29 sentyabr 2022 15:30
1096

Ərzaq almaq üçün 10 saat yol qət edirlər - FOTO

Hilari Messer Barrov adlı qadın 2019-cu ilin yanvarında əri ilə birlikdə Kanadanın Vankuver şəhərindən Yukon ərazisinə köçüb. Sivilizasiyadan uzaq həyat tərzinə alışmaqda əvvəl çətinlik çəkdiyini bildirən Hilarinin həyatı sosial şəbəkələrin diqqətini çəkib.

33 yaşlı Hilari ərinin işi üçün Kanadanın şimalındakı Yukon ərazisinə köçməyə məcbur olana qədər şəhər həyatı yaşayıb. Evlərinin 100 nəfərin yaşadığı kiçik bir ərazidə olduğunu bildirən Hilari küçə adlarının, hətta yer və istiqamət nişanlarının belə olmadığını söyləyib. Yaşadıqları bölgədə yalnız bir neçə ərzaq ala bildikləri bir yanacaqdoldurma məntəqəsinin olduğunu ifadə edən qadın, başlanğıcda həddindən artıq həyat tərzi dəyişikliyindən çox qorxduğunu, indi isə yeni evinə aşiq olduğunu və heç vaxt şəhərə qayıtmayacağını bildirib. Hilari yaşayış sahəsi və gündəlik fəaliyyətləri ilə bağlı sosial şəbəkə paylaşımları ilə məhşur olmağı bacarıb.

 Bunun inanılmaz bir məcara olacağını başa düşdüm

Hilari və həyat yoldaşı Ceyms ərzaq almağa getmək üçün hər altı-səkkiz həftədən bir 10 saatlıq yol qət etməli olduğunu deyib. Yaşadıqları yerə ən yaxın məsafənin 5 saatlıq məsafədə olan Whitehorse şəhərinin olduğunu bildirən qadın, adətən bu bölgəyə ərzaq, xırdavat, diş həkimi, bərbər və xəstəxana xərcləri üçün gəldiklərini ifadə edib.

Şəhər həyatına öyrəşdiyi üçün bu bölgədə həm iqlim, həm də nəqliyyat baxımından çətinlik çəkdiyini deyən Hilari, "Mağazalara gəzə-gəzə gedən bir şəhərli qız həyatını yaşamağa öyrəşmişdim. Əvvəl çox qorxdum, amma buradakı mənzərəni görən kimi heyran oldum. O zaman anladım ki, bu inanılmaz bir macəra olacaq. Bu yer mənə təbiətin necə gözəl olduğunu anlamağa kömək etdi. Ümid edirəm ki, bir də heç vaxt şəhərə qayıtmaram” deyə əlavə edib.

Hilari və Ceyms qısa günlərə uyğunlaşmalı, yemək bişirməyi öyrənməli və alış-veriş səfərlərinin çoxunu etməyə məcbur idilər.

Hilari və ərinin bazarlıq etməkləri iki gün çəkir. Havalar soyuq olanda cütlük uzun səyahətə görə gecələmək üçün otel bron edir, yayda isə daha çox düşərgə salmağı seçirlər.

Yaşadıqları bölgənin iqlim şəraitinə görə qidalarını düzgün saxlamağa ehtiyac duyduqlarını ifadə edən Hilari, “Qış aylarında tərəvəzlərimizi düzgün qablaşdırmaq üçün çox diqqətli olmalıyıq. Əks təqdirdə, onlar dona və əsasən də yeyilməz hala gələ bilər. Yay aylarında süd və ət məhsulları xarab olmasın deyə soyuducularda saxlayırıq. Buranın bu qədər yaxşı olacağını heç düşünməmişdim. Bu, mənə narahatlığımla üz-üzə qoymağa və özüm haqqında çox şey öyrənməyə məcbur etdi,” deyə əlavə edib.

Qeyd edək ki, bölgədə qış aylarında cəmi dörd saat gün işığı müşahidə olunur və temperatur mənfi 47 dərəcəyə qədər enir. 

Vüsal Cahanov, “İki sahil”