29 sentyabr 2022 17:33
384

YAP nümayəndə heyəti İCAPP-ın xüsusi konfransında iştirak edib FOTO

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Məmmədov və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Koreya Respublikasının hakim Xalqın Gücü Partiyası və müxalif “Minjoo” (Demokratik) Partiyasının birgə ev sahibliyi ilə 2022-ci il 28-30 sentyabr tarixlərində Koreyanın Seul şəhərində keçirilmiş “Siyasi partiyalar vasitəsilə Asiyanın siyasi inkişafı” mövzusunda xüsusi konfransında iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  13 ölkədən 23 siyasi partiyanın 60-a yaxın nümayəndəsinin qatıldığı konfransın “Demokratiyanın inkişafında siyasi partiyaların rolu” mövzusunda 1-ci sessiyasında çıxış edən Ramin Məmmədov formalaşmaqda olan yeni dünya nizamının siyasi partiyalar qarşısında meydana çıxardığı çağırışlardan bəhs edərək müasir dövrdə partiyaların yalnız təmsil etdikləri cəmiyyətin gözləntilərinə deyil, bütövlükdə qlobal dünyanı narahat edən təhlükə və təhdidlərə adekvat ideyalar sistemi təqdim etməli olduqlarını vurğulayıb. Azərbaycan siyasi sistemində partiyaların rolundan bəhs edən R.Məmmədov çoxpartiyalı sistemin demokratik cəmiyyət quruculuğunun vacib elementi kimi milli inkişaf strategiyasının əsas parametrlərindən biri olduğunu söyləyib. O həmçinin, 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqların, Cənubi Qafqazda təhlükəsizlik konfiqurasiyasının əhəmiyyətli şəkildə dəyişməsinin Azərbaycanda siyasi münasibətlər sisteminin məzmununa gətirdiyi yeniliklərdən bəhs edib. R.Məmmədov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Cənubi Qafqazda sülh çağırışlarının aktuallığını həm ölkə əhalisinə, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağın vacibliyini nəzərə alaraq bu məsələni ideoloji prioritetlər siyahısına daxil edib: “Bu kontekstdə Yeni Azərbaycan Partiyası kifayət qədər ciddi və həyati əhəmiyyət daşıyan bir missiyanı yerinə yetirir. YAP milli siyasi qüvvələrin konsolidasiyasına və beləliklə də ümumi mənafelərə xidmət edən siyasi dialoqun təşəbbüskarı rolunu uğurla həyata keçirir. Bu təşəbbüsün ideya-siyasi məzmunu həm də Cənubi Qafqazda əməkdaşlıq mühitinin yaradılmasını nəzərdə tutur”.

R.Məmmədov, həmçinin “İctimai seçki sistemi və siyasi partiyaların inkişafı” mövzusunda 2-ci sessiyanın moderatoru olub. Tədbir iştirakçılar tərəfindən Seul Bəyanatının qəbul edilməsi ilə başa çatıb.