27 oktyabr 2022 15:30
972

Bacı və qardaşdan 10 milyon avroluq ATALIQ İDDİASI

Türkiyədə izmirli iş adamı Zeki Sabuncu bir qadından olan iki övladından imtina etmək üçün Hollandiyaya qaçıb. Bacı-qardaş isə illər sonra atalıq iddiası qaldırıb. Məhkəmənin Hollandiyaya xəbər verməsindən sonra Hollandiya polisi Z.Sabuncunu tutaraq və DNT nümunəsi götürərək Türkiyəyə göndərib.

İzmirdə podratçı iş adamı Zeki Sabuncu 1991-ci ildə dini nigahla evləndiyi qadınla 7 il birlikdə yaşayıb. Həmin müddətdə onların iki övladları dünyaya gəlib. Bu gün qızlarının 30, oğlanlarının isə 24 yaşı var. Vətəndaşların nigahları olmadığından uşaqlar ananın himayəsinə keçib. Uşaqlar dünyaya gəldikdən sonra qadın israrla rəsmi nigah istəyincə Z.Sabuncu oğlunun doğulmasından bir neçə həftə sonra 1998-ci ilin iyulunda Hollandiyaya köçüb.

İstanbulda bir otelə şərik olan Sabuncunun Hollandiya və Türkiyədə tikinti və təmizlik şirkəti olduğu öyrənilib. Bacı və qardaş 10 milyon avro (186 milyon lirə) sərvəti olan atalarına qarşı İzmir 9-cu Ailə Məhkəməsində atalıq iddiası qaldırıblar. Dinləmələrə gəlməyən Z.Sabuncudan atalıq testi götürülə bilməyib.

Xaricdən ilk dəfə DNT nümunəsi götürülüb

Ötən il qüvvəyə minən qanuna əsasən, məhkəmə Türkiyədə bir ilkə imza atıb və Z.Sabuncudan DNT nümunəsinin götürülməsi üçün Rotterdam Baş Konsulluğuna məktub göndərilib. Konsulluq da vəziyyətlə bağlı Hollandiya polisinə məlumat verib. Z.Sabuncu ötən ilin aprelində Hollandiya polisi tərəfindən tutularaq DNT testinə aparılıb. Beləliklə Türkiyədə davam edən iddia çərçivəsində ilk dəfə xaricdə DNT nümunəsi götürülüb. 24 il sonra qaçaq atadan götürülən nümunələr İzmir Ədliyyə Tibb Qurumuna göndərilib.

Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə, aparılan testin nəticəsində iş adamının həmin bacı və qardaşın 99 faiz bioloji atası olması təsdiqlənib. Məhkəmə bacı və qardaşın iş adamının qeydiyyatına keçməsinə qərar verib.

Vəkil Varol Turbay isə açıqlamasında bunları deyib: "Türkiyədə davam edən məhkəmə iddiasında ilk dəfə xaricdə DNT nümunəsi götürülüb. Hollandiya polisi Zeki Sabuncunu tutaraq və DNT nümunəsini götürərək Türkiyəyə göndərib. İzmir Ədliyyə Tibb Qurumu da nəticələri çox tez bildirib. Xaricdə yaşayan atalar artıq DNT testindən yayına bilməyəcəklər.”

Vüsal Cahanov, “İki sahil”