Yunus Oğuzun müəllifi olduğu Azərbaycan və türk dillərində nəşr olunan kitab oxucular tərəfindən maraqla qarşılanır
Oktyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanının təqdimatı oldu.
Yazıçıların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin, həmçinin məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə romanın həm Azərbaycan dilində, həm də Türkiyə türkcəsinə uyğunlaşdırılmış nəşri təqdim olundu.
Tədbiri açan Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov iştirakçılara Yunus Oğuzun yaradıcılığı və tarixi romanda cərəyan edən hadisələr, obrazlar barədə geniş məlumat verdi. Diqqətə çatdırdı ki, “Cığır” tarixi romanı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə ithaf olunur: “Əsər Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq, 8 noyabr 2020-ci il tarixində bu şəhərin işğaldan azad edilməsinədək olan dövrü əhatə edir. Romanda Şuşa şəhərinin tarixindən, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra əldə olunan nailiyyətlərdən bəhs edilir.
Çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova romanın tarixi əhəmiyyətindən, xarakterik xüsusiyyətlərindən bəhs edərək bildirdi ki, “Cığır” yeni dövr Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biridir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində tarixi Zəfər qazandığını bildirən E.Qaragözova qeyd etdi ki, bu möhtəşəm Qələbə ilə bağlı yeni romanlar yazılmalıdır. Hazırda yazıçılarımız bu tarixi missiyanı uğurla yerinə yetirirlər.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək bildirdi ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri də Yunus Oğuzdur: “Onun uğurlu fəaliyyətini yüksək qiymətləndiririk. Kitabın müəllifi respublikanın müxtəlif bölgələrində görüşlər keçirib, romanın təqdimatını edib. Bu, xüsusən də bizim gənclərimiz arasında vətənpərvərlik duyğularının yaranması baxımından əhəmiyyətlidir, oxucuları da getdikcə artır. Bizim “Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri” Məslək Birliyi (İLESAM) ilə sıx əlaqələrimiz var. Bu təşkilata rəhbərlik edən Mehmet Nuri Parmaksız bizim dostumuzdur. Ona təşəkkür edirik ki, Azərbaycan ədəbiyyatının təbliğində, Türkiyədə tanıdılmasında böyük rol oynayır. Xüsusən də Yunusun bu əsərini çox gözəl üz qabığı ilə nəşr etdirdiyinə görə Mehmet Nuri bəyə minnətdarlığımızı bildiririk. Bu, əsərin türkcə nəşrinin ilk təqdimatıdır. İnanıram ki, biz Türkiyədə, İLESAM-ın ofisində, Türk Tarix Qurumunun binasında və digər müxtəlif məkanlarda bu kitabın təqdimatını edəcəyik. Yunus bəyi bir daha təbrik edir, gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıram.”
Romanın türkcəyə nəşrinə rəhbərlik edən İLESAM-ın sədri Mehmet Nuri Parmaksız tarixi romana böyük maraq olduğunu vurğuladı: “2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun mütləq qalibiyyəti ilə yekunlaşdı. Xalq orduya güvəndi, ordu xalqa arxalandı və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Zəfər tariximizin qələmə alınaraq yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Bu baxımdan Yunus Oğuzun “Cığır” tarixi romanı xüsusi önəm daşıyır.”
Tədbirdə kitabın bədii redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Yusifli, “Xalq qəzeti"nin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əflatun Amaşov çıxış edərək maraqlı tarixi romanın müəllifinə təşəkkür etdilər. Natiqlər nəşrlərin oxucularda dərin maraq oyadacağına, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətli rol oynayacağına əmin olduqlarını vurğuladılar.
Qələmə aldığı “Cığır” tarixi romanı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Yunus Oğuz haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, əsərdəki bütün obrazlar, əsasən öz isimləri ilə adlandırılıb. Romanın obraz çoxluğu və zənginliyi ilə seçildiyini vurğulayan kitabın müəllifi onu da bildirdi ki, “Cığır”ın əsas qayəsi Şuşanın “Zəfər yolu”na qədər qət etdiyi uzun yolla bağlıdır.
Sonda tədbir iştirakçılarına kitab hədiyyə edildi, xatirə şəkilləri çəkdirildi.
Cavid Əkbərov, “İki sahil”