22 oktyabr 2022 14:59
423

Azərbaycan bələdiyyə üzvləri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-cü sessiyasında iştirak edəcəklər

Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-cü sessiyasında iştirak edəcəklər.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından "İki sahil"ə verilən məlumata görə, Fransanın Strasburq şəhərində keçiriləcək iclasda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konqresin iclaslarında nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Aidə Cəlilzadə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova iştirak edəcək.

Tədbir çərçivəsində əvvəlcə konqresin regionlar və yerli hakimiyyətlər palatalarının büro iclasları, siyasi qrupların və nümayəndə heyətlərinin katiblərinin görüşü keçiriləcək.

Sessiyanın gedişində nümayəndə heyətinin üzvlərinin çıxışları nəzərdə tutulur.