04 oktyabr 2022 02:58
609

Gender bərabərliyinin təmin olunmasında ciddi addımlar atılır

Milli Məclisdə birinci oxunuşda qəbul edilən yeni qanun layihəsi buna əsaslar yaradacaq

Azərbaycanda bazar iqtisadiyyatına keçiddən sonra qadınların əməyinə süni surətdə qadağanlar yarandı. Bu, əlbəttə, sahibkarların, özəl şirkət sahiblərinin az işçi saxlamaqla çox qazanc götürmək planlarından qaynaqlandı. Qadağanlar qadınların, xüsusilə də yaşı qırxı ötmüş xanımların işlə təminatına mənfi təsir göstərdi. Qarabağ ərazisinin işğalda saxlanması, bir milyonadək soydaşımızın Bakıya və rayonlara axın etməsi qadınların işlə təminatına mənfi təsir göstərdi. Həmin dövrdə hətta özbaşınalıq edən bəzi şirkət sahibləri  yaşı otuzu keçmiş qadınları işə qəbul etmək istəmirdilər. Bu, bir faktdır ki, 2003-cü ildən sonra qadınların vəzifələrə təyin olunmasında dinamika yaradıldı, ancaq bu, yenə də mütləq çoxluğu əhatə etmədi. Ona görə də bölgələrdə, xüsusilə əhalinin sıx yaşadığı Bakı şəhərində qadınların işsizliyi problemə çevrilməyə başladı. Bu məsələ getdikcə mürəkkəbləşdiyinə görə bir neçə gün əvvəl Milli Məclisdə deputatların müzakirəsinə çıxarılıb. Çıxış edən deputatlar prosesin həlli ilə bağlı rəy və təkliflərini bildiriblər. Bununla da Azərbaycanda qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair qanun layihə birinci oxunuşda təsdiqlənib.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı-ayrı seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısının imzası ilə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında fəal iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda, qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta aylıq əmək haqlarının kişilərin aylıq orta əmək haqqına yaxınlaşması təmin ediləcək.

Bütün bunlar o demək deyil ki, qadınların bir çox sahələrdə çalışması üçün sərt maneələr yaradılıb. Xeyr, söhbət yalnız müvəqqəti və keçici maneələrdən gedir. Digər tərəfdən, elə əmək sahələri var ki, orada yalnız kişilər işləyə bilərlər, yəni, zərif cinsin gücünə və dözümünə uyğun deyil. Həm də milli mentalitetimizin də qadınlara rəva görmədiyi işlər var. Ona görə də qadınların iş cəbhəsi kişilərlə müqayisədə məhduddur. Vurğulayaq ki, dövlət və özəl sahələrdə qadınların yalnız müəyyən bir qismi çalışır. Lakin vəzifələrdə işləyən, sahibkarlıqla məşğul olan qadınlarımızın sayı heç də az deyil.  Məsələn, iaşə, səhiyyə və təhsil müəssislərində çalışanların əksəriyyəti qadınlardır desək, yəqin səhv etmərik. Lakin bütün bunlarla bərabər, kişilərə nisbətən qadınlar məşğulluqda xeyli dərəcədə geri qalırlar. Bu isə ailələrdə maddi ehtiyacların ödənilməsinin yalnız kişilərin üzərinə düşməsinə səbəb olur.

Ekspertlər hesab edirlər ki,  Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımlar atılıb. Son on ildə ölkədə qadın və kişilər arasında bərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər. Ekspertlərin fikrincə, hazırda gender problemi və gender bərabərliyinin təmin olunması təkcə Azərbaycanda deyil,  dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə dünyada iqtisadi və sosial sahələrdə gender bərabərsizliyi amilindən, insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Bu baxımdan insan hüquq və azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin qanunlarında təsbit olunub.

Bəziləri isə hesab edirlər ki, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, müsbət işlər də az deyil. Belə ki, icra hakimiyyəti başçılarının müavinləri vəzifələrinə bir qayda olaraq qadınların gətirilməsi və onların idarəçilikdə rolunun artırılması istiqamətində lazımi addımlar atılıb. Ancaq nəzərə almaq lazımdır ki, gender bərabərliyi təkcə kadr siyasəti ilə müəyyən olunmur. Qanunvericilikdə də bir sıra yeniliklərin edilməsi gender bərabərliyi ilə bağlı aparılan siyasətin tərkib hissəsidir. Ölkəmizdə bələdiyyə orqanlarında qadınlarla kişilər arasında balans yaradılıb. Ötən bələdiyyə seçkilərində bu yöndə bir sıra işlər görülüb. Hazırda bir çox bələdiyyələrin sədrləri və ya sədr müavinləri qadınlardır. Ancaq bundan fərqli olaraq dövlət qurumlarında bununla bağlı tarazlıq varmı? Bunu birmənalı söyləmək çətindir. Bir sıra sahələrdə bu tarazlıq pozulub. Məsələn, dediyimiz kimi, qadın müəllimlərin, həkimlərin sayı daha çoxdur. Yəni, bu sahədə hələ də kifayət qədər işlərin görülməsinə ehtiyac var.

Milli Məclisdə bu məsələnin müzakirəsi və müvafiq qanun layihəsinin birinci oxunuşda qəbul olunması deməyə əsas verir ki, yaxın zamanda qadınların məşğulluğu qaydaya salınacaq və onlar ailə büdcəsinin daha da yaxşılaşdırılmasına öz töhfələrini verəcəklər.

Vəli İlyasov, “İki sahil”