Təcavüzkar Ermənistan sülh prosesini sabotaj etməklə özünü çıxılmaz vəziyyətə salır
2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya sənədinə imza atan Ermənistan yenə də öz məkrli niyyətlərindən əl çəkmir. İşğalçı ölkə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına cidd-cəhdlə mane olur. Görünür işğalçılar unudublar ki, 2022-ci il avqustun 31-də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Brüsseldə keçirilən sayca dördüncü üçtərəfli görüşdə tərəflər arasında sülh müqaviləsinin mətninin hazırlanmasına dair razılıq əldə edilmişdi. Bu məqsədlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir ay ərzində görüşü nəzərdə tutulurdu. Ermənistan mətbuatında İrəvanın sülh sazişinin imzalanması üçün real addımlar atacağına dair məlumatlar yer alırdı. Qeyd olundu ki, baş nazir Nikol Paşinyan nəinki Azərbaycanla sülh sazişi üzrə işçi qrupunun yaradılmasına göstəriş verib, həmçinin qapalı iclasda ilin sonuna kimi İrəvanın Bakı ilə sülh sazişi imzalayacağını bildirib. Amma göründüyü kimi, Brüssel görüşündən sonra Ermənistan yenə də bir sıra təxribatlara əl atdı.
Təkcə Laçın rayonu ərazisində ötən il 1400-dən çox yeni mina döşənməsi və 2022-ci il sentyabrın 12-də təcavüzkar ölkənin respublikamıza qarşı törətdiyi təxribat bunun əyani təsdiqidr. Təbii ki, sərhəddə törədilən təxribata Azərbaycan Ordusunun bölmələri layiqli cavab verdi. Belə ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı olub. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib ki, onların dəyəri yarım milyard dollardan çoxdur. Həmçinin təcavüzkar ölkənin sərhədyanı ərazilərdə olan bütün hərbi infrastrukturu ordumuzun arsenalındakı yüksək dəqiqlikli silahlarla darmadağın edilib. Əslində ordumuzun həmin günlərdə Ermənistan silahlı qüvvələrinə verdiyi qətiyyətli cavab nəhayət, bu işğalçı ölkəyə dərs olmalı, təcavüzkar bundan nəticə çıxarmalı və sülh prosesini dayandırmağın mümkün olmamasını qəbul etməli, revanşist fikirlərdən əl çəkməli, delimitasiya prosesinə start verməli, müxtəlif təxribatları ilə prosesi sabotaj etməkdən əl çəkməlidir.
İşğalçı Ermənistanın destruktiv fəaliyyətlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyini irəlilətməkdə və danışıqları davam etdirməkdə, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında, bütövlükdə düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaqda israrlıdır. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında qeyd edib ki, ölkəmiz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib: “Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar”.
Bu günlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar və son aylar Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlardan bəhs edərək bildirib ki, Ermənistan gecikdirmə taktikasına əl ataraq sülh prosesini əngəlləyir. Nazir təcavüzkar ölkənin üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğunu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyini, təxribatlar nəticəsində itkilər olduğunu bildirib.
Birmənalı demək olar ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır, delimitasiya prosesinə başlamaqdan hər vəchlə yayınır. Bu, Ermənistanın növbəti faciələrinin müqəddiməsidir. Nəhayət, məğlub Ermənistan öz vəziyyətini düzgün qiymətləndirməli, qalib Azərbaycanın uzatdığı əli geri çevirməməli, sülh müqaviləsi üzrə işə başlamalı, ölkəmizin başçısının bildirdiyi kimi, Zəngəzur dəhlizinin icra olunmasına mane olmaqdan əl çəkməlidir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Zahid Rza, “İki sahil”