18 oktyabr 2022 02:58
2353

Dünya erməni terroruna hələ də susur

Vətən müharibəsi zamanı Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə raket hücumuna məruz qalıb

2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri ilk günlərdən mülki əhalini atəşə tutmaqla bəşəriyyətin gözü qarşısında hərbi cinayətlər törədirdi. Ermənistan hakimiyyəti əsasən daha sıx məskunlaşmaya malik olan Gəncə şəhərini mülki hədəf seçmişdi.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İlk dəfə Gəncə oktyabrın 4-də 4 ədəd raket zərbəsinə məruz qaldı. Humanitar atəşkəs elan ediləndən bir neçə saat sonra Ermənistan Gəncəni təkrar raket atəşinə tutmaqla həm də növbəti cinayətə imza atdı. Lakin nə beynəlxalq təşkilatlar, nə də vasitəçi ATƏT-in Minsk qrupunun həmsədrləri erməni cinayətlərinə qarşı heç bir reaksiya vermədilər. Bu səssizlik isə gözlənildiyi kimi, cinayətkar Ermənistan hərbi-siyasi rəhbərliyini yeni zərbələr endirməyə həvəsləndirdi.

Ermənistanın adətən döyüş əməliyyatları meydanında məğlubiyyətlərini kompensasiya etmək üçün mülki əhalini atəşə tutması ilk dəfə baş vermirdi. O vaxtadək 1990-1994-cü, 2016-cı və 2020-ci ilin iyulunda bu tipli çoxsaylı erməni terrorları baş vermişdi. Vətən müharibəsində mövcud məğlubiyyətləri fonunda Ermənistanın atdığı hər bir raketin Azərbaycanın mülki əhalisini hədəf aldığı şübhəsizdir. İşğalçı dövlətin bu alçaq addımları şanlı Azərbaycan Ordusu tərəfindən növbəti ərazilərin azad edilməsi fonunda davam edirdi.

2020-ci il oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinə “SCUD” (“Elbrus”) ballistik raketinin atılması nəticəsində 5-i qadın, 6-sı uşaq olmaqla 15 nəfər həlak olmuş, 29-u qadın, 19-u uşaq olmaqla 79 nəfər yaralanmış, o cümlədən yaşayış evləri və digər tikililərə külli miqdarda ziyan dəymişdi.

Vətən müharibəsi zamanı, ümumilikdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci il oktyabrın 17-də Gəncəyə endirilən xain raket zərbəsinin qisasını alan Azərbaycan Ordusu Füzuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərini işğaldan azad etdi. Bu, bir daha Azərbaycanın məqsədlərinin yalnız işğal altında olan ərazilərini azad etməkdən ibarət olduğunu göstərir.

Azərbaycanın OTRK tipli silah sistemləri Ermənistanın raket komplekslərindən 40-45 il sonra, həm də texnoloji cəhətdən inkişaf etmiş ölkələr tərəfindən istehsal olunub. Lakin Azərbaycan Ordusu onları heç bir halda mülki əhaliyə qarşı tətbiq etmədi. Paşinyan hakimiyyəti isə Azərbaycanı bu addımı atmağa təhrik etməklə, münaqişənin coğrafiyasını genişləndirməyi hesablayır, lakin təbii ki, bu da istənilən nəticəni vermirdi. Əvəzində isə qəhrəman ordumuz 30 il işğal altında qalan ərazilərimizi daha sürətlə azad etməklə yeni şanlı tarix yazdı.

Cavid Əkbərov, “İki sahil”