“Birinci Qarabağ müharibəsində Ermənistan ordusu və separatçı rejimin hərbi birləşmələri tərəfindən azərbaycanlılara qarşı onlarla insanlıq əleyhinə cinayətlər törədilib. Edillidə aşkar olunan məzarlıq bu cinayətlərin daha bir təsdiqidir”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov deyib. 1991-1994-cü illər ərzində Azərbaycan ərazilərinin işğalı zamanı minlərlə həmvətənimizin ən amansız işgəncələrə, soyqırımına və etnik təmizləməyə məruz qaldığını xatırladan millət vəkili vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu cinayətlərə obyektiv qiymət vermək əvəzinə laqeyd bir sükut nümayiş etdirib.
Ramin Məmmədov birinci və ikinci Qarabağ müharibələri zamanı yüzlərlə azərbaycanlı uşağın qətlə yetirildiyini, amansız işgəncələrə məruz qaldığını deyib: “Bu gün dünyada insan hüquqlarından, xüsusilə uşaq hüquqlarından çox danışırlar. Bununla məşğul olan beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları var. Lakin onların heç biri Ermənistanın azərbaycanlı uşaqlara qarşı törətdiyi qəddarlıqları, vəhşilikləri ifşa etməyə maraq göstərmir. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olub. Xocalı soyqırımının qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlar idi. Atəşkəs dövründə bir neçə azərbaycanı uşaq erməni silahlı birləşmələrinin atəşinin qurbanı olub. Lakin indiyə qədər beynəlxalq ictimaiyyətin, insan hüquqları təşkilatlarının bu cinayəti törədənlərin cəzalandırılması üçün konkret və qəti addımlar atdığınını şahidi olmamışıq”.
1992-ci ildə törədilmiş Xocalı soyqırımının ən dəhşətli faciələrdən biri kimi tarixə düşdüyünü vurğulayan R.Məmmədov qeyd edib ki, azərbaycanlılara qarşı həyata keçirilimiş soyqırımlarının Ermənistanın yürütdüyü siyasətin təzahürü olduğunu vurğyulayıb: “44 günlük Vətən müharibəsində biz Ermənistanın növbəti hərbi cinayətlərinin şahidi olduq. Bu müharibədə Ermənistan ordusunun artilleriya hücumları nəticəsində 100-dən çox dinc sakin qətlə yetirildi, 450 nəfərdən çox insan yaralandı. Hesab edirəm ki, bu faktlar Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror, soyqırımı siyasətinin bütün mahiyyətini ifşa edir. Edillidə tapılan kütləvi məzarlıq bu siyasətin daha bir təzahürüdür”.
Millət vəkili bildirib ki, Ermənistan Birinci Qarabağ Müharibəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi ilə bağlı danışıqlarda üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməkdən imtina edir. Eyni zamanda müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti də məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Biz əgər Ermənistan ordusunun və separatçı rejimin silahlı birləşmələrinin törətdiyi hərbi cinayətləri sadalasaq uzun bir siyahı alınar. Bu cinayətlərdə Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin imzası var. Onların hər biri, yəni cinayəti törədənlər də, təhrik edənlər də, prosesi idarə edənlər də məsuliyyətə cəlb olunmalıdır. Bu, bütün dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüququn tələbidir”.
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB