Apple şirkətinin rəhbəri Tim Kuk deyib ki, uşaqlara ibtidai məktəbdən proqramlaşdırma dilləri öyrədilməlidir.
“İki sahil” xəbər verir ki, o, bu barədə Hollandiyanın Bright agentliyinə müsahibəsində bildirib.
“Məncə, hər kəs orta məktəbi bitirməzdən əvvəl proqramlaşdırmanı öyrənməlidir. Düşünürəm ki, proqramlaşdırma dilləri ibtidai məktəbdə öyrədilməlidir”, - deyə Kuk bildirib.
Cupertinodan olan şirkətin rəhbəri əmindir ki, proqramlaşdırma xarici dillərdən fərqli olaraq “yeganə universal dildir”.
“Bu, öyrənə biləcəyiniz ən vacib dildir. Əlbəttə ki, ünsiyyət üçün ana diliniz daha vacibdir, lakin proqramlaşdırma dili yaradıcılığınıza toxunmaq üçün bir yoldur”, - deyə Kuk əlavə edib.
Qeyd olunur ki, Kuk uzun illərdir ki, ABŞ-da məktəbəqədər təhsilin kurrikuluma proqramlaşdırmanın daxil edilməsinin tərəfdarıdır, bu fənni riyaziyyat və tarix qədər vacib hesab edir.