"Ölkə başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatlar müasir dövrün çağırışlarındandır. Yeni inkişaf hədəfləri kontekstində «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu zəruri idi. Xatırladaq ki, mövcud «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını vacib edirdi. 24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində «Siyasi partiyalar haqqında» qanun layihəsi ilə bağlı Siyasi Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”. Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin parlamentin rəhbərliyində, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunmaları da, məhz, bu dialoq prosesinin nəticəsində mümkünləşib. Bu gün Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır.
Deputat diqqətə çatdırıb ki, siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran digər məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün şərait yaradılmışdır. Yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınmış, beynəlxalq təcrübəyə istinad edilmişdir.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib