16 sentyabr 2022 01:38
606

Paşinyan siyasət meydanının sürüşkən fiqurudur

Məlum idi ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın arxasında gizli bir məqsəd var. Bəzi siyasətçilər və politoloqlar hərbi toqquşmanın başlamasından dərhal sonra işarə vurdular ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində planlaşdırılmış görüşdən qaçmaq üçün qəsdən edir. Çünki o, bu görüşdə sülhə doğru daha bir addım atmağa məcbur idi. Gözləntilər özünü doğrultdu: Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (İƏT)  Özbəkistanda keçirilən sammitinə qatılmaqdan imtina etdi!

Beləliklə, sentyabrın 12-si, 13-ü və 14-də sərhədlərimizdəki erməni təxribatlarının məhz bu sammit ərəfəsində planlaşdırılan Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünü və bu görüşdə əldə edilə biləcək razılaşmanı pozmaq məqsədii ilə elə Paşinyan komandasının özü tərəfindən təşkil edildiyi aydın olur. Yoxsa iki yüz nəfərdən artıq əsgər və zabitinin ölümü, yüzlərlə hərbçinin isə yaralanması ilə nəticənən bu döyüş Paşinyanın nəyinə lazım idi? Buna onu nə vadar etdi?

İndi aydın olur ki, Putinlə Vladivostokda danışan Nikol Paşinyan ŞƏT-in sammitində iştiraka və dördtərəfli görüşün keçirilməsinə razılıq versə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin gətirdiyi mesajdan, verdiyi hansısa vədlərdən sonra Putinlə razılaşmanı pozmaq məcburiyyətində qalıb və çıxış yolu kimi, Azərbaycanla sərhədlərimizdə təxribat törətməyə əl atıb...

Şübhəsiz, Nikol Paşinyanın Qərbin açıq dəstəyi və təhrikii ilə Azərbaycan və Rusiya ilə razılaşmanı pozması, sülhdən yayınması onu yenidən ciddi problemlərlə üz-üzə qoyacaq. Çox güman ki, bədxahlarımız Paşinyanı qorumaq üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm də Azərbaycandakı şəbəkəsini hərəkətə gətirməklə hərbi əməlliyyatları davam etdirməyin qarşısını almağa çalışacaqlar.

Bütün bunlar öz yerində. Buna onu da əlavə etməliyik ki, Nikol Paşinyan siyasət meydanında o qədər sürüşkən fiqurdur ki, bu gün söylədiklərini sabah inkar edir, kiminsə sözü ilə getdiyi yoldan geri qayıdır. Təbii ki, onun belə qeyri-müəyyənliyi həm erməni cəmiyyətinə, həm də şəxsi reputasiyasına zərbə vurur. Hazırda  Paşinyanın bu qanlı əməlinə qarşı üsyan edən ermənilər İrəvanda parlament binasına hücum edirlər. Xarici ölkələrdəki erməni diaspor təşkilatları ayağa qalxaraq qorxaq və nadan Paşinyanın istefasını tələb edirlər. Ancaq deyəsən Nikol Paşinyan and içib ki, erməni toplumunu tamamilə bada verməyənə qədər postundan heç yana gedən deyil. Ermənilərin başının bəlasına çevrilmiş bu avantürist xarici ağalarının xatiri xoş olsun deyə öz soydaşlarının axırına çıxmağa hazırdır.

“Ermənistanın siyasi rəhbərliyi heçliyə çevrilib, ordu da mahiyyətcə nizamsızdır.”

Bu fikri tanınmış erməni politoloq Hayk Martirosyan son günlərdə Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərlə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyini tənqid edərkən deyib. O qeyd edib ki, Ermənistanın məhvində yeganə əsas günahkar erməni xalqıdır. Politoloq Ermənistan Müdafiə Nazirliyinin itkilər barədə məlumat yaydığını, digər dəqiqləşdirilməmiş mənbələrin məlumatına görə, Ermənistanın cənub hissəsində artıq ərazi itkiləri olduğunu vurğulayaraq yeganə çıxış yolunun şiddətli xalq üsyanı, xarici siyasi vektorun Qərbə doğru istiqamətlənməli olduğunu vurğulayıb. Ümumiyyətlə, bütün rəylər və fikirlər onu sübut edir ki, ermənilər öz güclərinə güvənmir, daim özlərinə himayəçi axtarırlar. Min ildir belə olublar, yenə də belədirlər. Özünə inamı, güvəni olmayanlar tarix boyu məğlub olublar. Əgər ermənilər ağıllanmasalar, düzgün yol seçməsələr, onları bu dəfə daha dəhşətli faciələr gözləyir.

Erməni tarixçi alim Tatul Akopyan açıq mətnlə bildirib ki, Ermənistan ona lazım olmayan müharibəni özü qızışdırır. Sərhədlərdə aqressiv hərbi toqquşmalar olacağını öncədən bildirən Akopyan Paşinyanın ikiüzlü siyasət apardığını deyərək əlavə edib ki, Nikol nəinki yeni müharibədən qaçmır, daha irəli gedərək Azərbaycana qarşı  mənasız və əsassız hərbi hədələrdən belə çəkinmir.  

Akopyanın fikrincə, həm Ermənistan hakimiyyəti, həm də müxalifət sülhə nail olmaq üçün ağılsızlıq edir, irəli addım atmırlar. Putinlə görüşündə Paşinyan Azərbaycandan şikayət edərək deyir ki, Azərbaycan Ermənistan ərazisindən kommunikasiyaların açılmasını tələb edir, amma  Ermənistanın blokadadan çıxması üçün heç bir iş görmür. Ermənistan həmin mərhələyə gəlib çatıbmı ki, belə bir iddia səsləndirir?  Bu nə narahatlıqdır?

Akopyan etiraf edir ki, Paşinyanı heç zaman xəyanətdə suçlamayıb və indi də onu xain hesab etmir.  “Biz müharibədə Azərbaycana uduzmuşuq. Bizdən bir neçə dəfə güclü olan  Azərbaycana məğlub olmuşuq, bu mənzərəni hər an görməliyik. Vaxtilə biz yazanda ki, Azərbaycanın hərbi büdcəsi bizim bütün dövlət büdcəmizdən çoxdur, yalançı vətənpərvərin patetik nitqlərini eşidirdik, ay Bakıya qədər gedərik, Kür - Araz xəttinə çıxarıq və s. Bunun nəticəsi 44 günlük müharibədə göründü və biz əsl reallıqla qarşılaşdıq. Biz məğlub olmuşuq, bunu isə qəbul etmək istəmirik. Məğlubiyyəti etiraf etmək ayıb deyil. Bunu qəbul etməməklə özümüzə quyu qazırıq. Bu müharibədə nəinki Ermənistan və Artsax məğlub oldu, bütün erməni mifləri darmadağın edildi. İndi isə yeni miflər yaratmaqla məşğuluq. Deyirik ki, biz toparlanıb 80 milyonluq Türkiyəyə və 10 milyonluq Azərbaycana qarşı vuruşa bilərik. Bu, Ermənistana yeni faciələr gətirə bilər. Bunlar çox təhlükəli yeni miflərdir”.

Akopyan sonda “Biz məğlub olmuşuq, ancaq məğlubiyyəti qəbul etməməklə özümüzə quyu qazırıq...“ deyib. Bəli, erməni olsa da düzgün fikirləşir. Bütün müharibələrin sonu sülhdən keçir. Təəssüf ki, Ermənistanın yolu cəhənnəmdən keçir, amma  sülhdən keçə bilmir...

Vəli İlyasov, “İki sahil