“Ermənistanın siyasi və hərbi rəhbərliyi bütün vasitələrdən istifadə edirlər ki, sülh danışıqları pozulsun. Onlar cəbhədə, diplomatik masada məğlub olublar və Azərbaycanın ərazi bütövlüyünün tanınmaq, sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərlərinə öhdəliklər götürüblər. Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etdiklərini Ermənistan baş naziri Paşinyan da etiraf edib. Amma onlar bu öhdəlikləri yerinə yetirmirlər. Bundan yayınamq üçün təxribatlara əl atırlar."
Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “İki sahil”ə açıqlamasında söyləyib.
E.Həsənli diqqətə çatdırıb ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutan son görüşdən sonra Azərbaycan böyük humanizm göstərərək erməni tərəfinin 5 əsirini də geri qaytardı. Amma Ermənistan yenə də öhdəlikləri yerinə yetirmək istəmir. Bunun üçün də bu cür məkrli təxribatlara əl atır və Azərbaycan Ordusu tərəfindən qətiyyətlə cəzalandırılır. Hətta son təxribatlardan sonra Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Amma yenə də Ermənistan ağlını başına toplamır. Görünür ki, onlara hər 3 aydan bir Azərbaycan Ordusunun “dəmir yumruğ”u dəyməlidir ki, ağıllansınlar. Görünür, başqa cür onlar başa düşmür. Ermənistanın nifrəti, kini, xülyası, nağılları, yalanları dəyişmir ki, dəyişmir.
Həmsöhbərimiz xatırladıb ki, Ermənistan 2020-ci ilin Tovuz hadisələrində, həmin ilin sentyabrından başlatdığı təxribatlarında olduğu kimi bu dəfə də revanş qazanmaq məqsədilə azərbaycanın mülki şəxslərini atəşə tutdu. Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və anti-insani mahiyyətini göstərir. Düşmən belə təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini nümayiş etdirir. BMT-nin artıq həll edilmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini icra etməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədir. Lakin Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu erməni faşizminin layiqli cavabını verəcək və verir də . Ordumuz işğalçı tərəfi etdiyi hər cinayətinə, vəhşiliyinə görə cəzalandıracaq.
Ekspert vurğulayıb ki, bu xroniki xəstəni, sağalmaz virusu biz davamlı müalicə etməliyik, vaksin etməliyik. Bu vaksin də Azərbaycan dövlətinin dəmir yumruğu, Ordumuzun silahıdır. Bunun başqa yolu yoxdur. Ermənistan unudur ki, Azərbaycanın səbri sonsuz deyil. Türkiyənin Suriyada bufer zona yaratdığı kimi, məcbur olub Azərbaycan da Qazaxdan Naxçıvana qədər “bufer zona” yaratmalı olacaq ki, ərazilərimiz vurulmasın. Ermənistan bizə bundan başqa alternativ qoymur. Ya Ermənistan sülhə gəlməlidir, ya da gəlməlidir. Bu danışıqlar sonsuza qədər davam edə bilməz. Biz bir 30 ildə gözləyə bilmərik ki, Ermənistan nə zaman sülh imzalayacaq, Zəngəzur dəhlizini açacaq.
Müsahibimiz xatırladıb ki, Ermənistanın terrorçu mahiyyəti, onun yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olması region dövlətləri tərəfindən də dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan onlar üçün də böyük təhlükədir. Odur ki, region dövlətləri də Azərbaycanın haqq işini tam şəkildə müdafiə etməli, terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdırılmasına nail olmalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub