04 sentyabr 2026 17:48
249

Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT

Tarixi abidələri və onların mühafizə zonalarını korlayan şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması təmin edilməlidir

Şuşada tarixi daşların üzərinə müxtəlif adların yazılması ilk baxışda ayrı-ayrı şəxslərin məsuliyyətsiz davranışı təsiri bağışlasa da, əslində daha ciddi ictimai və mənəvi problemdən xəbər verir. Şuşa Azərbaycanın sıradan şəhəri deyil. Bu şəhərin hər küçəsi, hər binası və hər daşı xalqımızın çoxəsrlik tarixinin, mədəni irsinin və milli yaddaşının bir parçasıdır. Həmçinin Şuşanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı ilə bağlıdır. Ona görə də, bu müqəddəs məkanda tarixi daşların üzərinə şəxsi adların yazılması sadəcə estetik qaydaların pozulması deyil, milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir. Azərbaycanda şəhidlərin adlarının əbədiləşdirilməsi üçün kifayət qədər abidələr, memorial komplekslər, parklar və xiyabanlar yaradılıb. Şəhidlərimizə ən böyük ehtiram onların uğrunda can verdikləri torpağın, tariximizin və mədəni irsimizin qorunmasıdır. Tarixi daşın üzərinə ad yazmaq isə xatirə yaratmaq yox, həmin irsin üzərinə şəxsi iz salmaq cəhdidir. Əsl hörmət isə iz buraxmaq deyil, mövcud izi qorumaqdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Aytən Qurbanova bildirdi. 

Şuşaya gələn hər bir ziyarətçi aydın şəkildə anlamalıdır ki,
bu şəhərdə davranış mədəniyyətinə xüsusi həssaslıqla yanaşmaq lazımdır.

Politoloq bildirdi ki, məsələnin digər mühüm tərəfi məsuliyyət problemidir. Tarixi və ictimai məkanlara icazəsiz yazıların yazılması müəyyən mənada “mən də burada olmuşam” düşüncəsinin məsuliyyətsiz ifadəsidir. Halbuki ictimai məkan şəxsi gündəlik deyil. İnsan öz xatirəsini fotoşəkillə, yazı ilə, paylaşımı ilə əbədiləşdirə bilər, lakin bunun üçün ümumi istifadədə olan tarixi obyektə zərər vurmaq yolverilməzdir. Dünyanın bir sıra şəhərlərinin təcrübəsi də göstərir ki, nəzarətsiz qrafiti zaman keçdikcə şəhərin memarlıq simasını korlayan ciddi problemə çevrilə bilir. Xüsusilə tarixi binaların və qədim daş səthlərin təmizlənməsi həm böyük vəsait tələb edir, həm də bəzi hallarda onların ilkin görkəmini tam bərpa etmək mümkün olmur. Qrafitinin müəyyən olunmuş məkanlarda sənət forması kimi təqdim edilməsi ilə tarixi abidənin üzərinə icazəsiz yazı yazılması arasında isə prinsipial fərq var. Birincisi yaradıcılıqdır, ikincisi isə tarixi mühitə müdaxilədir. Ona görə də, Şuşaya gələn hər bir ziyarətçi aydın şəkildə anlamalıdır ki, bu şəhərdə davranış mədəniyyətinə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Eyni zamanda, tarixi abidələri və onların mühafizə zonalarını korlayan şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması təmin edilməlidir. Çünki məsuliyyətin labüdlüyü təmin olunmadıqda ictimai qınaq da təkbaşına kifayət etmir. Unutmamaq lazımdır ki, tarix yalnız kitab səhifələrində deyil, daşlarda, binalarda, küçələrdə və məkanlarda da yaşayır. Bu məkanların qorunması isə dövlətin olduğu qədər cəmiyyətin də borcudur.

Ekspert vurğuladı ki, Şuşa bizdən öz adımızı daşlara yazmağı deyil, həmin daşların üzərindəki tarixi gələcək nəsillərə olduğu kimi çatdırmağı tələb edir. Şəhidlərin ruhuna ən böyük ehtiram isə onların azad etdiyi torpağı qorumaq, Şuşanın tarixi simasına toxunmamaq və milli yaddaşımızı şəxsi izlərimizlə deyil, məsuliyyətli davranışımızla yaşatmaqdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”