Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlunun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib.
“İki sahil” xəbər verir ki, şəhid Elnur Məhərrəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.
Şəhid Elnur Məhərrəmov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Nərbala Məhərrəmova təqdim olunub, havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov könüllü olaraq 11 ay öncə ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb. O, əsgəri xidməti başa çatdıqdan sonra ordu sıralarında qalaraq hərbi qulluqçu kimi Vətənə xidməti davam etdirmək arzusunda idi.