21 oktyabr 2022 00:46
417

Makronun ermənidən çox erməni olması...

Bu gün Fransa ancaq “Ermənistan ruhu” və “dağıdıcılıq ruhu” haqqında danışa bilər

Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronun ölkəsinin yerli televiziya kanalına müsahibəsi zamanı nümayiş etdirdiyi ermənipərəst mövqeyi ikili standartlar siyasətinin əyani təsdiqidr. Son zamanlardakı açıqlamaları ilə gündəmə gələn Fransanın dövlət başçısı deyəsən, işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirilib. Bu gün bütün dünyada naşı siyasətçi imici qazanan E.Makron özünü təcavüzkar ölkənin sözçüsü kimi aparır, desək yanılmarıq.

Əslində hər zaman anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə seçilən E.Makrondan bundan artıq nəsə gözləmək əbəsdir. Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında E.Makronun bu mövqeyini tamamilə darmadağın etdi. Ölkəmizin başçısı bildirdi ki, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi: “Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, E. Makronun “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatı Azərbaycan-Fransa münasibətlərinə xələl gətirməklə yanaşı, Qərbin vasitəçilik funksiyasına da kölgə salır. Vaşinqton və Parisin sözdə Brüsseli dəstəkləyib, əməldə isə onun vasitəçiliyinə xələl gətirən addımlar atmaları Qərbin bütün vasitəçilik missiyasını təhlükə altına qoyur.

Əslində biz E. Makronun Minsk qrupunun həmsədri Fransanın Prezidenti olaraq olaraq əvvəllər də Qarabağ məsələsində ermənipərəst mövqe sərgiləməsinin şahidi olmuşuq. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı onun “erməni sevgisi”ndən irəli gələn qeyri-obyektiv, təxribatçı çıxışlarını qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt tənqid etmişdi:  “Diqqət yetirirəm, Makron siyasi həyatında hər yerdən nəsə əldə etməyə cəhd göstərir. Livanda hər tərəf yanıb dağılıb, Makron Livana təlimatlar verir. Yəni, həmişə vəziyyətdən faydalanmağa çalışır. Nə oldu? Xalq Livandan onu qovdu. Eyni şeyi Xəlifə Həftarın yanında yer almaqla Liviyada etdi. BMT Həftarı tanımır, amma sən onun yanındasan! Sən demokratiya tərəfdarısan, ya çevrilişləri dəstəkləyirsən? Sən Sərracın yanında olmalısan. Hər şey meydana çıxdı, açıqlandı, amma o, buna baxmayaraq, müxtəlif ölkələrlə əlaqə yaradaraq bizə böhtan atmağa cəhd göstərdi və heç nə əldə edə bilmədi. Bax Makronun xasiyyəti belədir. Dolayısı ilə Azərbaycanla da bağlı planları baş tutmadı. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyev davranışı ilə Makronun planlarını alt-üst etdi. Bunun zərəri kimə olacaq? Təbii ki, Fransaya olacaq. Niyə? Fransa bu günə qədər atdığı addımlarla bağlı, məsələn, müxtəlif anlaşmalar və s. xaricində bəlkə Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi naşılıqdır, Makron da naşı siyasətçidir”.

Birmənalı demək olar ki, məhz E. Makronun bu naşı davranışlarından və qatı ermənipərəst mövqe nümayiş etdirməsindən sonra sonra FransaAzərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə yardım etmək, vasitəçi rolunu oynamaq üçün mənəvi və siyasi haqqını itirib.

Təsadüfi deyil ki, Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun “Praqa ruhu”nun yaşaması və Fransa Prezidenti Emmanuel Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməsi ictimaiyyətimizin etirazına səbəb olduğu kimi, dünyanın məşhur nəşrlərinin və tanınmış ekspertlərinin də sərt tənqidinə məruz qalıb. Bəlkə də Fransanın ölkəmizdəki səfirinin imkanı olsaydı, prosesdə hansısa “Paris ruhu”nun mövcudluğunu da iddia edərdi. Amma hansı “xidmət”, hansı “Paris ruhu”ndan söhbət gedə bilər? Makron ermənipərəst bəyanatları ilə hətta Brüssel prosesinə və “Praqa ruhu”na da ağır zərbə vurdu və uzun müddət ərzində görülmüş işlərin əhəmiyyətini heçə endirdi. Bu gün Fransa ancaq “Ermənistan ruhu” və “dağıdıcılıq ruhu” haqqında danışa bilər.

Zahid Rza, “İki sahil”