13 sentyabr 2022 15:35
615

Hicran Hüseynova: Baş vermiş təxribata və itkilərə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

“Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.  Azərbaycan Ordusu qətiyyətlə erməni hərbi təxribatının qarşısını almışdır.  Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, yaralı hərbiçilərimizə şəfa arzulayıram.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə, suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, habelə Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb: “Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidərək  beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir.  Belə ki, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, hələ də erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesə üçüncü tərəfləri cəlb etmək üçün müxtəlif təxribatlar törətməsi  bir daha göstərir ki, Ermənistan  sülh prosesində maraqlı  deyil.”

Komitə sədri vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır: “Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan vaxta, Ermənistan təcavüzə yol verməklə bu prosesə növbəti  dəfə maneə olduğunu  göstərdi. Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi, eləcə də  digər dövlətlərin rəhbərlərinə zəng etməsi  hüquqi baxımdan qanunaziddir.İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası  həyata keçirilməyibdir və baş vermiş hadisə sərhədyanı hərbi insidentdir.  Digər tərəfdən isə  bu təxribatin əsas məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyi və qanunsuz hərbi dəstələrinin üzərinə düşür.  Azərbaycan tərəfi isə bu təxribatlara cavab verir, öz suveren hüquqlarının müdafiə edir.  Digər tərəfdən 44 günlük Vətən Müharibəsindən sonra  Azərbaycan azad edilmiş ərazilərin  yenidən bərpası, qurulması və inkişafı üzrə  nəhəng irimiqyaslı işlərlə məşğuldur, elmi- mədəni  layihələr həyata keçirir  Ermənistan isə  həmişə olduğu kimi, həm özü illüziyadadır, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyi yaranmasına müxtəlif yollarla  əngəl yaradır.”

Professor bildirib ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınıb və alınacaqdır! Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır, birgə imzalanan  bəyanatlara sadiq olub əməl etməlidir.”