Təxribat törədən Ermənistan hədəf kimi mülki əhalini seçir
“Ermənistanın mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Ermənistanın bu hərəkəti göstərir ki, qonşu ölkə əsas hədəf kimi mülki əhalini seçir. Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Hazırda sərhəddə yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, “Bakı” Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov deyib.
Z.Məmmədov vurğulayıb ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin əsassız bəyanatı isə təəssüf doğurur. Kimin hansı bəyanat verməsindən asılı olmayaraq, Azərbaycan bu məsələdə haqlıdır və təxribatlara cavab verməklə öz təhlükəsizliyini təmin etməyə çalışır: “Beynəlxalq ictimaiyyət bu məsələyə baxmalıdır. Çünki dünən ABŞ Dövlət Departamentinin iki rəsmisinin, Avropanın ayrı-ayrı parlamentarilərinin, o cümlədən AŞPA-nın verdiyi bəyanat çox qərəzli idi. İndi həmin adamlar gözlərini dörd açıb görsünlər ki, mülki əhalini qıran, dinc sakinlərə hücum edən hansı dövlətdir. Təəssüflər olsun ki, budəfəki təxribatlarda da Azərbaycanın mülki əhaləsinə qarşı Ermənistan ordusu tərəfindən atəş açılmışdır. Bu, beynəlxalq cinayətdir. Sülh danışıqlarının getdiyi dönəmdə belə bir addımın atılması o deməkdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan həm Rusiya Prezidenti Putinin, həm də Avropa İttifaqının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşlərdə səmimi olmayıb. Əks təqdirdə avqusutun 31-də baş tutan Brüssel görüşündə üzərinə götürdüyü öhdəliklərini icra etməli idi. Amma, qarşı tərəf bu dəfə də öhdəliyinə əməl etmədi. Ermənistan son günlər törətdiyi təxribatlarla sülhə maraqlı olmadığını bir daha bəyan etdi."
Z.Məmmədov qeyd edib ki, Ermənistan şıltaqlığını yerə qoyaraq birdəfəlik təslim olmalı və öz təxribatlarından əl çəkməli və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir.
Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür və görəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub