Ribati-Oğuzdan olan” Rəbğuzinin “Qisasül-ənbiya” (“Peyğəmbərlər haqqında qissələr”, 1310/1311) əsərini monqol olduğu halda İslamiyyəti qəbul edib gecə-gündüz ibadətlə məşğul olan "Əmirül-əccəl tacül-ümara mühibbül üləma bəylər uluğu Nasırüddin Tok Buğanın əmri ilə” qələmə aldığını yazır. Böyük alimin təxmininə əsasən, əsərin yazılmasından əsas məqsəd İslam dininə yeni keçmiş “bəsit zehniyyətlərin ehtiyacını təmin etmək”dir. Əsərin danışıq dilinə yaxınlığı da bununla bağlıdır. “Qisasül-ənbiya”da Həzrəti Məhəmmədlə (s.ə.s.) yanaşı İslam dinində müqəddəs sayıan digər peyğəmbərlərin, Çaharyarın (ilk dörd xəlifənin), imam Həsən və imam Hüseynin məşhur mənqibələri, eləcə də Avc bin Ank, Harut və Marut, Əshabi-kəhf haqqında əfsanəvi qissələr yer alır. Quran ayələrinə və bir sıra təfsirlərə istinad edən Rəbğuzi eyni zamanda Əbu İshaq Nişaburinin "Qisasül-ənbiya"sına və digər bir sıra nüfuzlu mənbələrə müraciət etdiyini yazır. Bu isə əsəri bədii və dini dəyəri ilə bərabər həm də dövrün dini-mədəni həyatı haqqında geniş mülahizələrə yol açan zəngin mənbələrdən saymaq üçün əsas verir. Müəllifin bir çox qissələri müxtəlif ərəb qaynaqlarından aldığına şübhə yoxdur. “Qisasül-ənbiya” və “Kutadgu-biliğ” arasında da (xüsusilə “bahariyyə” hissələrində) oxşarlıqlar müşahidə edən alimlər bu paralellərə istinadən Qaraxanilər dövründə yaşamış Balasaqunlu Yusif Xas Hacibin (1017, Balasaqun- 1077, Kaşğar) və onun məşhur əsərinin Qızıl Ordada məlum olması qənaətinə gəlmişlər (İ. Qəfəsoğlunun qeyd etdiyinə görə, həm də Saraycıqda tapılmış bir küpün üzərində “Kutadgu-bilig”in bir qitəsini xatırladan şeir parçası yazılıb).
Qızıl Orda ziyalılarının farsdilli klassik ədəbiyyatdan xəbərdar olduğunu da əminliklə söyləmək mümkündür. 1341/42-ci illərdə “Xosrov və Şirin” məsnəvisini qələmə alan (bu mənzumə bəzən tərcümə, bəzən orijinal təlif-təbdil kimi qələmə verilir) Qütb adlı (təxəllüslü?) şair, əvvəlcə Sarayda yaşamış, sonra isə Misir Məmlükləri dövlətinin ərazisinə köçmüş və orada da türk mədəni arealında daxili harmoniyanın möhkəmlənməsinə xidmət göstərmişdir. Müəllif elə məsnəvinin başlanğıcındaca Nizami Gəncəvinin eyniadlı poemasından bəhrələndiyini bildirir:
Kazan teg kaynap oş suda pişirdim
Nizami balıdan helva pişirdim.
Türk-İslam ədəbiyyatı tarixində əhəmiyyətli yer tutan bir çox poetik əsərlərin Qızıl Ordada yaradılması burada bədii yaradıcılıq üçün əlverişli mühitin hökm sürdüyünə dəlalət edir. Xocəndinin “Lətaifnamə” (yazıldığı il məlum deyil), Hüsam Katibin “Dastani-Cümcümə sultan” (1368/69), Seyf Sarayinin (1321-1391) “Süheyl və Güldursun”, “Kitabi-Gülüstan bit-türki” (“türkcə “Gülüstan” tərcüməsi”, 1391) əsərləri yüzillərin sınağından çıxaraq günümüzə qədər gəlib çatmış möhtəşəm söz və sənət abidələridır.
Seyf Sarayinin “Kitabi-Gülüstan bit-türki” əsəri fars ədəbiyyatı klassiki Sədi Şirazinin məşhur “Gülüstan” poeması əsasında yazılıb. Geniş yayılmış qənaətə əsasən, şair ”Gülüstan tərcüməsi”ni qələmə almağa Qızıl Ordada- Sarayda başlamış, Misirdə, türk Məmlüklər dövlətində bitirmişdir. Didaktik-nəsihətnamə səciyyəsi daşıyan məsnəvidə ənənəvi ictimai və ailə münasibətlərindən söz açılır, xeyir və şər, həqiqət və yalan, hökmdar-rəiyyət, valideyn-övlad, dostluq və qardaşlıq kimi mövzulara dair hakim baxışlar şərh olunur.
Xarəzminin 1353-cü ildə Canıbəy xanın əmirlərindən Honrad Məhəmməd Xocanın adına bağladığı “Məhəbbətnamə” məsnəvisi sonradan “Çağatay ədəbiyyatı” adlandırılan zəngin türk poetik irsinin təməl əsərlərindən sayılır. Durbəyin Şərq ədəbiyyatının ən məşhur motivləri zəminində nəzmə çəkdiyi “Yusif və Züleyxa” poemasının Qızıl Orda ərazilərində geniş kütləvilik qazanması da təsadüfi sayılmamalıdır.
Qızıl Orda ərazilərində şifahi xalq ədəbiyyatı coşqun inkişaf edir və milli şeirin forma və məzmunca zənginləşməsini şərtləndirirdi. Xalq aşıqlarından (akın) Asan Kayğu (bəzən Həsən Qayğılı kimi təqdim olunur) və Kaztuğan jıraunun qoşma və gəraylını xatırladan populyar şeirləri, “Yedigey” eposu, Ötəmiş Hacının (XVI əsr) “Çingiznamə”si sadə xalqın mədəni həyatının başlıca istiqamətlərini əks etdirir. Həsən Qayğılının əsərlərində region xalqlarının eyni soykökə mənsubluğu haqqında bəhs açılması xüsusi maraq doğurur: “Noğay, kazak, başkurt - tubimiz bir, Altay, Ertiş, Oralnı-kıdırğanmız” (Noqay, qazax, başqırd- kökümüz birdir. Altay, İrtış və Ural çöllərində köç etmişik). Təsadüfi deyil ki, xalq aşığının şeirləri bu gün də noqaylar, qazaxlar, qaraqalpaqlar, başqırdlar, kumıklar, qırğızlar, Krım türkləri arasında dillər əzbəridir.
Qızıl Orda ədəbiyyatında mənzum və mənsur əsərlər, təxminən eyni xüsusi çəkiyə malikdir. Mütəxəssislər nəzmlə yanaşı nəsrin də populyarlığını qeyd edirlər. Əli oğlu Mahmud əl-Bulqari əl-Kərdarinin (bəzi mənbələrdə bu müəllif Mahmud əs-Sarayi əl-Bulqari, bəzən də Xarəzmli bin Əli kimi təqdim olunur) “Nəchül-fəradis”i (Darxan Kıdırəli və Qaybulla Babayarov əsərin adını “Cənnətə aparan yol” deyə açıqlayırlar) dövrün nəsrlə yazılmış şah əsəri sayılır. (Kitabın yaranma tarixi müxtəlif mənbələrdə gah 1342, gah da 1359/ 1360 kimi göstərilir.) Müəllif 40 məşhur hədis seçərək 10 fəsildən ibarət 4 bab şəklində toplamış və bunların hər birinin izahını vermişdir. Əsərdə Həzrəti-Peyğəmbər (s.ə.s.) və səhabələrinin, Xüləfayi-Raşidinin (ilk dörd xəlifənin), üləma və şeyxlərin kəlamları onların həyatına dair rəvayətlərlə əsaslandırılmış, hədislərin izahı üçün Zəməxşəri, İspicabi, İmam Zeynül Firdövsi, Vakidi, İmam Məhəmməd Katib kimi üləmaların kitablarından, eləcə də Əbu Talib Məkkinin "Kutül-kulub"undan məxəz kimi istifadə edilmişdir. Dini elm və biliklərdən son dərəcə məlumatlı olduğu aydın görünən müəllif bu məşhur əsərini İslam əxlaqının və bir sıra şəriət ehkamlarının təbliği məqsədi ilə qələmə almışdır. “Nəchül-fəradis”in birinci babında Həzrəti Peyğəmbərin (s.ə.s.), ikinci babda Xüləfayi-Raşidin və əhli-beytin həyat və fəzilətlərindən danışan hədislər xatırlanır, üçüncü babda müxtəlif əxlaqi məsələlərdən, dördüncü babda isə qəbahətlərdən bəhs olunur.
Darxan Kıdırəli və Qaybulla Babayarovun orta məktəblər üçün bu yaxınlarda tərtib etdikləri “Ortaq türk tarixi” kitabında Qızıl Orda ədəbiyyatına həsr olunan bəhsdə dünya türkologiyasında “Codex Cumanıсus” adı ilə məşhur olan sözlük üzərində xüsusi dayanılır. Qeyd olunur ki, bu əsər XIII-XIV əsrlərdə Şimali Qara dəniz sahillərində italyanlar və almanlar tərəfindən toplanmış qıpçaq dili materialları əsasında tərtib edilmişdir və Avropa dillərindən türkcəyə, türkcədən isə Avropa dillərinə ilk tərcümə lüğətidir. Əsərin adı latın dilindən “Kuman/qıpçaq lüğəti” kimi tərcümə olunur. Əsəri şərti olaraq iki hissəyə ayırırlar. Birinci hissənin qıpçaq-fars-latın, ikincinin isə qıpçaq-alman və qıpçaq-latın sözlüklərindən ibarət olduğu bildirilir. Misal kimi xristian dua və psalmlarından qıpçaqcaya çevirmələrin, habelə 47 qıpçaq tapmacasının verilməsi maraq doğurur. Əsərdə qıpçaq dilinin bəzi qrammatik qaydalarına da toxunulub.
Şeyx Şərəf adlı türkmən fəqihi tərəfindən yazıldığı ehtimal edilən “Müinül-mürid” (1313) kitabı da dövrünün kütləvilik qazanmış nəsr əsərlərindəndir. Xarəzmli Əbülqazi Bahadur xan "Şəcəreyi-tərakimə"sində “Müinül-mürid”in yazılma tarixçəsindən söz açmışdır. Onun qənaətincə, salur qəbiləsinə mənsub nüfuzlu bəylərdən olan Ər Sarıbay Ürgəncin məşhur şeyxlərindən Şərəfin yanına gedib, ondan ərəbcə bilməyən köçəri türklərin dini məsələlərdə istinad edə biləcəkləri türkcə bir əsər yazmasını istəmiş və “Müinül-mürid” bu minvalla yaranmışdır. M.F.Köprülü əsərin məzmunca “öyrədici” mahiyyət daşıdığını və əsas etibarilə “iman, mərifəti-haqq, mərifəti-rəsul, namazın ərkanı, əbdəstin fərzləri, köçəriləri çox maraqlandıran heyvan sürüləri zəkatı, faiz məsələlərinə, bir də adabi-süluk və dərvişliyə aid təsəvvüfi mövzulara” həsr olunduğunu vurğulayır: “Anlaşılır ki, müəllif klassik ədəbiyyata və fiqh məsələlərinə vaqif bir alim və sufidir”.
“Meracnamə” və “Təzkirətül-övliya” adı ilə üzü dəfələrlə həm uyğur, həm ərəb əlifbası ilə köçürülüb yayılan dini əsərlər, habelə tanınmış müsəlman fəqihlərindən Sədrəddin ət-Təftəzaninin, əl-Bəzzazinin dəyərli hüquq risalələri də eyni dövrə aid nəsr məhsullarıdır.
Qızıl Orda ədəbiyyatı üzrə mütəxəssislər bu zəngin irsin (xüsusən XIV əsrdə) Misirdə yaranan türkdilli ədəbiyyata böyük təsir göstərdiyini də vurğulayırlar ki, bu da əlaqə, inkişaf və səviyyə göstəricisidir. Türk-İslam ədəbiyyatı üçün müştərək səciyyə daşıyan digər bir məqam- ərəb və fars dillərinin yüksək işləklik qazanması Qızıl Orda uluslarında (xüsusilə şəhərlərdə) da özünü göstərir. Görkəmli tatar tarixçisi və mütəfəkkiri Şihabəddin Mərcaninin (1818-1889) yazdığına görə, XII-XVI əsrlər ərzində Bulqar və Qızıl Orda ədib və ruhaniləri ərəb-farsdilli ədəbiyyata dərindən bələd olmaqla yanaşı bu dillərdə çoxsaylı əsərlər də qələmə almışlar. Mərcani bu xüsusda 20-dən artıq müəllif və əsərdən söz açır. Zənnimzcə, həmin risalələrdən yalnız bir neçəsini sadalamaqla, Qızıl Orda ədəbiyyatı haqqında təsəvvürü müəyyən qədər genişləndirərək bu qısa xülasəni yekunlaşdırmaq mümkündür: Şeyx Bürhanəddin bin Xızır əl-Bulqarinin “Kitab üsul-əl-Hüsami” (1360), Şeyx Məhəmməd əl-Bulqarinin “Xəzinət əl-üləma və zinət əl-füqəha” (XIV əsr), Tacəddin İbrahim bin Mühəmmədin “Üsuli-imam Fəxrəl-İslam” (1363/64), Şeyx Nəcməddin əbür-Rica Muxtar bin Məhəmməd əl-Kazani əl-Hənəfi əl-Zahidinin Berke xana təqdim etdiyi “Risaleyi-Nasirə” və s.
Qızıl Ordanın zəifləməsi və süqutu
Qızıl Ordanın tənəzzülə uğraması, parçalanması, onun yerində müstəqil xanlıqların yaranması birdən-birə baş verməmiş, uzun bir dövrü əhatə etmiş və ciddi siyasi, iqtisadi, sosio-mədəni səbəblərlə şərtlənmişdir. Vahid dövlətin süqutuna aparan amillər kimi tarixşünaslıqda təbii kataklizmlərdən (quraqlıq, daşqınlar nəticəsində Aşağı Volqaboyunun su altında qalması, taun epidemiyası və s.) tutmuş xarici-siyasi təsirlərə qədər ən müxtəlif səbəblər sadalanır ki, zənnimizcə, bunların heç birini sərf-nəzər etmək düzgün olmaz. Proses, güman ki, bunların küll olaraq üst-üstə düşməsi və ya növbələşməsi ilə sürətlənmişdir. İlk öncə, əlbəttə, hakimiyyət uğrunda təqribən 20 illik (XIV əsrin 60-70-ci illəri) daxili mübarizələr silsiləsi qeyd olunmalıdır. Özbəy xanın zamanında “qızıl dövrü”nü yaşayan, vahid idarəçilik sistemi daha da təkmilləşən, iqtisadi yüksəlişinin zirvəsinə qalxan, türk-İslam mədəniyyətinin önəmli mərkəzlərindən birinə çevrilən Qızıl Orda Canıbəy xandan sonra uzunmüddətli siyasi qarışıqlıqlar zolağına düşmüş, böhran və çöküş dövrünə (“bulqak dövrü”) qədəm qoymuşdur. Bu 20 ildə taxta hərəsi 1-2 ildən artıq səltənət sürməyən 25-dən çox (bəzi tarixçilər bu sayı 50-yə çatdırırlar) xanın gəlməsi faktı mərkəzi hakimiyyətin nə dərəcədə zəifləməsinə parlaq misaldır. Yüz il əvvəl (Noqay dövründə) olduğu kimi yenə ön plana güclü bir əmir (Mamay Mirzə) çıxmış, Tukay Timur sülaləsinin təsadüfi təmsilçilərini taxta oturdaraq onların əli ilə dövləti idarə etmişdir.
1362-ci ildən Qızıl Orda ərazisinin Volqa çayı sərhəd olmaqla iki düşmən cəbhəyə ayrılması təkzibolunmaz faktdır və mənbələrlə təsdiqini tapır. İmperiya ərazisində təxminən belə bir mənzərə görürük. Volqa, Don və Dnepr arasındakı çöllər, Şimali Qafqaz və Krım, tümən bəylərindən Mamayın hakimiyyəti altına düşüb. Paytaxt Saray əl-Cədid və ona bitişik bölgələr isə bununla heç cür barışmır. 1363, 1368 və 1372-ci illərdə Mamay paytaxtı ələ keçirsə də saxlaya bilmir və qarşıdurma daha da dərinləşir, uzumüddətli ikitirəlik ölkəni zəiflədir, mərkəzdənqaçma meylləri güclənir. 1361-ci ildə fürsətdən istifadə edən Xarəzm çoxdankı arzusunu reallaşdırır- müstəqilliyini elan edir və Orda hakimiyyətini tanımadığını bildirir. Beynəlxalq karvan yolları üzərində yerləşən Xarəzmin ayrılması ölkənin iqtisadi qüdrətinə ağır zərbə vurur, Saray xanlarının dayanıqlığını və Mamayın hücumları qarşısında müqavimət gücünü zəiflədir. Qərb sərhədlərində pozuculuq meylləri yenidən baş qaldırır. Hələ 1300-cü ildə macar krallığı Noqayı məğlub edərək Dunay ətrafındakı düzəngahlarda Valaş dövləti yaratmışdı. 60-cı illərdə separatçı qüvvələr yaranmış vəziyyətdən daha yaxşı yararlanırlar. Şimali Karpatda yenicə formalaşmağa başlayan Moldav knyazlığı qarışıqlıqdan istifadə edərək Prut və Dnestr çayları arasındakı torpaqlara sahib çıxır. 1363-cü ildə Litva knyazı Olgerd meydan döyüşündə Orda qoşunlarına qələbə çalaraq, Podolya və Dneprin sağ sahili boyunca yürüşə başlayır. Eyni vaxtda Volqa Bulqar hakimlərindən Bulat-Timur, sonra isə Həsən üsyan bayrağı qaldırır. Mamayın Qızıl Ordaya vurduğu ən ağır zərbə isə ruslarla mübarizədə ilk dəfə ağır məğlubiyyətə uğraması sayılır. İmperiyanı bürümüş parçalanma və özbaşınalığı fürsət bilən Moskva böyük knyazı Dmitri İvanoviç (Donskoy) 1374-cü ildə xərac verməkdən imtina edir, rus-pravoslav kilsəsinin, şəxsən nüfuzlu mitropolit Serqiy Rodonejskinin xeyir-duasını alaraq 16 udel knyazlığını öz ətrafında birləşdirir, Litva ilə də ittifaqa girib ölüm-dirim savaşına qalxır. 1377-1378-ci illərdə aparılan mövqe döyüşlərində üstünlük əldən-ələ keçsə də, 1380-ci il sentyabrın 8-də Kulikovo çölündə baş verən həlledici döyüş rus qoşunlarının qələbəsi ilə başa çatır. Rus ədib və salnaməçiləri əsrlər boyu bu qələbənin milli və dini əhəmiyyətini tərənnüm edir, Orda boyunduruğundan qurtuluşun əldə olunmasında birlik və bütövlük amilinin önəmini geniş kütlələrə yayırlar. “Mamayın əzişdirilməsindən bəhs edən hekayət”də, xüsusilə “Zadonşina”da Dmitri İvanoviçin ideal knyaz obrazı milli xilaskar səviyyəsinə qaldırılır. “Zadonşina”da 70 min “zireh geymiş cəsur litvalının” da ruslarla birgə döyüşdüyü qeyd edilir. Əsərin bədii dəyərini artıran xüsusiyyətlərdən biri də Mamay ordularının ruslara qarşı qətiyyətlə döyüşməsinin vurğulanmasıdır. Məlum olur ki, “Allahsız Mamay (belə ifadələr Qızıl Ordaya patoloji nifrəti hər fürsətdə körükləyən rus salnamə və tarixnamələri üçün xarakterikdir-N.M.) 250 min nəfəri qılıncdan keçirdi”. “Zadonşina”da “Vətən və din yolunda” canlarından keçmiş rus boyarları belə xatırlanır: “Böyük knyaz Dmitri İvanoviç dedi: “Qardaşlarım, bir sayın görək nə qədər sərkərdəmiz, nə qədər cavanlarımız yoxdur?” Moskva boyarlarından Mixaylo Aleksandroviç ona belə cavab verdi: “Ağamız böyük knyaz Dmitri İvanoviç! Bizim 40 nəfər böyük Moskva boyarımız, 12 Belozersk knyazımız, 30 nəfər Novqorod canişini, 20 nəfər Kolomensk boyarı, 40 Serpuxov boyarı, 30 litvanı pan, 20 nəfər Pereslavsk boyarı, 25 Kostroma boyarı, 35 nəfər Vladimir boyarı, 8 nəfər Suzdal boyarı, 40 Muromsk boyarı, 70 Ryazan boyarı, 34 nəfər Rostov boyarı, 23 nəfər Dmitrovsk boyarı, 60 nəfər Mojaysk boyarı, 30 nəfər Zveneqorodsk boyarı, 15 nəfər Uqletsk boyarı artıq sıralarımızda yoxdur”.
Bununla belə Qızıl Ordanın məğlubedilməzliyi haqqında mif artıq puç olub, ruslar isə türk-tatar ordusuna qarşı müqavimət göstərməyin, hətta ona qalib gəlməyin mümkünlüyünə inanmağa başlayırlar. Kulikovo məğlubiyyəti imperiyanın varlığı üçün ölümcül təhlükə yaradan amilləri bütün çılpaqlığı ilə üzə çıxarır, birləşdirici təmayülləri müvəqqəti də olsa, gücləndirir. Elə həmin il Göy Ordanın və Saray əyanlarının yardımı ilə xan taxtına çıxan Toxtamış (müxtəlif mənbələrdə onun hakimiyyət dövrünün 1376-1391, 1379-1397, 1380-1395/96-cı illəri əhatə etdiyi bildirilir) ruslardan qorxunc qisas almağa and içir. Əmir Teymurdan da dəstək alan Toxtamış xan əvvəlcə Mamayın üzərinə yeriyərək, onu aradan götürür, qoşunlarını pərən-pərən salır, uluslar üzərində mərkəzi hakimiyyətin sarsılmazlığını bir daha nümayiş etdirir. 1382-ci ildə isə dövlətinin zədələnmiş nüfuzunu yüksəltmək, rusların “ağlını başına yığmaq” məqsədi ilə Moskvaya yürüş edir. Şəhəri yandırıb külə döndərir, əhalinin yarısını qılıncdan keçirir, bununla da kifayətlənməyərək, Ordaya çatası xəracı tam həcmdə geri alır, Dmitri Donskoya biət etdirir, üstəlik onun oğlu Vasilini də girov götürür (Vasili əsirlikdən 7 il sonra, 1389-cu ildə qayıtmışdı). Moskvanı diz çökdürən Toxtamış həm də imperiya sərhədlərinin bərpası üçün böyük işlər görür. Belə bir fikir var ki, əgər Əmir Teymurla münasibətləri pozub, onunla üzücü müharibələrə girməsəydi, Toxtamışın səltənəti dövründə Qızıl Orda itirilmiş ərazilərinə və əvvəlki hərbi-siyasi əzəmətinə qovuşa bilərdi. Lakin tarix, məlum olduğu kimi, felin şərt şəklini qəbul etmir. 1388-1389, 1391 və 1395-1398-ci illərdə Teymur Qızıl Orda üzərinə amansız yürüşlərə çıxıb, onun əsaslarını kökündən sarsıdır. On ildən də artıq bir müddətdə davam edən bu hücumlar zamanı ölkə tar-mar olur, Teymurun qoşunları Saray əl-Cədidi, Belcameni, Ukeki, Həştərxanı, daha bir neçə şəhəri viran qoyur, minlərlə insanı əsir aparırlar. Kütləvi qətl və qırğınlar ara vermir, Göy Orda, Volqaboyu, Şimali Qafqaz, Krım əraziləri talan və qarət edilərək var-yoxdan çıxır. Amansız müharibədən sonra başlayan aclıq, taun epidemiyası, geniş xalq kütlələrinin ölkəni tərk etməsi nəticəsində Qızıl Orda tənəzzülə uğrayır və bir daha özünə gələ bilmir. Cuci oğlu Tukay Timurun sülaləsinin ən qüdrətli təmsilçisi sayılan Toxtamış xan isə Terek çayı üzərindəki döyüşdə həlak olur və tarixə Qızıl Ordanın son böyük xanı kimi düşür. Teymurilərin Qızıl Ordaya vurduğu daha bir ağır zərbə beynəlxalq ticarət yollarının istiqamətini cənuba - Orta Asiya və İrana tərəf döndərmələri olur. XV əsrin ikinci yarısında Balkanlarda möhkəmlənən Osmanlı imperiyası isə Venesiya və Genuya tacirlərinin Qara dənizə çıxışlarını məhdudlaşdıraraq, Ordanı dəniz ticarətindən gələn mənfəətdən də məhrum edir. Sanki geosiyasi proseslər də Cuci və Batı imperiyasının əleyhinə yönəlmişdir.
Teymur qoşunları Orda ərazisini tərk edəndən sonra “taxt eli” Sarayda bir-birini əvəzləyən xanlar arasında şiddətli hakimiyyət qovğaları yenidən alovlanır və uzun müddət səngimək bilmir. Mərkəzi hakimiyyət ucqarları öz iradəsinə tabe etməkdə acizlik göstərir. Belə bir şəraitdə Çingiz soyundan olmasa da, Cuci sülaləsi təmsilçiləri tərəfindən müdafiə edilən Yedigey (bəzi mənbələrdə İdegey) Toxtamışın oğulları ilə amansız müharibədən qalib çıxaraq (1399), ölkənin bütövlüyünü qorumağa cəhd edir. Onun xan olmamasına rəğmən, Qızıl Ordanı 15 il (1396-1411) hökmü altında saxlaya bilməsi xüsusi qeyd edilməlidir. Yedigey siyasi və iqtisadi islahatlar aparmaqla ölkədəki gərginliyi azaltmağa səy göstərir, qısa müddət üçün uğur da qazanır, hətta Litva böyük knyazı Vivoltun ordusunu məğlubiyyətə uğradır (1399), Mavəraünnəhr üzərinə səfərə çıxır (1405), Moskvanı mühasirəyə almaqla (1408) Orda xofunu yenidən yaymağa çalışır. Lakin bunlar, olsa-olsa, zahiri işartılardır: daşıyıcı sütunları çökmüş, sosial dayaqları laxlamış, fəaliyyət mexanizmləri pozulmuş dövləti bərpa etmək artıq mümkün deyildir. 1419-cu ildə (bəzi mənbələrə görə 1420-ci ildə) Toxtamışın oğulları ilə döyüşdə Yedigeyin həlak olması Qızıl Ordanın da sonunu gətirir. Dünyanın ən möhtəşəm imperiyalarından birinin parçalanması artıq qaçılmazdır. Xanlar, sultanlar arasında çatlar nə qədər dərinləşirsə, hakim xanədanın nüfuzu bir o qədər sarsılır və yox dərəcəsinə enir. Oxucunu izafi yükləməmək naminə bundan sonra baş verən proseslərin üstündən keçməyi məsləhət bilirik. Çünki nəticə aydındır.
Qızıl Ordanın geniş ərazilərində siyasi hakimiyyətin vəhdəti pozulur və Noqay Ordası (1398, bəzi mənbələrdə 1440), Sibir (Tümen) xanlığı (1420), Krım xanlığı (1428), Kazan xanlığı (1438), Qasım xanlığı (1552), Həştərxan (Hacıtərxan) xanlığı (1459) kimi bir neçə kiçik dövlətin ayrılması üçün münbit zəmin yaranır. Eyni zamanda, Volqaboyunda Qızıl Ordanın son “zərrə”si (həm də tarixinin son mərhələsi) hesab olunan Böyük Orda (o biri varislər də nəzərə alındıqda bu dövləti “Baş Orda” hesab etmək olar) 1502-ci ilə qədər mövcudluğunu qoruyur ki, bu da mühüm faktdır.
Qızıl Orda irsi və varislər məsələsi
Tarixçilərin işinə qarışmaq istəməzdik, amma burada bir incə nüansı vurğulamasaq da, olmaz. Müasir tarixşünaslıqda Qızıl Ordanın mirasına iddia edən siyasi vahidlər məsələsi bu günə qədər də həllini tapmayıb. Ordanın tarixi irsi çoxsaylı etnik və siyasi varislərin müştərək malı olduğundan orta əsrlərdən üzü bu yana bu zəngin mirasın “bölüşdürülməsi” daha çox “maraqlar münaqişəsi” zəminində interpretasiya edilib. Ziddiyyət və əksliklər hələ də həllini tapmayıb. Törəmə xanlıqların (eləcə də digər siyasi təsisatların) yaranma vaxtı və yeri, qarşılıqlı münasibətləri, bir çox mühüm hadisələrin inkişaf məntiqi və s. haqda məlumat və rəylər məhz bu cəhətdən xeyli dolaşıqdır. Vəziyyətin dolaşıqlığını anlamaq, bu barədə müəyyən təsəvvür yaratmaqdan ötrü, zənnimzcə, o fakt da yetər ki, İlya Zaytsevin “Həştərxan xanlığı” monoqrafiyasında təkcə bu xanlığın yaranma tarixi kimi müxtəlif müəlliflər tərəfindən 1466-cı (M.Səfərqaliyev, R.R. Arat), 1459-1460-cı (Verein, Vorobyov, Semyonov və b.), 1450-1464-cü illərin (L.Podqorodetski), habelə gah ümumi şəkildə XIV, gah da XV əsrlərin göstərildiyi, lakin bunların heç birinin dəqiq olmadığı inandırıcı arqumentlərlə sübuta yetirilir. Ziddiyyətlərin səbəbi kimi çox zaman orta əsr mənbələrinin sayca məhdudluğu əsas gətirilir, amma hadisələrin rekonstruksiyası zamanı subyektiv yanaşmaların da geniş yayıldığı aydın görsənir. Bu mənada tatar tarixçisi İlnur Mirqaleyevlə razılaşmamaq olmur: “Tədqiqatçılar tatar xanlıqlarının “yaranması” ilə əlaqədar müxtəlif tarixlər gətirirlər, amma bunları “başlanğıc nöqtəsi” kimi yalnız şərti olaraq qəbul etmək mümkündür. Həqiqətə qalanda bu dövrdə əzəmətli bir imperiyanın bir neçə yurda-vilayətə parçalanması prosesi getmişdir və tatar xanlıqlarının tarixini Qızıl Ordanın ümumi tarixinin konkret bölgələrdəki davamı kimi nəzərdən keçirmək daha düzgündür. Müxtəlif vilayətlərdə sikkə basdıran, özlərini xan elan edən və Sarayın hakimiyyətini tanımayan bu emitentlər heç də yeni dövlətlər qurmağı planlaşdırmamış, yalnız Aşağı Volqada yerləşən Saray əl-Cədidi ələ keçirməyə, digər iddiaçılar - cucilər nəslinin müxtəlif şaxələri üzrə qohumlarını, bəzən hətta doğma qardaşlarını itaət etdirməyə çalışmışlar. Öz aralarında müharibələr aparan, sülh bağlayan, daxili və xarici düşmənlərə qarşı ittifaqlar quran bu xanlar yalnız “Taxt eli”nə sahib olmaq, bununla da Qızıl Orda mirasına iddia və hüquqlarını legitimləşdirmək, rəsmiləşdirmək və qalan rəqibləri üzərində üstünlük qazanmaq məqsədi güdüblər... Tatar xanlıqları Cuci ulusunun - Qızıl Ordanın birbaşa davamçılarıdır. Bu yeni siyasi mərkəzlər - Kazan, Krım, Hacıtərxan, Sibirdə Tümen və b. yaranışlarının əvvəlindən bir qayə - Qızıl Orda ərazilərini yenidən birləşdirmək qayəsi uğrunda çalışıb”.
Əlbəttə, Qızıl Ordadan törəmə bütün xanlıqlar bu və ya digər dərəcədə onun varisləri idilər. Lakin burada söhbət siyasi vərəsəliyin rəsmiləşdirilməsindən, Ordanın hakim davamçısı kimi fəaliyyət göstərmək istəyindən, eləcə də başqa xanlıqlara iddia etmək, bunun üçün mübarizə aparmaq hüquqlarından gedir. Tarixçilərin fikrincə, bu status əvvəlcə təbii olaraq, Böyük Ordada olmuşdur. Hakimiyyət dairəsinin məhdudlaşmasına, ərazilərinin mühüm hissəsinin itirilməsinə baxmayaraq (əlində paytaxt Saray, bir də Volqa və Dnepr çayları arasındakı torpaqlar qalmışdı), Böyük Orda elə Qızıl Ordanın özü (bədəbəddə yeni formatı) kimi qəbul olunur, onun əvəzləyicisi, ən azı, tamhüquqlu varisi sayılırdı. Seyid Əhməd (tarix kitablarında Böyük Ordanın son xanları arasında Seyid Əhməd, Əhməd və Şeyx Əhməd adı ilə 4 müxtəlif şəxsdən danışılır və bunların hamısı 1433-1455-ci illərdə hakimiyyətdə olmuş “ata” Seyid Əhmədin oğul-uşağıdır) özünü bütün tatarların xanı bilir, qalan uluslara və Moskva knyazlığına göndərdiyi səfirlər vasitəsilə onlardan sözsüz itaət tələb edirdi. O, qarşısına Qızıl Orda dövlətini ilkin sərhədləri çərçivəsində bərpa etmək, yenidən beynəlxalq siyasətin aktiv subyektinə çevirmək məqsədi qoymuşdu, Qızıl Orda xanı kimi tanınmaq istəyir (bəzi mənbələrdə elə bu cür də təqdim edilir) və bu yolda rəqiblərinə qarşı fəal xətt-hərəkət yeridirdi. XV əsrin sonlarında Seyid Əhmədin Kazan, Krım, Noqay yurdlarına, habelə Moskva üzərinə hücumları qarşı tərəflərin də fəallaşmasına və onun əleyhinə şərti olaraq Krım-Moskva və Noqay-Sibir koalisiyaları adlandırıla biləcək ittifaqların yaranmasına gətirib çıxarmışdı. Jan Pol Runun məlumatlarına etibar etsək, “1474 və 1476-cı illərdə Əhməd xan (bu, artıq başqa Əhməddir-N.M.) vergiləri ödəmədiyi üçün Böyük İvana, yəni III İvana (1462-1505) qəzəblənərək müttəfiqi olan Polşa kralı ilə birlikdə Moskva üzərinə hücuma keçdi, Uqra üzərində İvanın ordusu ilə qarşılaşdı, lakin qış olduğundan geri dönmək qərarına gəldi. Və bu, onun üçün ölümcül qərar oldu. Artıq o, ulusunun komandanı deyildir. Bir müddət sonra isə sibirli Şeyban tərəfindən öldürülür. 20 il sonra Krım xanı Məngü Girey (1446-1514) Saraya hücum edir, şəhəri yandırır, bu dövlətə son verir və ondan qalan hər şeyi tarixdən silir”. Lakin məlumdur ki, Məngü (türk mənbələrində “Məngli”) Gireyin Seyid Əhməd xanın törəmələri üzərində qələbə çaldığı 1502-ci ilə qədər “Taxt eli” bir müddət də Həştərxan (Hacıtərxan) xanlığının nəzarətində olmuşdur.
Əslində Saray əl-Cədid Teymurun 1395-ci il yürüşü zamanı yerlə yeksan edilmişdi və demək olar ki, artıq yalnız nominal şəkildə mövcud idi. “Taxt eli”ndən quru ad və rəsmi (tarixi) status qalırdı. Seyid Əhməd və varislərinin bütün səylərinə baxmayaraq, şəhəri yenidən kütləvi yaşayış məskəninə çevirmək mümkün olmamışdı. Artıq 1440-cı ildən burada yaşayış yox idi. 1481-ci ildə isə Böyük Ordanın paytaxtı Hacıtərxan şəhərinə köçürülmüşdü. Rəsmən Qızıl Ordanın mərkəzi sayılan bu şəhər də yeni idi; Teymur qoşunlarının dağıtdığı qədim Hacıtərxanın yerində Timur Kutluğ tərəfindən salınmışdı. Məlum olduğu kimi, Teymur, Cuci ulusunun torpaqlarını tərk edəndən sonra bu şəhər və ətrafındakı ərazilər Timur Kutluğun ixtiyarına, ondan sonra isə irsən övladlarına keçmişdi. Böyük Orda yarananda Həştərxan onun tərkib hissəsi kimi Timur Kutluğun nəvəsi Kiçik Məhəmməd xanın yurduna daxil idi. İ.V.Zaytsev Kiçik Məhəmmədin ölümündən (1459) sonra onun oğlanları Mahmud və Seyid Əhmədin “hansısa bir şəkildə” Böyük Orda torpaqlarını öz aralarında bölüşdürdüklərini yazır və aşağı Volqanın Mahmudun payına düşdüyünü ehtimal edir. Lakin 1465-ci ildə Mahmud “rus eli üzərinə yürüşə gedərkən” onun qoşunları Don çayı üzərində Krım xanı Hacı Girey tərəfindən darmadağın edilir. Alimin sözlərinə görə, “görünür, Mahmudun uğursuzluğu Əhmədin təşəbbüsü ələ almasına və Böyük Ordada hakimiyyətə yiyələnməsinə imkan yaradıb”. Taxtını qardaşına təhvil verən Mahmud özü Həştərxana çəkilmiş, o vaxtdan burada sakit həyat sürmüşdü (M.Q. Safarqaliyev isə onun yeni bir siyasi birliyin - Həştərxan xanlığının əsasını qoyduğunu iddia edir). Hər halda bir çox mənbələrin təsdiqlədiyinə görə, Böyük Ordanın paytaxtı Həştərxana köçürülərkən burada məhz Mahmud iqamət edirdi. Lakin bu da çox sürməmişdi. Seyid Əhməd xanın ölümündən sonra Mahmudun oğlanları (Həştərxan hakimləri) Böyük Orda taxtına iddia qaldırmış, iki qardaşın varisləri arasında qanlı toqquşmalar başlamış və onsuz da son dərəcədə zəifləmiş bu dövlət tamamilə gücdən düşmüşdü. Nəticəsi məlumdur: vəziyyətdən istifadə edən Məngü Girey xan 1502-ci ilin mayında Böyük Ordaya son zərbəni endirmiş, olan-qalan ordusunu məhv etmiş, xəzinəsini də ələ keçirərək, “Taxt eli”ni Hacıtərxandan Krım xanlığına köçürməyə müvəffəq olmuşdu. İ.Zaytsevin yazdığına görə, “1502-ci ildən tez olmamaq şərti ilə Hacıtarxan, Krım xanı tərəfindən yıxılan “Taxt eli”nin siyasi varisinə çevrildi və belə demək mümkündür ki, Hacıtarxan xanlığı Qızıl Ordanın yerini aldı”.
Məngü Girey isə öz xanlığını “Uluğ Orda” adlandırır, Qızıl Ordanı canlandırmaq, yenidən qurmaq istəyi ilə köhnə ərazi-inzibati bölgü prinsipini geri qaytarmağa çalışırdı. Bu “təsnifat”a əsasən, digər tatar xanlıqları müstəqil dövlət təşəkkülü deyil, Məngü Gireyin əvvəl “öldürüb”, sonra isə “diriltmək” istədiyi Uluğ Ordanın “vilayət”ləri sayılırdı: Vilayəti-Kazan, Vilayəti-Tümən (İ.Mirqaleyevin terminologiyasında “Turan vilayəti”), Vilayəti-Tura (Qərbi Sibirdəki Çimgi-Tura) və s. Özünü “taxt eli”nin sahibi-ixtiyarı hesab edən Məngü xan hakim xanədanı olmayan, yaxud başqa vilayətlərin təsiri (nəzarəti) altına düşən siyasi vahidləri sadəcə “yurd” adlandırırdı: Manqıt yurdu (Noqay Ordası), Hacıtərxan yurdu (Həştərxan xanlığı), Meşer yurdu (Qasım xanlığı) və s. Qızıl Ordanın hüquq və səlahiyyətlərini mənimsədiyini hər cəhdlə nəzərə çarpdıran Krım xanının ana məqsədi, qeyd olunduğu kimi, imperiya ərazilərini öz hakimiyyəti altında birləşdirmək, bütün bu “vilayət” və “yurd”ların özünə biət eləməsinə nail olmaq idi. Lakin çox keçmədən Krım xanının özü Osmanlı imperiyasından asılı vəziyyətə düşmüş, bu və başqa səbəblər üzündən məqsədini gerçəkləşdirə bilməmişdi. Deyilənləri nəzərə alaraq, biz həm də mətnimizi ağırlaşdırmayaq deyə Qızıl Orda varislərinin təsbit olunmasında ənənəvi bölgünü (Kazan, Krım, Həştərxan, Qasım, Sibir xanlıqları və Noqay Ordası) əsas götürməyə üstünlük verməyin tərəfdarıyıq.
Qızıl Ordanın varisləri: müstəqil tatar dövlətlərinin yaranması
(QEYD: Həştərxan xanlığının yaranmasına dair məlumat yuxarıda verilmişdir).
a/ Noqay Ordası
Qızıl Ordanın parçalanma xronologiyasını izləmək, qeyd etdiyimiz kimi, heç də asan deyil. Buna rəğmən, mərkəzləşmiş dövlətin süqutu prosesində ayrılanların ardıcıllığı müəyyən nisbətdə təsbit edilib və Noqay Ordasının birincilərdən olması məlumdur. Adını Əmir Noqaydan alması fikri nə qədər geniş yayılsa da (müvafiq oçerkdə bu məsələyə qayıdacağıq), Noqay Ordasının yaradıcısı Yedigey sayılır. Noqay ulusu hələ qədim zamanlardan çoxsaylı qəbilə və tayfaların birləşməsindən yaranmışdı. “Dəşti-qıpçaqda türk boyları ilə qarışıb islamlaşan monqol qəbiləsi” kimi səciyyələndirilən manqıt boyu bu birləşmənin hakim ünsürü, Yedigeyin atası Kutlu Kıya bəy isə manqıtların hakimi idi. Hələ 1392-ci ildən manqıtların ulubəyi (“uluğbiy”) seçilən Qızıl Orda tümənbəyi Yedigey 1398-ci ildə Timur Kutluğun taxta gətirilməsində müstəsna rol oynamış və onun tərəfindən baş əmir təyin edilmişdi. Qeyd etdiyimiz kimi, Yedigey faktiki olaraq imperiyanın mütləq hakimi idi və Qızıl Ordada gedən mərkəzdənqaçma proseslərinin geridönməzliyi ona daha yaxşı bəlli idi. Ordanın bütövlüyünü qorumaq üçün göstərdiyi səylər nəticə verməsə də Yedigeyin adı və nüfuzu, şübhə yoxdur ki, ayrılma proseslərinin gedişində noqay uruqlarının mövqeyini gücləndirən amillərdən olmuşdur. Ölümündən sonra da Noqay uruqlarında idarəçiliyi manqıtların ulubəyləri sifəti ilə onun nəslindən olan mirzələrin (əmirzadələrin) həyata keçirdiyi dəqiq bəllidir. Bununla belə Vadim Trepavlovun vurğuladığı kimi bəzi tayfa birlikləri konfederasiya çərçivəsində və manqıtların razılığı əsasında öz bəyləri tərəfindən idarə olunub. Əhalisinin əksər qisminin köçəri həyat tərzi keçirdiyi nəzərə alınarsa, boyların, tayfaların, birliklərin nisbi azadlığı şəraitində bu ehtimal, fikrimizcə, daha məntiqli sayılmalıdır. Beləliklə, göründüyü kimi hələ əmir Noqay dövründən mərkəzləşmiş Qızıl Orda dövlətinə mənsub klassik uluslardan biri olmaqdan daha çox azad boyların birləşməsi kimi yaşamış, parçalanma proseslərində muxtar mövqeyini qorumuş, vahid dövlətin süquta uğraması məcrasında müstəqillik qazanmış və əsasən Volqadan İrtışa, Xəzər və Aral dənizlərindən Cənubi Urala qədər çöl ərazilərini əhatə etmiş Noqay Ordası XIV əsrin sonları-XV əsrin əvvəllərində Yedigeyoğullarının idarəçiliyi altında yaranmışdır. Jan Pol Ru parçalanma ərəfəsində Noqay Ordasının “300 min süvaridən ibarət dünyanı istila edə biləcək bir ordu toplamaq gücündə olduğunu” qeyd edir. Məhz elə bu hərbi gücünə görədir ki, Noqay Ordası Cuci soyundan gələn xanlar üzərində təsir gücünü heç zaman itirməmiş, Qızıl Ordanın digər törəmələri ətrafında baş verən bir çox tarixi proseslərdə fəal rol oynamışdır...
b/ Krım xanlığı
Tarixşünaslar Krım və Kazan xanlıqlarının ayrılıb müstəqilləşməsini, habelə Qasım xanlığının təşəkkülünü Böyük Orda xanlarından Uluğ Məhəmmədlə Kiçik Məhəmmədin varisləri arasında baş verən taxt mübarizələri ilə izah edir, bu hadisələr fonunda nəzərdən keçirirlər. Cəlaləddin bin Toxtamışın oğlu Uluğ Məhəmməd 1419-1424-cü və 1427-1436-cı illərdə Qızıl Orda xanı olmuş, lakin taxtını Kiçik Məhəmmədə buraxmağa məcbur olub Krıma, daha sonra isə “əski Volqa və Kama Bulqar krallığına, yəni türkdilli tatar, çuvaş, başqırd və fin-uyğurların, çeremislərin, mordvinlərin yaşadığı torpaqlara” (Jan Pol Ru) getmiş, bu ərazilərdə həmin gələcək xanlıqların konturlarını müəyyənləşdirmişdir. 1428-1433-cü illərdə (bəzi mənbələrdə hətta 1441-ci il də göstərilir) meydana çıxan Krım xanlığı çöl ərazilərini, az sonra isə bütün yarımadanı və Qara dənizin şimal hissələrini əhatə edirdi. Krım xanlığının müstəqillik qazanması Böyük Ordanı dənizə çıxışdan məhrum edir, iqtisadi sərvətinin əsas mənbəyi olan beynəlxalq ticarət şəbəkəsindən qoparırdı. Hacı Girey xanın hakimiyyəti dövründə Qara dənizdə fəaliyyət göstərən xarici ticarət qurumları, xüsusilə italyanlar (genuyalılar) ilə əlaqələr Krım xanlığının nəzarətinə keçir və daha da möhkəmlənir. Lakin onun ölümündən sonra, J.P. Runun da yazdığı kimi oğulları arasında taxt mübarizəsi başlayır və bu ölüm-dirim mübarizəsi əsnasında yerli qəbilə başçılarının xahişi ilə yarımadaya göndərilən Osmanlı donanması 1475-ci ildə qardaşlardan Məngü Gireyi “Babi-Alinin hakimiyyətini qəbul etmək şərti ilə Krım taxtına” oturdur. Həmin ildən Krım xanlığı Osmanlı imperiyasından asılılığa düşür.
c/ Kazan xanlığı və onun “əlavəsi” kimi nəzərdə tutulan Qasım xanlığı
Uluğ Məhəmməd və oğlu Mahmudun səyləri ilə Orta Volqa və Aşağı Kama ərazilərində əvvəl Kazan vilayəti, 40-cı illərdə isə onun əsasında müstəqil Kazan xanlığı təşəkkül edir. Bu dövlətin ərazisi müasir Rusiyanın Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Udmurtiya, Mari federal qurumlarını, habelə Simbirsk, Penza, Perm, Vyatka, Nijni-Novqorod, Samara, Saratov (“Sarı-tau”), Tsarıtsın (“Sarı-tin”), Tambov, Ryazan kimi qədim şəhərlərini əhatə edirdi. Qasım xanlığına gəldikdə onun yaranması və ümumiyyətlə, mövcudluğuna dair fikirlər xeyli ziddiyyətlidir. Hətta bəzi rus və tatar alimləri belə bir xanlığın varlığını tarixçilərin uydurması hesab edirlər. Onların fikrincə, mənbələrdə Qasım xanlığının adı keçmir. Tatarlarla münasibətlərdən bəhs edən rus mənbələrində bu qurum və onun yerləşdiyi məntəqə “Meşera”, “Meşer yurdu”, “Ryazan yurdu”, “Meşer şəhərciyi”, hətta “Şahzadə şəhəri” kimi adlarla xatırlanır. Fransız tarixçisi Jan Pol Ru isə bu təşəkkülü Qızıl Ordadan törəmə xanlıqlar siyahısında göstərsə də, Qasım xanlığına dair tam özünəməxsus, orijinal bir versiya irəli sürür. Onun fikrincə, “Uluğ Məhəmmədin hakimiyyətə gəlmək istəyən oğullarından biri Qasım bəy (öl. 1469) Moskvaya sığınmış və Qorodets adlı bir şəhərin ona verilməsinə nail olmuşdur. Şəhər bundan sonra “Kasimov” adlandırılmışdır. Qasım bəy XV əsrdə xristian bir hökmdarın vassalı olmağı qəbul etmiş yeganə müsəlman bəyidir. O, ruslara sadiq qalacaq, onlarla birlikdə keçmiş yurddaşlarına qarşı yürüşlərdə iştirak edəcək və xristianlığı qəbul edib slavyanlaşacaqdı. Müsəlman əhali buna dözməyib yaxınlıqdakı İslam ölkələrinə (tatar xanlıqları nəzərdə tutulur-N.M.) üz tutacaq”. Daha geniş yayılmış versiya isə bundan ibarətdir ki, Qasım xanlığı Uluğ Məhəmmədin 1445-ci ildə Suzdal yaxınlığında ruslarla apardığı meydan müharibəsi nəticəsində yaranıb. Qələbə çalan Məhəmməd xan əsir aldığı rus hakimi Vasili qarşısında bir neçə şərt irəli sürmüş və bunların qəbul edilməsinə nail olmuşdur. Türk tarixçisi Ə.Dəmirin fikrincə, həmin şərtlərdən biri də Oka çayı üzərindəki şəhər (müəllif şəhərin adını “Hankerman” kimi göstərir və başqa mənbələrə görə, yeni salınan Qasım şəhəri” deyə izah verir) mərkəz olmaqla Qasım bəyliyinin yaradılması idi. Ə.Dəmir yazır: “Bu bəyliyi Uluğ Məhəmmədin oğlu Qasım idarə edəcəkdi. Tarixdə “Qasım xanlığı” (1445-1681) adı ilə tanınan bu təşəkkülün meydana gətirilməsindən məqsədin “Moskvanı daha yaxından nəzarətdə saxlamaq, lazım gəldiyi vaxt dərhal müdaxilə etmək üçün hərbi qüvvə çıxarmaq” olduğu söylənilir. Buradakı hərbi qüvvələrin məsrəfləri ətraf rus şəhərlərinin gəlirlərindən təmin olunacaq, Moskva xəzinəsindən də illik ödənc ayrılacaqdı”. Deyilənlərdən belə bir qənaət hasil olur ki, tarixşünaslıqda Qasım xanlığına qeyri-ciddi münasibət bəslənilməsi (gah onun “bəylik” adlandırılması, gah ümumiyyətlə, mövcudluğunun şübhə altına alınması) bu siyasi birliyin lap başlanğıcdan “yardımçı” missiya daşıması ilə bağlıdır.
ç/ Sibir xanlığı
XV əsrdə tədricən Tobol və İrtış çaylarının qovuşduğu ərazilərdə mərkəzi Çingi-Tura (Tümen) olan Sibir xanlığı yaranır və ilk dövrdə Noqay Ordasından asılı vəziyyətdə fəaliyyət göstərərək, sonradan müstəqil xanlığa çevrilir.
Tatar xanlıqlarının yaranması haqqında bu qısa məlumata onu da əlavə etməliyik ki, Qızıl Ordanın törəmələri yalnız sadalananlarla məhdudlaşmır. Misal üçün, 1920-ci ilədək Xivə xanlığı adı ilə mövcud olmuş Xarəzm dövləti də şeybanilərin (və deməli, Qızıl Ordanın) varisi sayılır. Şeybanilər (özbəklər) vaxtilə Qərbi Sibirdən Mavəraünnəhrə köç edib burada Çağatay ulusuna aid əraziləri tutmuş və yaratdıqları xanlığa babalarının adını vermişlər. D.Kıdırəli və Q.Babayarov varislər siyahısına Özbək xanlığını (Əbülxeyir xan, 1428-1468) və nisbətən cavan Qazax xanlığını da ayrıca daxil edirlər. Qazax xanlığı cucilərin (“sol qol” hökmdarlarının) qədim Çağatay torpaqlarını ələ keçirmələri ilə yaranmışdı və Beynəlxalq Türk Akademiyası alimlərinin fikrincə, 1465-ci ildən 1822/1847-ci ilədək mövcudluğunu qorumuşdur. Geniş yayılmış başqa bir qənaətə görə, əgər özbəklər (şeybanilər) Orta Asiyanın oturaq əhalisini özlərinə tabe etmişlərsə, Qazax xanlığı köçəri çağatay-moqollarla Cuci ulusunun sol qoluna mənsub köçərilərin ittifaqından yaranmışdır.
Nəhayət, Qızıl Ordanın parçalanma proseslərindən bəhs edərkən mütləq bir məsələyə də toxunmaq lazım gəlir. Bəzən tatar xanlıqlarının yaranması rus knyazlıqlarının asılılıqdan qurtulması kimi qiymətləndirilir və bunlar eynizamanlı hadisələr sayılır. Birmənalı şəkildə qeyd etməliyik ki, belə deyil. Sovet tarixçilərinin də etiraf etdikləri kimi, rus knyazlıqları Qızıl Ordanın süqutundan sonra da uzun müddət, XVI əsrədək Kazan və Həştərxan xanlıqlarının nəzarətində qalmışlar. Krım xanlığı isə XVIII əsrdə belə “rus ulusu”nu və Böyük Litva knyazlığına aid “rus torpaqları”nı (Ukraynanı) öz votçinası hesab etmişdir və bu da əsassız deyil. Beləliklə, Böyük Orda xanlığı ilə Uqra çayı üzərindəki qarşıdurmadan (1480) sonra Moskva üçün yalnız bir şey dəyişmişdir: onlar artıq tək “Baş Orda”ya yox, həm də adıçəkilən tatar xanlığına xərac ödəməli olmuşlar.
Qızıl Orda imperiyasının tarixdə rolu
Bir neçə yüzillik ərzində nəhəng bir coğrafi məkanda baş verən mürəkkəb siyasi, iqtisadi, etnik, demoqrafik, mədəni... proseslərin ən mühüm hərəkətverici qüvvəsini təşkil etmiş Qızıl Ordanın tarixi əhəmiyyəti özlüyündə geniş bir tədqiqat mövzusu olub, İslam tarixi, türk-İslam mədəniyyətinin inkişafı və təsir dairəsinin genişlənməsi məsələləri ilə sıx bağlıdır. Qızıl Orda həmçinin bir çox türk etnoslarının genezisində silinməz izlər buraxmışdır. Bu möhtəşəm dövlətin tarixi əhəmiyyəti və bizim oçerklərin ana mövzusu arasında kəsişmə məqamlarını araşdırarkən ən azı 3 məsələni qısa da olsa vurğulamaq lazım gəlir. İlk öncə qeyd edilməlidir ki, müasir tatar xalqı Qızıl Ordanın birbaşa etnomədəni varisidir və bir etnos olaraq məhz bu dövlətin tərkibində ikən formalaşmışdır. Orda imperiyasının başqırd, qazax, noqay, özbək və b. türk xalqlarının etnik inkişafında əhəmiyyətli rol oynaması ikinci mühüm məsələdir. Və nəhayət, üçüncü xüsus- Rusiyada dövlətçilik ənənələrinin formalaşmasında, xüsusilə Moskva knyazlığında idarəçilik sisteminin və hərbi işin təşkilində Qızıl Ordadan əxz olunmuş zəngin təcrübənin əsas götürülməsidir ki, bu haqda bir qədər ətraflı bəhs etmək lazım gəlir. Yuxarıda da vurğulandığı kimi, monqol işğalı ərəfəsində ruslar yaşayan ərazilərdə daxili asayiş pozulmuşdu və faktiki olaraq anarxiya hökm sürürdü. Məhz Qızıl Ordanın dəmir intizam və sabitlik yaratması nəticəsində qısa müddət ərzində knyazlıqlar arasında ixtilaf və çəkişmələrə son qoyulmuş, iqtisadi və sosial rifahın yüksəlməsi üçün təminat yaranmışdı. Sonrakı 240 il ərzində Moskva knyazları Ordanın inzibati metodlarına yiyələnmiş, idarəçilik texnologiyalarını mənimsəmişlər. Vadim Trepavlovun da etiraf etdiyi kimi geniş ərazilərin səmərəli idarə olunması üçün sərt hakimiyyət iyerarxiyasının qurulması, yasaq (natural vergilərin ödənilməsi) və əmanətlər (asılı tərəfin hakim sülaləsinin təmsilçisi uşaq yaşlarından hakim tərəfə “amanat”, başqa sözlə, girov göndərilirdi) sisteminin yaradılması daha məqsədəuyğun sayılırdı. Qızıl Orda ilə qarşılıqlı münasibətlər o dövr üçün innovativ sayılan bir çox texnologiyaların tətbiqinə geniş zəmin yaratmışdı. Rus knyazlıqları hələ Çingiz xan dövründən fəaliyyət göstərən yol-nəqliyyat və poçt-rabitə şəbəkəsinə inteqrasiya olunmuşdur. Pul tədavülü və gömrük sistemlərinin Qızıl Ordadan əxz edilməsi müasir rus dilinin leksik tərkibində də əksini tapır. Misal üçün, ruscada bu gün də ümumişlək olan “denqi” (pul) və “tamojnya” (gömrük) sözlərinin “təngə”, “tamğa/damğa” sözlərinin şəkildəyişməsi olduğu şəksizdir. Ordanın asılılığını qəbul etdikdən sonra Saray və digər şəhərlərlə əlaqələrin genişlənməsi, gediş-gəlişin artması rusların geyim, kulinariya və məişət tərzlərinə dərin təsir göstərmişdir ki, bir çox etnoqraf və tarixçilər bunu ispan mədəniyyətinin ərəb-müsəlman elementləri hesabına zənginləşməsi ilə analoji hadisə hesab edirlər. Orda təsirlərinin, ümumiyyətlə, kompleks səciyyə daşıdığı, rus dünyagörüşünün daha dərin qatlarına sirayət etdiyi müasir elmi fikirdə çoxsaylı tədqiqatlar yolu ilə təsdiqini tapıb. “Orda zülmü” haqqında təlqinedici fikirlərin geniş yayılmasına baxmayaraq, 240 illik bu dövrün rus xalqının ümumi təkamül tarixində mütərəqqi rol oynadığını qeyd edənlər, zənnimizcə, daha haqlıdırlar. Bu təmayülün tərəfdarları Orda ilə münasibətlərin, Şərqdən təsirlənmələrin rus dövlətçiliyinə güc, dayanıqlıq və davamlılıq verdiyni vurğulayır, rus dilinin, pravoslav kilsəsinin, rus etnomədəni kimliyinin “Orda boyunduruğu” altında mühafizə olunub möhkəmlənməsinə, mərkəzləşdirilmiş milli dövlət ideyasının güclənməsinə və s. dair tutarlı arqumentlər irəli sürürlər. Sovet tarixşünaslığında hətta Moskva Rusiyasına Qızıl Ordanın tarixi varislərindən biri kimi baxanlar da olmuşdur və bu, heç də təsadüfi sayılmamalıdır.
Daha bir maraqlı məsələ süquta uğrayıb, xanlıqlara transformasiya olunandan sonra da Qızıl Ordanın öz törəmələri vasitəsilə siyasi varlığını yeni dövrə qədər davam etdirə bilməsidir. Bu möhtəşəm imperiyanın bağrından qopan, onun “gen”lərini daşıyan tatar xanlıqları Qızıl Ordanın yalnız xatirəsini deyil, həm də siyasi mirasını (idarəçilik formasını, daxili quruluşunu, hakim sülalələrini, prinsip və ənənələrini) yaşatmış, zərrə küllü əks etdirdiyi tərzdə, onun kiçik analoqları olmuşlar. Qızıl Orda dünya xəritəsindən silindikdən sonra da geosiyasi proseslərin aktiv iştirakçıları tərəfindən tamamilə real bir güc kimi təsəvvür edilən azsaylı tarix subyektlərindən sayıla bilər. Onun vahiməsi uzun müddət çoxlarının yuxusuna haram qatıb. Rusiya bu cəhətdən hamını üstələyir desək, yanlışlıq olmaz. Çar imperializmi və Sovet hakimiyyəti dövrlərində Qızıl Ordanın tarixi əhəmiyyətini heçə endirən, onu “vəhşi Şərq təmayüllü” mütləqiyyətçi monarxiya kimi təqdim edən basmaqəlib baxışlar hər vasitə ilə məhz buna görə məqsədyönlü şəkildə tirajlanmış, təkrarlanaraq kitabdan kitaba keçmiş, nəsildən nəslə ötürülmüş, kütləvi şüura və dövlət siyasətinə sirayət etmiş, unikal bir sindrom, hətta xəstəlik halını almışdur. Qızıl Ordanın diriləcəyindən, canlanacağından, dirçələcəyindən həmişə qorxmuşlar. Onun törəmələrinə qarşı şiddətli aqressiyanın bir mühüm səbəbi də burada axtarılmalıdır. Aşağıda Kazan, Həştərxan, Sibir, Krım xanlıqlarının, Noqay Ordasının ruslar tərəfindən işğal edilməsi məsələləri üzərində ətraflı dayanacağıq. Əminliklə söyləyə bilərik ki, bu davamlı işğalların ən ümumi və ən başlıca səbəblərindən biri - Qızıl Ordanın reinkarnasiya xofu olub. Adı çəkilən dövlət qurumlarının siyasi tarixi və işğal xronikası da məhz Qızıl Orda ilə bağlı stereotiplərin kölgəsində “öyrənilmiş”, açıq təhriflər və üstüörtülü klişelərlə dolu bir “tarix” qondarılmışdır. Qısa desək, Ordanın varisliyi tatar xanlıqları üçün taleyin şərəfli bir bəxşişi olmaqla bərabər onların üzərinə ağır siyasi-tarixi məsuliyyət yükü qoymuşdur və işğal prosesində onların xüsusi amansızlıqla cəzalandırılması- bütün başqa amillərlə yanaşı, həm də bu mirasın “ağırlığı”ilə şərtlənmişdir.
N.MUSTAFA
(ARDI VAR)