13 noyabr 2025 23:36
97

SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) likvidlik göstəriciləri və əməliyyat gəlirləri beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində sabit və idarəolunan səviyyədə qalmaqda davam edir. "Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyi tərəfindən yayılan son hesabatda vurğulanır ki, Şirkətin əhəmiyyətli pul ehtiyatları qısamüddətli öhdəliklərin tam şəkildə icrasına imkan yaradır və ümumi maliyyə dayanıqlığını dəstəkləyir.

Agentliyin təhlilində qeyd olunur ki, SOCAR üçün dövlət dəstəyi həm cari, həm də fövqəladə şəraitdə etibarlı olaraq qalır. Bu, Azərbaycanın enerji sektorunda həyata keçirdiyi uzunmüddətli siyasətin və SOCAR-ın iqtisadi sistemdəki strateji rolunun nəticəsidir. Beynəlxalq ekspertlərin fikrincə, dövlətlə Şirkət arasındakı qarşılıqlı əlaqələrin sabitliyi SOCAR-ın kapital qoyuluşu layihələrində gecikmələrin və əməliyyat risklərinin minimum səviyyədə saxlanılmasına imkan verir.

SOCAR üçün beynəlxalq etimadın göstəricisi

“S&P” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini və təminatsız borc reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə qaldırıb. Bu qərar SOCAR-ın son illərdə həyata keçirdiyi şəffaf maliyyə siyasətinin, hesabatlılıq səviyyəsinin yüksəldilməsinin və əməliyyat göstəricilərinin sabit qalmasının nəticəsi kimi qiymətləndirilir. Agentliyin hesabatında qeyd olunur ki, SOCAR-ın maliyyə siyasətində şəffaflığın artması, məlumatların açıqlanması səviyyəsinin yüksəlməsi Şirkətin fəaliyyətini beynəlxalq investorlar üçün daha izlənilə bilən və etibarlı edib. “S&P” bildirir ki, bu dəyişikliklər SOCAR-ın fərdi kredit qabiliyyətinin (SACP) “b” səviyyəsindən “bb-” səviyyəsinə qaldırılması ilə öz əksini tapıb. Reytinqdə sabit proqnozun qorunması Şirkətin əhəmiyyətli pul ehtiyatları və idarə olunan likvidlik mövqeyi ilə izah olunur. Eyni zamanda, “S&P” Şirkətin əməliyyat göstəricilərinin yaxın illərdə əhəmiyyətli dərəcədə dəyişməyəcəyini, maliyyə intizamının və risklərin idarə olunmasının əvvəlki kimi yüksək səviyyədə qalacağını proqnozlaşdırır. Reytinqin yüksəldilməsi SOCAR-ın təkcə maliyyə dayanıqlığını deyil, həm də beynəlxalq etimad mühitindəki mövqeyini gücləndirir. Bu addım şirkətin borc öhdəliklərini daha sərfəli şərtlərlə idarə etməsinə, kapital bazarlarında daha əlverişli şərtlərlə maliyyə cəlb etməsinə şərait yaradır.

Həmçinin beynəlxalq reytinq agentliklərinin ardıcıl olaraq SOCAR haqqında pozitiv dəyərləndirmələr təqdim etməsi Azərbaycanın enerji sektoruna olan ümumi inamın və iqtisadi sabitliyin mühüm göstəricisidir.

Gələcək illər üçün proqnoz: Maliyyə yükü sabit qalacaq

“S&P”nin əsas ssenarisinə görə, 2025–2027-ci illərdə əməliyyatlardan əldə olunan pul vəsaitlərinin (FFO) borca nisbəti 12–15 faiz səviyyəsində, nağd vəsaitlər nəzərə alındıqda isə 20 faizdən bir qədər yuxarı səviyyədə qalacaq. Bu proqnoz SOCAR-ın maliyyə yükünün sabit qalacağını və əməliyyat axınlarının davamlılığını təsdiqləyir.

Agentlik, həmçinin qarşıdakı üç ildə Şirkət tərəfindən təqribən 3 milyard manat həcmində illik investisiyaların həyata keçiriləcəyini və təxminən 1 milyard manatlıq sərbəst əməliyyat pul axınının (FOCF) formalaşacağını proqnozlaşdırır. Bu göstəricilər SOCAR-ın daxili investisiya potensialının və kapital yönümlü siyasətinin güclü qalmasını nümayiş etdirir.

Ekspert: SOCAR-ın “BB” səviyyəsinə yüksəlməsi Azərbaycan enerji sektorunun bütövlükdə investisiya mühitinə müsbət siqnal verir

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, “Standard & Poor’s”in (S&P) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün uzunmüddətli təminatsız borc üzrə kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəltməsi sevindirici xəbərdir: “S&P”nin uzunmüddətli reytinqlərində “BB” səviyyəsi investisiya dərəcəsində hələ “aşağı riskli” status olmasa da, amma “BB-”-dən bir pillə üstün, yəni şirkətin risk profilinin bir pillə yaxşılaşması deməkdir. Beləliklə, SOCAR-ın “BB” səviyyəsinə qalxması göstərir ki, maliyyə və idarəetmə cəhətdən müəyyən düzəlişlər və yaxşılaşmalar var, bundan sonrakı mərhələdə bu yaxşılaşmalar davamlı olarsa, onda şirkət “tam rahatlıqla borc ödəyə bilər” statusuna keçid edə bilər.”

Ekspertin fikrincə, SOCAR-ın “BB” səviyyəsinə yüksəlməsi Azərbaycan enerji sektorunun bütövlükdə investisiya mühitinə müsbət siqnal verir: “Bu qərar SOCAR üçün daha aşağı borclanma xərcləri və daha geniş kapital bazarlarına çıxış imkanları yaradacaq. Eyni zamanda, beynəlxalq investorlar üçün risk amilinin azalması ölkənin enerji şirkətlərinə olan etimadı gücləndirəcək.”

İlham Şaban hesab edir ki, maliyyə şəffaflığı və hesabatlılığın davamlı saxlanılması SOCAR-ın reytinq sabitliyini uzunmüddətli dövrdə də qoruyub saxlaya bilər: “Əgər bu istiqamətdə islahatlar davam etdirilərsə, şirkətin reytinqinin növbəti mərhələdə daha da yüksəlməsi tam realdır. Bu isə Azərbaycanın enerji sektorunun qlobal maliyyə sisteminə inteqrasiyasını daha da dərinləşdirəcək.”

İlham Şaban: “S&P”nin hesabatı SOCAR-ın son illərdə həyata keçirdiyi maliyyə intizamının və şəffaf idarəetmə mexanizmlərinin beynəlxalq səviyyədə tanındığını göstərir

İlham Şaban bildirib ki, “S&P”nin hesabatı SOCAR-ın son illərdə həyata keçirdiyi maliyyə intizamının və şəffaf idarəetmə mexanizmlərinin beynəlxalq səviyyədə tanındığını göstərir: “SOCAR-ın reytinqinin sabit perspektivlə saxlanılması o deməkdir ki, Şirkət həm əməliyyat rentabelliyini, həm də borc öhdəliklərinin idarə edilməsini balanslaşdırmağı bacarır. Beynəlxalq bazarlarda qiymət dəyişkənliyi müşahidə olunsa da, SOCAR daxili resursların səmərəli istifadəsi hesabına bu təsirləri minimuma endirə bilir.”

Ekspertin fikrincə, Şirkətin 14 milyard manatlıq likvid aktivlərinin mövcudluğu gələcək investisiyaların və yeni enerji layihələrinin maliyyələşməsi baxımından mühüm təminat rolunu oynayır: “Bu göstərici onu deməyə əsas verir ki, SOCAR həm hasilat layihələrində, həm də enerji keçidi istiqamətində planlaşdırılan təşəbbüslərdə daxili maliyyə imkanlarına güvənə bilər. Bu, Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq reytinq imicinin qorunması baxımından əhəmiyyətli amildir.”

Enerji sektorunda etibarlılıq amili

Ümumilikdə, “S&P”nin təhlili SOCAR-ın maliyyə sabitliyinin təkcə kommersiya göstəriciləri ilə deyil, həm də institusional dəstək və səmərəli idarəetmə modeli ilə təmin olunduğunu göstərir. Azərbaycan iqtisadiyyatının enerji sektorunda aparıcı mövqeyini qoruyan SOCAR, beynəlxalq bazarlardakı dəyişkənliklərə baxmayaraq, dayanıqlı maliyyə və əməliyyat strategiyasını davam etdirir.

Bu, həm dövlətin enerji siyasətinə inamı gücləndirir, həm də SOCAR-ın beynəlxalq reytinq agentlikləri tərəfindən sabit perspektivlə qiymətləndirilməsini təmin edir.

Orxan Vahidoğlu, “İki sahil”