25 oktyabr 2022 17:30
551

Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün gözlər Bakı-İrəvan sülh danışıqlarına dikilib

Türkiyə ilə Ermənistan arasındakı danışıqlar prosesi müsbət məcrada irəliləyir.

“İki sahil” xəbər verir ki, bu barədə “SABAH” qəzeti Türkiyənin diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün gözlər Bakı-İrəvan sülh danışıqlarına dikilib.

Diplomatik mənbələr iddia edib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanacağı təqdirdə, bu, bütün bölgənin xeyrinə olacaq.
Eyni zamanda, xüsusi nümayəndələr arasında növbəti görüşün Türkiyədə keçiriləcəyi vurğulanıb.

Diplomatik mənbələr Türkiyə ilə Ermənistan arasında tezliklə sərhədyanı ticarətin başlana biləcəyinin anonsunu da veriblər.

Qəzetin yazdığına görə, diplomatik mənbələr Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan danışıqlarının koordinasiyalı şəkildə aparıldığına diqqət çəkiblər. Belə ki, vurğulanıb ki, Azərbaycan-Ermənistan dialoqundakı axsama və irəliləyiş Türkiyə-Ermənistan danışıqlarına eyni ilə təsir edir.