İran bu gün terrorçulara dəstək verən ölkə statusunda çıxış edir
Cənub qonşumuz İran hələ də müasir dünya nizamında oynadığı destruktiv roldan imtina edə bilmir. Bütün dünya tərəfindən təcrid olunmasına və tətbiq olunan sərt sanksiyalara rəğmən bu ölkənin idarəetməsindəki şovinist və imperialist maraqlar hələ də mövcuddur. İran həmişə Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı görünməyib. Bu ölkənin dəstəklədiyi bir çox hərbi qruplar həm Cənubi Qafqazda, həm dəYaxın Şərqdə törətikləri təxribatlarla regional təhlükəsizliyə bu gün də ciddi zərər verir. Fars şovinistlərinin şüurunda həkk olunmuş «Qafqazın və Yaxın Şərqin sahibi bizik» xülyası bu ölkənin atdığı hər addımda, siyasətçilərinin çıxışlarında, dövlətin əlaltısı olan media orqanlarının sifarişli yazılarında da özünü büruzə verir. İş o yerə çatıb ki, hətta üzərində diplomat kimliyi daşıyan, beynəlxalq hüquqdan çıxış etməli olan İran rəsmiləri beynəlxalq hüququ, qanunları və dövlətlərarası münasibətləri heçə sayan sərsəm açıqlamalar verməkdən çəkinmirlər.
İran dövləti özünün nüfuz dairəsində əsas təsir rıçaqı kimi əsasən din amilindən istifadəyə cəhd göstərir. Halbuki, molla rejimi seçdiyi kursla İslam sözünün yalnız ölkənin rəsmi adındakı bir ifadədən ibarət olduğunu çoxdan sübuta yetirib. Yəni, İran dövlətinin məramı qətiyyən İslamın ali dəyərlərinə söykənmir, əksinə, həmin ali dəyərlərdən öz fitnə dolu siyasətində istifadəyə cəhd göstərir. Təkcə Qarabağda İslam mədəniyyəti abidələrinə qarşı erməni vandallığına göstərilən biganə münasibət belə, İran üçün dünya müsəlmanlarının, İslam dəyərlərinin necə əhəmiyyətsiz olduğunu görməyə kifayət edir.
Eyni zamanda, İran İslam aləminin özündə belə fitnələrin olmasında, xaosun hökm sürməsində maraqlı tərəfdir və bunun üçün də şiə amilini daim gündəmdə saxlayır. Belə ki, İran dünyada şiə məzhəbinə inanmış müsəlmanların hər birinin üzərində hökmranlıq etməli olduğunu düşünür və bu sahədə monopolist siyasət yürüdür. Dini öz siyasətinə uğurla alət edən İran məhz bu yolla xüsusilə Yaxın Şərqdə bir çox qarşıdurmaları idarə edir, müsəlmanların başına gələn saysız-hesabsız bəlaların arxasında dayanır.
Halbuki, İslam dini müasir dünyada hansısa dövlətə, o cümlədən İrana, müsəlmanlar üzərində hökmranlıq statusu nəzərdə tutmur. Yox, əgər İran buna haqqı olduğunu düşünürsə yanılır. İlk növbədə ona görə ki, İran dövlətinin ortaya qoyduğu siyasət və dünyada ona qarşı haqlı olaraq formalaşmış mənfi imic nəinki İslama xidmət edir, əksinə, müsəlmanların müqəddəs dininə qarşı antipatiya yaradır.
İranda 30 milyondan artıq azərbaycanlının olması faktının özü də rəsmi Tehran tərəfindən böyük təhlükə olaraq görülür. Bu «təhlükə» İranı o qədər qorxudur ki, cənublu soydaşlarımızın ən adi hüquqlarını belə əllərindən almaqdan çəkinmir. Məsələn, milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində yerli əhalinin, azərbaycanlıların ana dilində təhsil ala biləcəyi bircə məktəbin olmaması İran rejiminin yürütdüyü siyasətin iyrəncliyini açıq şəkildə ortaya qoyur.
İran imperializmi tarixin izlərini silməyə, azərbaycanlıları bütün platformalarda sıxışdırmağa çalışır. Bunu edərkən isə bir vaxtlar ucsuz-bucaqsız torpaqları, o cümlədən müasir İran dövlətinin yerləşdiyi ərazini idarə etmiş türk sülalələrini belə farslaşdırmaq cəhdlərindən çəkinmirlər. Fars şovinistlər hələ də səfəvilərin, əfşarların, qacarların türk olması faktına dözümsüz yanaşır, tarixi saxtalaşdırırlar. Çünki türk- azərbaycanlı adı fars şovinizmi üçün ən böyük təhdid olaraq görülür. Buna səbəb isə reallığın dərk edilməsi, azərbaycanlıların tarixinin böyüklüyü qarşısındakı acizlik və həmin tarixin təkrarlanması qorxusudur.
Əslində, İran-Ermənistan dostluğu ifadəsi günümüz üçün nə qədər aktual səslənsə də, bir o qədər də absurd ifadədir. Çünki yuxarıda qeyd olunan xislətlərə sahib bir rejimin kiminləsə dost olması inandırıcı deyil. Burada ermənilərin İran üçün sadəcə bir alət kimi görülməsi reallığını da vurğulamaq lazımdır. Ona görə ki, İran özü kimi şovinist olan ermənilərlə əlbir şəkildə regionda xaos yaratmaq ideyalarını daha rahat yerinə yetirə bilir. İran tərəfindən Türkiyə və Azərbaycan amili regiondakı böyük təhlükə kimi görülür və bu mənada Ermənistandan istifadə etmək Tehran üçün cəlbedicidir.
İran və Ermənistanı bir-birinə bağlayan şovinist təfəkkür isə onlar arasındakı bağları daha da artırır. Məhz İranda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfərindən sonra yaranan qorxunun nəticəsidir ki, müharibədən sonra da Xankəndiyə qatar-qatar TIR yola salırdı. Bu gün isə İranda müstəqil və güclü Azərbaycana qarşı böhtan və təhdid kampaniyası aparanların aqibəti heç də yaxşı olmayacaq.
Bəli, İran dövləti dünyadan təcrid olunmasının əsl səbəbini hələ də görməyi bacarmır. Onlar fars şovinizminin və imperializm xülyalarının ölkələrini məhvə apardığının fərqində deyillər. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir. İran cəmiyyəti artıq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, antiinsani davranışı qəbul etmir.
Elçin Zaman, «İki sahil»
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir