Azərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF), min nəfərdən çox azərbaycanlını (məzun və tələbə, tədqiqatçı, peşəkarlar, doktorantlar) özündə birləşdirir) İctimai Birliyi Fransa Respublikasının Prezidenti Emmanuel Makronun bu yaxınlarda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi və “France 2” kanalında yayımlanmış bəyanatı ilə bağlı narahatlığını ifadə edib.
Assosiasiyadan "İki sahil"ə verilən məlumata görə, ictimai birliyin bununla bağlı yaydığı bəyanatda Fransa Prezidentinin fikirlərinin gerçəklikdən uzaq olduğu və tərəfsizlik prinsipini pozduğu vurğulanıb.
Qeyd olunub ki, Fransa BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin lehinə səs verib və həmin sənədlər Ermənistan silahlı birləşmələrinin işğal etdiyi ərazilərdən dərhal çıxarılmasını tələb edir. 30 ilə yaxın müddətdə bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulmuş və onlarla şəhərin və yüzlərlə kəndin işğal müddətində tamamilə dağıdılması səbəbindən bu günədək evlərinə qayıda bilmirlər. Ermənistanın basdırdığı minalar bu gün məcburi köçkünlərin normal dönüşünə və azad edilmiş ərazilərin bərpasına mane olur.
2020-ci ildə başlanmış sülh prosesi regionda davamlı sülhə gətirib çıxarmalı və bunun üçün 2020-ci il noyabrın 10-da götürülmüş öhdəliklərə zidd olaraq Qarabağ regionunda qalan Ermənistanın silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidir.
Diqqətə çatdırılıb ki, hadisələrin birtərəfli təsviri qəbuledilməzdir. Müharibə zamanı cəbhədən yüz kilometr uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin Ermənistan tərəfindən bombalanması nəticəsində yüzə yaxın dinc sakin, o cümlədən 13 azyaşlı qətlə yetirilib. Həmçinin iki yüz nəfərdən çox Azərbaycan vətəndaşı Ermənistanın basdırdığı minalar səbəbindən dünyasını dəyişib və ya xəsarət alıb. Amma erməni tərəfi bu gün də minaların xəritələrini tam təqdim etmir.
“İki ölkənin sülh sazişinə bu qədər yaxın olduğu bir ərəfədə, Fransa prezidentinin və bəzi fransız siyasi xadimlərinin mövqeyi prosesə daha da ziyan vurur. Eyni zamanda, bu cür mövqelər Azərbaycan cəmiyyətində Fransanın imicinə və ikitərəfli münasibətlərə mənfi təsir göstərir.
AAAF Fransa siyasi rəhbərliyini çıxışlarında təmkinli, tərəfsiz və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırır, - deyə bəyanatda qeyd edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir