30 sentyabr 2022 00:12
313

Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir

Dövlət başçısı İlham Əliyevin iqtisadi islahatların dərinləşdirilməsi fonunda sosial layihələrin icrasını öndə saxlaması, hər bir vətəndaşının yanında olması sözlə əməl birliyinin təsdiqidir

Tarixi Zəfərimizin reallıqları fonunda bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə islahatların daha da dərinləşdirilməsi dövlət başçısı İlham Əliyevin hər zaman aktuallığı ilə diqqət çəkən və atılan addımların əsasında dayanan “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir” fikirlərinin təqdimatıdır. Qələbədən sonra yeni reallıqlar bütün sahələrdə yeni səhifənin açılmasını şərtləndirdi. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, onların potensialından səmərəli istifadənin təmin olunması üçün təsdiqlənən Milli Priortetlər bütün məqamları özündə ehtiva edir. Bu sənəd 2030-cu ilə qədərki dövrü əhatə edir. Milli Prioritetlərlə yanaşı, Prezident İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi gələcək barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyevin son illərdə iqtisadi islahatların dərinləşdirilməsi fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurulucuq işləri ilə yanaşı, bütün kateqoriyadan olan insanların yüksək rifahının təmin edilməsi ilə bağlı addımlar davamlılığı ilə diqqət çəkir. Cari ilin ilk sosial paketində yer alan Fərman və sərəncamlar, sonrakı dövrdə onların davamı olaraq imzalanan sənədlər bir daha onu deməyə əsas verir deyək ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyevin səsləndirdiyi «Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır» çağırışları bugünümüzün reallıqlarında öz əksini tapır. Dayanıqlı inkişafın əsasını şəffaflıq, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi təşkil edir ki, cənab İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə əldə olunan uğurları və onların fonunda hədəfləri belə ümumiləşdirdi ki, iqtisadi müstəqillik əsasdır.

İnkişaf modeli dünyaya nümunə olan Azərbayan daim yeniləşməyə, təkmilləşməyə maraq göstərir. Ölkəmizin imza atdığı ilklər də deyilənlərin təsdiqidir. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruması da hər dövrün tələblərini yüksək səviyyədə cavablandırmasından irəli gəlir. Cari ilin 6 ayının satistikasına diqqət yetirdikdə görürük ki, bu müddətdə üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artırılaraq 364 manata, yaşa görə pensiya 395 manata çatdırılıb. Sosial müavinətlər 34 faiz, Prezident təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 4 milyon vətəndaş 3 sosial islahat paketi ilə əhatə olunub. Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Sosial ödənişlərdə isə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatlar çərçivəsində təkcə sosial müavinət və təqaüdlərə də illik 1 milyard manat ayrılıb.

Sosial siyasətin əsas tərkib hissələrindən biri şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğının təmin edilməsidir. Bu problemin həllində məşğulluq məsələsi xüsusi önə çəkilir. Statistikaya əsasən, postmüharibə dövründə artıq 19 min şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq böyük bir qismi - 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. İşədüzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. «Məşğulluq Marafonu» çox böyük rol oynadı. Belə ki, özəl sektordan 600-dən çox şirkət 2500-dən çox müharibə əlilini işlə təmin etdi. Bu proses davam edir. Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlı və sistemli xarakter daşıyır. O da məlumdur ki, ötən ay Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi həyata keçirildi. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə etdi. Bu proqram bir daha dövlətimizin sosial rifahın yüksəlməsində maraqlı olduğunu, eyni zamanda, hər bir vətəndaşına diqqət və qayğı ilə yanaşdığını təsdiqlədi.

Bu mühüm məqamı da qeyd edək ki, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu («YAŞAT» Fondu) yaradıldı. Bu mühüm addım təsliqlədi ki, Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini öndə saxlayır, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Dövlətimiz hər zaman insanların sosial rifah halını yaxşılaşdırmaqla yanaşı, onların rahat yaşayışının təmin olunması üçün bütün zəruri olan addımları atır. Sosial xidmətin təkmilləşdirilməsi də bunun bariz nümunəsidir. Bu baxımdan «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi xüsusi qeyd edilməlidir. Beynəlxalq qurumlar illik hesabatlarında dünya ölkələrində müxtəlif meyarlar - insan kapitalı, institutlar, texnologiya və yaradıcı məhsullar, bazar, biznes və sair üzrə inkişafın səviyyəsini qiymətləndirir, innovativ ölkələrin siyahısını təqdim edirlər. Həmin hesabatlarda Azərbaycanın da xüsusi yer tutması, innovasiyalar ölkəsi kimi nüfuz qazanması bugünkü reallıqlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. Xatırlasaq 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi. Nazirlər Kabinetinin 2019-cu ildə keçirilən iclasında bu hədəf açıqlanmışdı ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.»

Uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması inkaredilməzdir. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızın fonunda müəyyənləşdirilən yeni hədəflərdir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. «Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var» söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılmasından geniş bəhs edir. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması Azərbaycan brendi kimi tanınan "ASAN xidmət", DOST mərkəzlərinin yaradılmasında da özünün aydın ifadəsini tapır. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində qurulan bütün şəhər və kəndlərimiz müasir dövrün yeniliklərini özlərində əks etdirməklə Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər önəm verdiyini və bunu real həyatda tətbiq etdiyini nümayiş etdirəcəklər. Ağalı ilk “ağıllı kənd”, Ağdam isə ilk “ağıllı şəhər” olacaq. İşğaldan azad edilmiş şəhərlərimizin təqdim edilən Baş planlarında bütün yeniliklər öz əksini tapıb. Bu ərazilərdə təkmil idarəçilik sisteminin formalaşması, Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də gələcək inkişafın aydın mənzərəsini yaradır.

Yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün bölgələrimiz yeniliklərlə əhatə olunur. Dövlət başçısı İlham Əliyevin regionlara səfərlərinə diqqət yetirsək açılış, yaxud təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər sırasında “ASAN xidmət”, DOST mərkəzlərini görmək mümkündür. Əsas hədəf bütün bölgələrdə vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır. Bu layihələrin icrasında məqsəd operativlik, şəffaflıq, innovativlikdir. Dövlət başçısı bildirir: « Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır.» Cənab İlham Əliyev «ASAN xidmət»in fəaliyyətini belə dəyərləndirir: "ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.” Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib. Artıq ölkə üzrə 24-cü “ASAN xidmət mərkəzinin açılışı olub.”

2022-ci ilin 6 ayı Azərbaycanın imza atdığı ilklərin də hesabatı oldu. Belə ki, inzibati icraatın inkişaf etdirilməsi və elektronlaşma tədbirləri çərçivəsində iki əsas istiqamətdə islahatlar davam edib. Birinci istiqamət Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası idi. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşa xidmət göstərilib. Bunu statistik rəqəmlər də təsdiqləyir. Beş mərkəz bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın qarşılarındakı elektron monitorda verdiyi qiymətə əsasən vətəndaşlarımızın məmnunluq səviyyəsi 98 faiz olub. Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülüb. Zəngilanın Ağalı kəndində ilk “smart DOST” məntəqəsi istifadəyə verildi. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarımızda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Onlar da istifadəyə verildikdən sonra şəbəkə bütün ölkəni əhatə edəcək.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin təkmilləşdirilməsi əsas hədəflər sırasındadır. Atılan bu addımların təməlində vətəndaş məmnunluğunun artırılması dayanır. Bu isə öz növbəsində xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, daim özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentinə sevgisi şəksizdir. Azərbaycanda sabitliyin təminatçısı kimi dəyərləndirilən xalq-iqtidar birliyi möhkəm əsaslara malikdir. Prezidentin irəli sürdüyü bütün təşəbbüslər, qəbul etdiyi qərarlar, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmələr, yeniliklər dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı çıxış edərkən bu fikri bir daha diqqətə çatdırmışdır ki, ölkəmizin artan gücü rahat həyatımızın təminatçısıdır.

Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər birinə diqqət yetirsək soydaşlarımızın Böyük Qayıdışdan sonra yüksək səviyyədə yaşayışını təmin etmək üçün atılan addımları görərik. Dövlət başçısının Şuşaya son səfəri bunun bir daha təsdiqidir. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular.

Göründüyü kimi, tarixi Zəfərimiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsi fonunda Azərbaycanın gələcəyi üçün daha möhtəşəm addımların atılmasına stimul verir.

Yeganə Əliyeva, «İki sahil»