Məlum olduğu kimi, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirildi. İlk öncə onu qeyd edim ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl qəbul edilib. Ötən 30 il ərzində ölkəmizdə çoxlu dəyişiklikər olub, dövlətimiz tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, qalib dövlət kimi dünyada mövqeyini möhkəmləndirib. Digər tərəfdən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə islahatlar həyata keçirilir və islahatların məntiqi nəticəsi olaraq siyasi sistem təkmilləşdirilir, iqtidar-müxalifət dialoqu həyata keçirilir. Ölkəmizin həyatında baş verən müsbət dəyişikliklər, yeni dövrün tələbləri, yaranmış yeni konfiqurasiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul edilməsini vacib edirdi.
Bu fikirləri KİV-ə açıqlıamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
S.Qurbanov Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsini müsbət hal kimi dəyərləndirib: “Şəffaf şəkildə təşkil edilən və bütün maraqlı tərəflərin iştirak etdiyi ictimai müzakirə Milli Məclis tərəfindən ortaya qoyulan plüralizm nümunəsi oldu. Ali qanunverici orqan siyasi sistemdə iştirak edən bütün partiya təmsilçilərinin yeni qanun layihəsi ilə bağlı düşüncələrini, təkliflərini, iradlarını açıq şəkildə ifadə etməsinə şərait yaratmaqla ictimai müzakirədə, ictimai rəyi öyrənməkdə maraqlı olduğunu təsdiqləmiş oldu. Dinləmədə iştirak edən siyasi partiya nümayəndələri hazırlanan qanun layihəsi ilə bağlı düşüncələrini, rəylərini, təkliflərini sərbəst şəkildə ifadə etdilər. İctimai müzakirə göstərdi ki, Milli Məclis xalqımızı narahat edən məsələlərlə bağlı istənilən müzakirələrə açıqdır və yeni siyasi konfiqurasiyaya uyğun olaraq bütün tərəflərin təklifləri dinlənilir. Hesab edirəm ki, Milli Məclis tərəfindən başlanan bu proses müsbət tendensiyadır və bu proses ictimai marağı daha dolğun ifadə etməyə, düzgün qiymətləndirməyə imkan yaradacaq”.
Komitə sədri hesab edir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsi Milli Məclislə siyasi partiyalar arasında əlaqələrin daha da təkmilləşdirilməsinə də xidmət edir: “Bu dinləmə Milli Məclislə siyasi partiyalar arasında münasibətlərin konstruktiv məcrada irəliləməsinə təkan olacaq. Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində yaranan yeni siyasi konfiqurasiya uyğun olaraq Milli Məclis də işini bu istiqamətdə qurur. Bu baxımdan siyasi partiyaların mövqeyinin açıq şəkildə ifadə etməsinə şəraitin yaradılması, vətəndaşların ictimai iştirakçılıq səviyyəsinin artırılması, qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması demokratik inkişafı təmin edən vacib amillərdir. Dinləmədə hər bir partiya rəhbərinin layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst şəkildə ifadə etməsi siyasi plüralizm nümunəsidir. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin parlament platformasında müzakirəsi çox müsbət haldır və bu addım gələcəkdə də cəmiyyətin sosial sifarişləri ilə bağlı ictimai müzakirələrin keçirilməsi üçün müsbət presedent yaradır. Bu isə ölkəmizdə dialoq mühitinin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edəcək.”
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib