14 sentyabr 2022 22:15
1955

Kölə xislətli Altay Göyüşovun erməni təəssübkeşliyinin gerçəklikləri

Görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı-publisist Nəriman Nərimanov üzdə Vətən deyib, arxada Vətəni satanlara xitabən yazırdı: “Siz özünüzü bu millətdən hesab edirsinizsə, özünüzün bir Vətəni varsa, həmin millətin, həmin Vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir.”

Bəli, Vətənin qəmi, dərdi hər birimizin dərdi, qəmi olmalıdır. Ancaq çox təəssüf ki, son dövrlər özünü azərbaycanlı adlandıran bəzi üzdəniraq “soydaşlarımız” öz şəxsi mənafeləri naminə ölkəni, xalqı, Vətəni satmağa hazır olduqlarını dönə-dönə nümayiş etdirirlər. Belələrindən biri də xaricdə yaşayan, satqın, başabəla “tarixçi alim” Altay Göyüşovdur. Vicdanını, şəxsiyyətini, mənliyini pula satan, ruhən ölmüş, mənəvi deqradasiyaya uğrayan, anti-Azərbaycan dairələrin çirkab dolu mənbələrindən yemlənən, öz “Facebook” səhifəsində “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” yazan A.Göyüşovun son zamanlarda sərgilədiyi həddindən artıq həyasızlıq, erməni təəssübkeşliyi insanda heyrət doğurmaya bilmir. Londondakı “Baku Research Institute” layihəsinin rəhbəri kimi erməni lobbisinin təsiri altında olan təşkilatlardan qrantlar alan bu xəstə təfəkkürlü “politoloq”un ötən əsrin 80-ci illərinin sonlarında separatçı-terrorçu “Miatsum” hərəkatçılarına dəstək verərək, Dağlıq Qarabağı ilhaq etmək istəyən, 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi sərvətlərini talayan, flora və faunasını  tamamilə məhv edən təcavüzkar Ermənistanı deyil, haqq işi, tarixi ədalət uğrunda mücadilə edən Azərbaycanı irredentist siyasət yürütməkdə ittiham etməsi əxlaqsızlığın və xəyanətkarlığın pik nöqtəsidir. Əslində A.Göyüşov yaxşı bilir ki, bizim heç kimin torpağında gözümüz yoxdur. 2020-ci ilin sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızı işğaldan azad etdi.

Bəli, Azərbaycan dövləti o ağır və şərəfli günlərdə həm döyüş meydanında, həm siyasi, həm də diplomatik müstəvidə qələbə qazandı, torpaqlarımızı eləcə də nankor və antimilli ünsür Altay Göyüşovun babalarının erməni tapdağı altında qalan məzarlarının olduğu Ağdam rayonunu 28 illik işğaldan azad etdi. A.Göyüşov kimi xəyanətkar Qərb ölkələrində ermənipərəst dairələrin pulları ilə yağ-bal, piy içində böyrək kimi bəslənəndə qəhrəman  zabit və əsgərlərimiz öz canları-qanları bahasına torpaqlarımızı mənfur düşməndən təmizləyirdilər.

Ləyaqətini, reallıq hissini və insanlıq duyğusunu çoxdan itirərək buyruq quluna çevrilmiş A.Göyüşova bir daha xatırlatmaq istərdik ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Məhz bundan sonra Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatçı əməllərinə qarşı lazımı tədbirləri görüb. Baş vermiş bu toqquşmalarda da Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Bundan sonra da bu kimi təxribatlara adekvat cavabımızı verəcəyik. Çünki Ermənistan tərəfi 10 noyabr 2020-ci il birgə Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərini pozur.

Həmçinin vicdan, məntiq və şərəf yoxsulu olan A.Göyüşov kimi erməni təəssübkeşlərinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və düşmən ölkədə baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək.  Hazırda Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısının alınması üçün kifayət qədər təsirli və effektiv tədbirlər görməkdə davam edir. Hər iki tərəfdən insan itkisi ilə nəticələnən bu təxribatlara görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.  

Doğrudan da, sifarişi və maliyyəni kimdən aldığını çoxdan bildiyimiz, torpağına, xalqına, Vətəninə xəyanət edən kölə xislətli, zombiləşmiş, satqın, anti-Azərbaycan dairələr qarşısında sədaqət andı içən, şərəfsizcəsinə özünün “Facebook” səhifəsində “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram” deyən A.Göyüşov artıq hər bir azərbaycanlı tərəfindən lənətlənmiş varlığa çevrilib. Bu bir gerçəklikdir və  həqiqətən də elə gerçəkliklər var ki, onların sübuta ehtiyacı yoxdur…

Zahid Rza, “İki sahil”